“Bakı Birlik Təşkilatı” İctimai Birliyinin sədri, "Youtube”dakı "KimTV” kanalının aparıcısı Abid Qafarov 1 il azadlıqdan məhrum edilib. İyulun 13-də Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyilə çıxarılan hökmə əsasən, Abid Qafarov Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinib. Hər bir maddə üzrə ona 6 ay həbs cəzası təyin edilib.
Abid Qafarova qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıran 7 nəfər müharibə veteranından 4-ü sonradan şikayətini geri götürüb. Digərləri isə ərizədə iddia edib ki, Abid Qafarov qaziləri təhqir edib, onları "müti” adlandırıb.
Abid Qafarov isə bu iddianı əsassız sayır. O, həbsindən öncə məhkəmənin binası qarşısında jurnalistlərə açıqlamasında bildirib ki, çıxışında qaziləri təhqir etməyib, kimsənin adını çəkməyib. Əksinə, müharibə iştirakçılarının hüquqlarının pozulmamasıyla bağlı istəyini dilə gətirib. O hesab edir ki, Tərtər hadisələrilə bağlı araşdırmalarına görə cəzalandırılır və bu məqsədlə qazilərdən istifadə olunur:
"Bunu edənlər də Tərtər cinayətlərində əli olan məmurlardır”.
Abid Qafarovun vəkili Elçin Sadıqov bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.
Abid Qafarovun Tərtər hadisələrini araşdırdığına görə təqib edildiyinə dair iddialarını nə fərəcədə əsaalı saymaq olar?
Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, “Tərtər işi” adlı bir məfhumun işlədilməsi doğru deyil: “Bunun adı “casus işi”dir. Yəni ordudakı casusların aşkarlanması üçün aparılan ümumi əməliyyat olub. Bu proses uzun illər ərzində gedib. Sadəcə, qığılcım Tərtər istiqamətində baş verdiyindən və istintaqın ilkin mərhələsi həmin istiqamətdə aparıldığı üçün həmin işə şərti olaraq belə ad veriblər. Əslində, uzun illər imiş ki, Ermənistan hərbi kəşfiyyatı Azərbaycan Ordusunun ön xətdə olan hərbi qulluqçularının əməkdaşlığa cəlb edilməsi üçün irimiqyaslı tədbirlər həyata keçirirmiş. Bu istintaqın aparılmasında ciddi qanunsuzluqlara yol verilib. Bu məlum olandan sonra dövlətin əlaqədar qurumları da istintaq zamanı yol verilən qanun pozuntularının araşdırılması üçün lazımi addımlar atıb. Sözügedən cinayət işinin yenilənməsi çox vacibdir. Buna görə bir çox şəxslər həbsdən azad edilib, bəraət alanlar var. Nöqsanlara yol verənlər məsuliyyətə cəlb olunub. Razıyam ki, bu işə diqqətin artmasında ictimai fəalların, jurnalistlərin böyük rolu olub. Ancaq etiraf edim ki, həmin araşdırmaçıların içində mən Abid Qafarov adlı adama rast gəlməmişəm. İzlədiyimdən məlum olub ki, bu adamın həbsi tam başqa motiv üzərindədir. O, konkret olaraq qaziləri təhqir etdiyinə görə azadlıqdan məhrum olunub. Tərtər işinin tam açılmasında dövlətin özü maraqlıdırsa, niyə bunu araşdıran kimisə təqib etməlidir?”
Məhəmmədəli QƏRİBLİ