Son vaxtlar Hindistanın Ermənistana yönəlik müsbət reveranslarının şahidi oluruq. Aydındır ki, Hindistanın bu gedişləri Pakistan amili ilə bağlıdır. Çünki Pakistanla gərgin münasibəti olan Hindistan həmin ölkənin Azərbaycanla münasibətlərindən çox narahatdır. Buna görə də, Cənubi Qafqaza məhz Ermənistan kartı ilə nüfuz etməyi düşünür.
Bugünlərdə Ermənistanda səfərdə olan Hindistan Xarici İşlər Nazirliyinin Qərb istiqamətinin katibi Sanjay Verman ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirib. Hindistanın XİN rəsmisi xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Mirzoyan qeyd edib ki, Hindistanla əlaqələrin hərtərəfli dərinləşdirilməsi və inkişafı Ermənistanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Məlum olub ki, Ermənistan-Hindistan hökumətlərarası komissiyasının son iclasından sonra ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişafı istiqamətində xeyli iş görülüb. Qarşılıqlı yüksək səviyyəli səfərlər baş tutub, beynəlxalq strukturlar çərçivəsində fəal əməkdaşlıq aparılır, biznes-forumlar, görüşlər təşkil olunub.
Azərbaycan bu gün Kəşmir məsələsində Pakistanı dəstəkləyir. Bu amilin də Hindistanın Ermənistana meyllənməsində ciddi rolu var. Hətta Hindistanın Ermənistana müasir silahlar vermək niyyətinin də olduğu məlumdur.
Hindistanın bölgədə Pakistan və Azərbaycan əleyhinə gedişləri nə vəd edir?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Hindistanın Cənubi Qafqazda balansı öz xeyrinə dəyişmək istəyi dənizə su daşımaq kimi bir şeydir: “Çünki Hindistanın geopolitik maraqlarında Cənubi Qafqazda təmsilçilklə bağlı nəsə yoxdur. Həm də Hindistanın bir element kimi təmsil olunduğu Çinə aid bütün layihələrin Cənubi Qafqazdan keçən hissəsi onların maraqlarına zidd deyil. Ancaq Hindistanın Ermənistanla yaxınlaşmasını bir neçə aspektdən dəyərləndirə bilərik. Birincisi budur ki, Hindistan Pakistanın bizimlə olan yaxınlığından narahatlığı olduğu üçün belə addımlar atır. Qeyd edim ki, Hindistandan fərqli olaraq, Pakistanın bəzi layihələrlə bağlı fərdi təşəbbüsü var. Bunun bir sıra tarixi səbəbləri də var. Məsələ burasındadır ki, ermənilərin bizim tarixi ərazilərimizə köçürülməsi həm də Hindistandan baş tutub. Hindistandan olan qaraçı ermənilərin bu ərazilərə köçünün olduğunu erməni mənbələrinin özləri də inkar etmir. Ən əsası isə, Kəşmirlə bağlı Azərbaycanın münasibətinə görə bir altetnativ ortaya qoyurlar. Azərbaycan bu məsələdə haqlı olaraq Pakistanı dəstəkləyir. Necə ki Qarabağ məsələsində Ermənistan təcavüzkar idi, Kəşmir söhbətində də Hindistan eyni rolu oynayır.
Məsələnin təəccüb doğuran tərəfi odur ki, Hindistan rəsmisi Ermənistanda Minsk Qrupunu dəstəklədiyini bildirib. Hindistan rəsmisi Qarabağ məsələsinin ATƏT-in Minsk Qrupu mandatı altında tənzimlənməli olduğunu bəyan edib. Mirzoyan isə, öz növbəsində, Hindistanın məlum mövqeyinə görə ona xüsusu təşəkkür edib. Bu fakt da təsdiqləyir ki, Hindistan, məntiqli oldu-olmadı, Azərbaycanın ziyanına nə varsa ona dəstək verir”.
Məhəmmədəli QƏRİBLİ