Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Erməni tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmaların icrasının praktiki aspektlərinin müzakirəsi davam etdirilib.
O cümlədən Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi, Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin bərpası məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nikol Paşinyan Vladimir Putini Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşmasına yönəlmiş son təmaslar barədə məlumatlandırıb.
Məlumdur ki, son günlər Suriyada Rusiya ilə Türkiyə arasında müəyyən gərginlik hiss edilir. Ermənistan da Rusiyanın forpostu sayılan ölkədir. Xüsusilə də xarici siyasətlə bağlı məsələlərdə Rusiyanın məsləhəti olmadan hansısa addımı ata bilmir. Ola bilərmi ki, Putin Suriyadakı vəziyyətə görə Paşinyana Türkiyə ilə yaxınlaşmanı bir qədər gecikdirməklə bağlı tapşırıqlar versin və son telefon danışığının əsas mövzusu məhz bu olsun?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Türkiyə ilə Ermənistan arasında sərhədlər 1992-ci ildə bağlanıb: “ Bunun səbəbi isə Ermənistanın Azərbaycana qarşı aqressiv siyasəti idi. Həmçinin qardaş dövlətə qarşı qondarma erməni soyqırımı iddiası, əsassız ərazi iddiaları, xarici ölkələrdə, o cümlədən ABŞ-dakı, Fransadakı erməni lobbisinin fəaliyyəti və başqa məqamlar tərəflər arasındakı münasibətlərə təsir edirdi. Paşinyan Kremli heç vaxt bəyənməyib. Amma siyasi reallıqlar başqadır. İrəvan Moskvanın maraqlarına zidd davrana bilməz. Paşinyan əvvəl bunu anlamasa da, sonradan ona başa saldılar. İkinci Qarabağ müharibəsi və Rusiyanın 44 gün ərzindəki neytrallığı Ermənistana yaxşı dərs oldu. Türkiyə- Ermənistan münasibətlərinin normallaşması özü də sadə proses deyil. 2007-ci ildə münasibətlərin bərpasına cəhd göstərmişdi. Lakin tərəflər bir-birilərinin tələbləri ilə razılaşmadığı üçün proses baş tutmadı. İkinci Qarabağ müharibəsindən sonra isə yeni reallıqlar yarandı. Ermənistanın çıxış yolunun Türkiyə ilə əlaqələrdən keçdiyini anlayır. Amma buna qarşı çıxanlar da az deyil. Rusiyanın proseslərin inkişafı üçün süni əngəllər yaratması da mümkündür. Çünki Rusiya ilə Türkiyə arasında bəzi regionlarda, o cümlədən Suriyada fikir ayrılıqları var. Bu, eskalasiya səviyyəsinə çatsa Rusiyanın Türkiyə- Ermənistan münasibətlərinin normallaşmasına mane olması gözləniləndir. Hazırda iki ölkənin Suriyada münasibətləri gərgindir. Böyük ehtimalla, Putin Paşinyana bu detalı çatdıtıb ki, Moskvanın başının üstündən heç bir iş görməsin. Çünki Rusiyanın Ermənistana ciddi təzyiq rıçaqları var”.
Məhəmmədəli QƏRİBLİ