Qarabağdakı separatçılar özlərini oda-közə vurub nəyəsə nail olmaq istəyirlər, lakin artıq onların bu cəhdləri iflasa uğrayır. Onlar təxribatlarını daha çox kino sahəsində həyata keçirirlər ki, bəlkə bu vasitə ilə nəsə əldə edə bildilər. Ermənilər Qərb ölkələrində və onlarla isti münasibətləri olan ölkələrdə keçirilən beynəlxalq kino festivallarına müxtəlif filmlər göndərirlər. Hətta bu başabəla filmlər arasında mükafat qazananlar da var.
Xeyli müddət əvvəl erməni rejissor Nora Martirosyanın Qarabağ haqqındakı separatçı ruhlu “Külək sakitləşəndə” bədii filmi Hindistanda keçirilən 19-cu “Pune” beynəlxalq film festivalında (PIFF) “ən yaxşı beynəlxalq film” nominasiyasında “Prabhat” mükafatını qazandığı məlumdur. İndi Nora və onun dəstəsi bu qondarma filmi Qırğızıstanda keçirilən kino festivalına da daxil etmək istəyirlər. İyulun 8-i Bişkekdə yerləşən Kino Evində rejissor Nora Martirosyanın “Külək sakitləşəndə” filminin nümayişi planlaşdırılsa da, filmin nümayişi ləğv edildi. Fransa, Ermənistan və Belçikanın birgə istehsalı olan qondarma film erməni təxribatının daha bir aləti olaraq təqdim edilməli idi, amma bu baş vermədi. Təbii ki, Azərbaycanın müraciəti və təzyiqi əsasında film festivaldan kənarlaşdırılıb.
“Erməni təxribatının qarşısı bu birlik nəticəsində hər zaman alınacaq”
AVCİYA-nın vitse-prezidenti Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, erməni saxtakarlığı və erməni təxribatı hər zaman olub. Xüsusilə də Çar Rusiyası dövründə və Sovet illərində bilavasitə rəhbər şəxslərin dəstəyi ilə erməni yalanlarının ayaq açıb yeridiyini deyən M.Zülfüqarlının sözlərinə görə, Azərbaycan daim imkan daxilində onlara cavab versə də, bu yalanlar indiyə qədər bütün Qərb dünyasında, keçmiş SSRİ məkanında davam edir. Bunun əsas səbəbi odur ki, erməni yalanlarını müasir dövrdə Qərb mərkəzləri eşitmək istəyir. Yəni onlar eşitmək istədiklərini eşidirlər, eşitmək istəmədiklərini eşitməzliyə vururlar. Biz həqiqətləri deyəndə bizə qulaq asmırlar. Burada Qərb mərkəzlərinin maraqları, xristian təəssübkeşliyi var. Müsəlman dünyasına qarşı nifrət bəsləyən Qərb mərkəzləri ki var, onlar erməni yalanlarına qucaq açırlar. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu saxtakarlığa qarşı mübarizə aparır. Mən özüm bir neçə tədbirdə bunun şahidi olmuşam. Beliçkada Qarabağla bağlı dinləmələrdə olmuşam bir tarixçi kimi orada gördüm ki, Azərbaycanın səyləri nəticəsində çıxış edən deputatların əkəsriyyəti Azərbaycan həqiqətlərini müdafiə ediblər, ABŞ konqresində də dinləmələrdə olmuşam, görülən işlərin nəticə verdiyini görmüşəm. Bəzən deyirlər ki, erməni diasporu güclüdür, xeyr. Biz iş görəriksə nəticəsi olur. Görülən işlərin nəticəsini biz Qırğızıstan festivalında gördük ki, saxta filmin nümayişinin qarşısı alındı. Düzdür, bu bir tərəfdən də qardaş Qırğızıstanın bizə qardaş məhəbbətindən irəli gəlir. Bu türk dünyanın həmrəyliyinin göstəricisidir. Azərbaycan dövlətinin, diplomatların, ziyalıların, siyasilərin, tarixçilərin gördüyü iş nəticə verir. İndi əvvəlki illərə nisbətən bu sahədə işlər gücləndirilib. Erməni təxribatının qarşısı bu birlik nəticəsində hər zaman alınacaq”.
M.Zülfüqarlı qeyd etdi ki, biz arxayınlaşmamalıyıq, çünki erməni təxribatı hər an davam edir, ayıq-sayıq olmalıyıq: “Ermənilər bu qondarma filmi hansı ağılla Qırğızıstan festivalına göndərmişdilər bilmirəm, amma böyük uğursuzluğa düçar oldular. Türk dünyası yaxşı bilir ki, “Arsax” deyilən bir nəsnə yoxdur və o ərazilər Azərbaycanın ayrılmaz parçasıdır. Bunu dərk etmək elə də çətin deyil”.
İradə SARIYEVA