Rusiyanın Novorossiysk məhkəməsi ekoloji qaydaların pozulması səbəbi ilə Xəzər Boru Kəməri Konsorsiumunun fəaliyyətini bir ay dayandırıb. Ümumiyyətlə, Ukrayna müharibəsi başladıqdan və bununla bağlı Qazaxstanın mövqeyində Moskvanı qane etməyən məqamların təzahüründən sonra Xəzər Boru Kəməri Konsorsiumu ətrafında qəribə hadisələr baş verir.
Martın sonları terminalın 3 liman qurğusundan ikisinin fəaliyyəti qasırğadan zərər gördükləri səbəbilə dayandırılıb. Onların fəaliyyəti 1 ay sonra bərpa edilib. Bu müddət ərzində qazax neftinin ixracında ciddi azalma baş verib.
İyunun 15-də dənizdə İkinci Dünya müharibəsindən qalmış minaların aşkarlanması səbəbi ilə yenə 3 liman qurğusundan ikisinin fəaliyyəti dayandırılıb. Üçüncü dayandırılma qərarı məhkəmə müstəvisində verilərək hər üç qurğuya şamil edilib və 30 sutka qüvvədə olacaq. İyulun 6-da Qazaxıstanın ən böyük neft yataqlarından biri olan Tengizdə partlayış oldu. Tengiz neft-qaz yatağı Qazaxıstanın ən böyük yataqlarından biridir. Neft ehtiyatları 3,2 milyard ton qiymətləndirilir.
Maraqlıdır, Rusiya ilə ard-arda yaşanan bir sıra anlaşılmazlıqların və üstəgəl Qazaxıstanın öz enerji resurslarını alternativ marşrutlarla dünya bazarına çıxarmasının müzakirə olunduğu bir vaxtda Tengizdə baş verən partlayışı sıradan bir qəza hesab etmək olarmı?
“Bu o deməkdir ki, iki ölkə arasında məsələlər daha gərgin müstəviyə qədəm qoyur, qarşıdurma daha kəskin fazaya keçir”
Məsələyə münasibət bildirən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafayevin fikrincə, Tengiz yatağında baş verən partlayışı sıradan bir qəza hesab etmək doğru olmaz: “Son vaxtlar Rusiya ilə Qazaxıstan arasında ciddi fikir ayrılıqları yaşanır. Rusiya Qazaxıstan neftinin ixracını əngəlləmək üçün ard-arda müxtəlif qərarlar qəbul edir. Belə olan halda Qazaxıstan alternativ variantlar üzərində düşünür. Bu zaman Rusiya daha odioz yollara əl atır. Fikrimcə, Tengizdə baş verən partlayış qəza yox, törədilən partlayışdır. Çox güman, bunun arxasında Rusiya dayanır. Çünki Rusiya fərqindədir ki, Avropa İttifaqı Rusiyadan enerji asılılığını artırmaq üçün müxtəlif variantlar üzərində işləyir. Rusiya da bunun qarşısını almaq üçün belə təxribatlar törədir. Bu həm də o deməkdir ki, Rusiya və Qazaxıstan arasında məsələlər daha gərgin müstəviyə qədəm qoyur. Qarşıdurma daha kəskin fazaya keçir. Çünki Tengiz neft yatağında baş verən partlayış ən sonuncu atılan addımdır. Təəssüflər olsun ki, Rusiya buna belə gedir. Çünki Rusiyadan nə desən gözləmək olar. Başqa bir dövlətin suveren ərazisinə təcavüzdən tutmuş, istənilən təxribatı Rusiyadan gözləmək mümkündür. Ona görə də baş verən hadisələr arasında sıx əlaqə var”.
Əli Mustafayev hesab edir ki, Rusiyanın Qazaxıstana yönəlik növbəti təxribatları gözlənilir.
Vidadi ORDAHALLI