Belarus Baş Qərargah rəisinin müavini Ruslan Kosıgin deyib ki, Qərbin mümkün provokasiyasında Belarus qüvvələri Polşa infrastrukturuna zərbə endirəcək. O bildirib ki, Baltik ölkələri kimi, Polşa da ABŞ-ın Rusiya və müttəfiqlərinə qarşı qanlı müharibə başlatması üçün poliqona çevrilir:
“Bunu ilk növbədə Polşa rəhbərliyi başa düşməlidir. Münaqişə baş verəcəyi təqdirdə Polşa ərazisi hərbi infrastrukturu ilə birlikdə zərbənin əsas hədəfinə çevriləcək”.
Belarusun bu hədəsi realdır, yoxsa blef?
Hərbi-siyasi ekspert ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Ukraynaya qarşı təcavüzün həyata keçirilməsində artıq Rusiya ilə əlbirdir: “Əslində, o, Rusiyaya bütün lazımi dəstəyi verib, təkcə Belarus qoşunlarının Ukrayna ərazisindəki əməliyyatlarda birbaşa iştirakı istisna olmaqla. Rusiyalı təcavüzkarlar Kiyevə Belarus ərazisindən hücuma keçiblər. Belarus hava məkanından Ukraynaya raket və hava zərbələri endirilir. Bununla belə, Lukaşenko hələ də sonuncu qırmızı xətti keçməməyə çalışır. Qəzəbli rusiyapərəst ritorikasına baxmayaraq, Belarus qoşunlarını təcavüzdə iştirak etməyə göndərməkdən çəkinir. Belarusun belə bir dəstəyi Rusiya üçün faydalı olardı. Lakin Lukaşenko yaxşı bilir ki, belə bir addım onun rejimini iflasa sürükləyəcək. Hərbi baxımdan heç bir döyüş təcrübəsi olmayan kiçik Belarus ordusunun Ukraynada uğur qazanmaq şansı minimaldır. 2020-ci il prezident seçkiləri zamanı baş verənlər göstərdi ki, Lukaşenkonun nüfuzu belaruslar arasında o qədər də yüksək deyil. Ona görə də, onları Ukraynaya qarşı təcavüzdə iştiraka məcbur etmək yeni kütləvi etirazlara səbəb ola bilər. Lukaşenko maksimum çalışır ki, Belarus ordusunun Ukraynaya hücumda iştiraka cəlb edilməsi prosesini ləngitsin. Hələlik o bunu bacarır. Belə olan təqdirdə Belarusun Polşaya hərbi hücum etməsi nə dərəcədə inandırıcı görünə bilər? Polşa Belarusla sərhəddə divar çəkir. Bu da daxili auditoriyada yaxşı qarşılanmır. Belarusun Polşaya yönəlik açıqlaması informasiya blefindən başqa nəsə deyil. Ukraynaya hərbi təcavüz etməyə cəsarəti çatmayan Belarusun Polşaya qarşı belə addım atacağı inandırıcı deyil”.
Məhəmmədəli QƏRİBLİ