İyunun 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla ilk dəfə telefon danışığı aparıb. Ərdoğanın ofisindən yayılan rəsmi məlumatda bildirilir ki, hər iki lider bir sıra məsələlərdə razılaşma əldə edib. Bu razılığa görə, üçüncü ölkələrin vətəndaşları Ermənistan-Türkiyə sərhədindən istifadə imkanı əldə edəcək.
Bundan başqa, Nikol Paşinyan Türkiyə Prezidentini Qurban bayramı, Ərdoğan isə Paşinyanı qarşıdan gələn Vardavar bayramı münasibətilə təbrik edib. Liderlər Ermənistanla Türkiyə arasında hava yükdaşımalarının ən qısa zamanda qurulması barədə də razılığa gəliblər.
Ərdoğanla Paşinyanın danışığında daha bir razılaşma əldə olundusa, sonrakı addım Zəngəzur ola bilərmi?
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Nikol Paşinyanla Rəcəb Tayyib Ərdoğanla arasındakı telefon danışığı Azərbaycan üçün müsbət hadisədir: “Nəzərə alsaq ki, Ermənistan və Türkiyə nümayəndələri arasında aparılan danışıqlarda da müsbət nəticələr var, onda bu telefon danışığı da irəliləyişə, yeni razılaşmaların əldə olunmasına gətirib çıxara bilər. Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşması həm Qərbin, həm də Rusiyanın marağındadır. Nə qədər səmimi olduqlarını gələcək göstərəcək. Türkiyənin bu məsələdə nəticə əldə etməsi onun Cənubi Qafqazda möhkəmləməsinə səbəb olacaq. Bu da Azərbaycanın maraqlarına tam uyğundur. Bu danışıqlar bizimlə Ermənistan münasibətlərinin normallaşmasında da müsbət rol oynayır. Zəngəzur dəhlizi ilə bağlı çətinlik tərəflərin fərqli yanaşmasındadır. Biz istəyirik ki, həmin dəhlizə Ermənistan nəzarət etməsin. Ermənistan isə Zəngəzur dəhlizində özünün gömrük və sərhəd qoşunlarının nəzarətinin olmasını istəyir. Təəssüf ki, həm Rusiya, həm Avropa, həm də ABŞ bu mövqeyi dəstəkləyir. Ermənistan dəhliz sözündən qorxur. Belə təsəvvür yaradırlar ki, bu şərtlərlə dəhliz reallaşsa, ölkənin suverenliyi təhlükə altına düşür. Əslində bu yanlışdır. Çünki dünyada Şimal-Cənub, Şərq-Qərb adında dəhlizlər var. Bunlar heç bir ölkənin suverenliyinə mane olmur. Zəngəzurla bağlı mövqeyimiz qətidir. Zəngəzura hansı status verəcəklərsə, biz də Laçın dəhlizinə həmin statusu verəcəyik. Bu anlaşılmazlıq prosesi ləngidir. Eyni zamanda, Ermənistan öz ərazisindəki lazımi infrastrukturu qurmaq üçün maliyyə tapa bilmir. Ümid edək ki, Türkiyə ilə Ermənistan arasında olan danışıqlar bu prosesi sürətləndirəcək”.
Məhəmmədəli QƏRİBLİ