Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Qərb Rusiyaya hücum üçün strateji plan hazırlayır. Rusiyalı həmkarı Vladimir Putinlə Qərb ölkələrinin Rusiyaya hücum planlarını müzakirə etdiyini bildirən Lukaşenko bu barədə hərbi ali məktəblərin məzunlarının və yüksək rütbəli zabitlərin təltif edilməsi mərasimində danışıb. Belarus prezidentinin sözlərinə görə, bu planlara Ukrayna və Belarus ərazisinə zərbə endirmək daxildir:
“Bu yaxınlarda - dünən biz bunu Rusiya Federasiyasının Prezidenti ilə ətraflı müzakirə etdik - Rusiyaya hücum üçün strateji planlar hazırlanıb. Bunun əsas istiqaməti isə Ukrayna və Belarusdan keçir”. Xatırladaq ki, bazar ertəsi Rusiya və Belarus prezidentləri arasında telefon danışığı olub. Ölkə liderləri postsovet məkanındakı vəziyyəti, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatının gedişini, eləcə də Kalininqrad vilayətinə yük tranziti məsələsini müzakirə ediblər.
Onu da qeyd edək ki, bundan əvvəl Litvanın Kalininqrad vilayətinə yüklərin tranzitini dayandırması fonunda Lukaşenko Moskva və Minskin malları “heç bir müharibə və gərginlik olmadan” regiona çatdırmaq üçün kifayət qədər qüvvə və vasitəyə malik olduqlarını bildirmişdi.
Maraqlıdır, belə məxfi məlumatları Lukaşenkoya kimlər ötürür?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Lukaşenko təsadüfən belə bəyanatlar vermir: “O bu müharibədə açıq şəkildə Rusiyanın yanındadır. Bunu həm əməldə, həm də bəyanatlarında göstərir. Bu yaxınlarda Polşaya zərbə endirə biləcəklərini demişdi. Təbiidir ki, bunları Putinlə məsləhətləşib danışır. Məlumat var ki, Ukraynaya silah Polşadan ötürülür. Lukaşenko bugünlərdə deyib ki, Qərb qonşularının ordularını sərhədə yığmasına baxmayaraq, Minsk dinc dialoqa yönəlib. Əslində o, Rusiyaya bütün lazımi dəstəyi verib, təkcə Belarus qoşunlarının Ukrayna ərazisindəki əməliyyatlarda birbaşa iştirakı istisna olmaqla. Rusiyalı təcavüzkarlar Kiyevə Belarus ərazisindən hücuma keçiblər. Belarus hava məkanından Ukraynaya raket və hava zərbələri endirilir. Polşa Belarusla sərhəddə hasar çəkir. Bu da daxili auditoriyada yaxşı qarşılanmır. Buna görə də Lukaşenko informasiya müharibəsində Rusiyanın tezislərini səsləndirir. Ən başlıcası isə demək istəyir ki, Rusiya tək Ukrayna ilə vuruşmur. Dolayı yolla bu müharibəni NATO-nun apardığına işarə edir. Lukaşenkonun səsləndirdiyi bəyanatların məzmun baxımından heç də hamısı blef deyil. Rusiyanın əldə etdiyi kəşfiyyat məlumatları da, məhz Lukanşenkonun dili ilə səslənir. Bir sözlə, hazırkı dönəmdə Lukaşenko Rusiya üçün Jirinovskilik edir. Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın Ukraynaya qarşı başlatdığı savaşda KTMT və MDB-dəki bəzi müttəfiqlərinin gözləmə mövqeyi tutduğunu söyləyib.
Aleksandr Lukaşenkonun fikrincə, hazırda Belarus və Rusiyanın daxil olduğu iqtisadi və siyasi ittifaqları parçalamaq üçün ciddi cəhdlər edilir. O, ölkəsinə təkcə hərbi-siyasi yöndə deyil, iqtisadi və informasiya sahəsində də təzyiqlərin artdığını vurğulayıb”.
Məhəmmədəli QƏRİBLİ