Ermənistanda növbəti dəfə etiraz aksiyası keçirilib. Bir vaxtlar Azərbaycan torpaqlarında qanunsuz məskunlaşmış və Qarabağ müharibəsi zamanı qaçan ermənilər hökumət binası yaxınlığında oturaq aksiya təşkil ediblər. Əsasən Qarabağdan Ermənistana köçən ermənilər oturaq piket keçirib tələb edirlər ki, Ermənistan dövləti onlara "qaçqın" statusu verməlidir.
Onların fikrincə, etiraz aksiyası uzunmüddətli olacaq. Etirazçı ermənilər havada qaldıqlarını bildirərək, onlara "qaçqın" statusunun verilməməsindən gileyləniblər. Onlar həmçinin anormal və təxribatçı çağırışlar edərək Ermənistan hakimiyyətini Azərbaycan ərazisi olan Qarabağın "müstəqilliyini" tanımağa və ya İrəvana birləşməsini elan etməyə çağırıblar. “Hadrut naminə” qeyri-hökumət təşkilatının sədri Levon Hayriyan deyib ki, piket iştirakçılarının əsas hissəsi Hadrutdan qaçan ermənilərdən ibarətdir. Aksiya iştirakçıları arasında Şuşada məskunlaşmış keçmiş "sakinlər" də var. Görünən odur ki, həmin ermənilər özlərini guya "qaçqın" düşən "Arsax" vətəndaşları kimi beynəlxalq aləmə sırımaq istəyirlər. Onların bu tələblərini nə dərəcədə əsaslı saymaq olar?
“Ermənistan hakimiyyətinin qarabağlı ermənilərə “qaçqın” statusu verməyə cürəti çatmaz”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev hesab edir ki, Hadrut və Şuşa ermənilərinin Ermənistan hökumətindən hər hansı bir status istəmələri, “qaçqın” kimi qeydiyyata alınmaları yönündəki tələbləri məntiqsiz bir məsələdir: “Sadəcə məsələ ondan ibarətdir ki, Qarabağdan çıxaraq Ermənistanda məskunlaşan həmin şəxslər “qaçqın” statusu almaq və bu statusdan yararlanmaq niyyəti güdürlər. O cümlədən, sonrakı müddətdə Ermənistandan xarici ölkələrə mühacirət etmələri üçün guya əllərində “əsas” olduğunu göstərməyə çalışırlar. Lakin Ermənistan hökuməti onları “qaçqın” kimi tanımaq fikrində də deyil. Belə erməniləri öz kirli siyasi məqsədləri üçün istifadə edən bir qrup revanşist qüvvələr də mövcuddur ki, onlar həmin vasitə ilə öz siyasi maraqlarını güdməyə çalışırlar. Məlumdur ki, Ermənistanda Qarabağ erməniləri klanına mənsub revanşistlər mövcuddur. Onlar Paşinyan iqtidarına qarşı müxtəlif yöndə mübarizə aparmaq niyyətlərindədirlər. Həmçinin, Qarabağdan çıxan erməniləri də özlərinə siyasi alət etmək üçün onları “qaçqın” statusu almaq yönündə qızışdırırlar. Ancaq fakt budur ki, istər üçtərəfli bəyanata əsasən, istərsə də beynəlxalq hüquq baxımından Qarabağ Azərbaycanın tərkib hissəsidir və əgər Qarabağdan çıxan ermənilər münaqişədən əvvəl də bu ərazilərdə, yəni ölkəmiz hüdudlarında qeydiyyatda olublarsa, bu zaman “qaçqın” kimi Ermənistan hökumətinə deyil, vətəndaş olmaq üçün Azərbaycan dövlətinə müraciət etməlidirlər. Regionda vəziyyət dəyişib və paralel olaraq 30 illik işğalçılıq siyasəti də kökündən məhv edilib. Üstəlik, dəfələrlə vurğulanıb ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdırlar və onların hüquqları da ölkəmizin qanunları əsasında tənzimlənir. Bu baxımdan, hesab edirəm ki, onlar ünvanlarını və məqsədlərini səhv salıblar. Yəni qondarma “qaçqın” olmaqdansa tamhüquqlu vətəndaş kimi daha doğru seçim edə bilərdilər. Yox, əgər Azərbaycan vətəndaşı olmaqdan imtina edirlərsə, onda daha yaxşı olardı ki, Ermənistan hökumətinə vətəndaş olmaq üçün müraciət etsinlər”.
Politoloq onu da qeyd etdi ki, erməni hökuməti onlara heç vaxt istədikləri “qaçqın” statusunu verməyəcək və buna cürəti də çatmaz.
Vidadi ORDAHALLI