Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İspaniyada səfərdə olarkən bir sıra görüşlər keçirib. Hər zaman olduğu kimi, bu dəfə də Mirzoyan keçirdiyi görüşlərdə Azərbaycanın ünvanına böhtan xarakterli fikirlər səsləndirib.
Madriddə işgüzar səfərdə olan A.Mirzoyan İspaniya Krallığının xarici işlər naziri Xose Manuel Albares Bueno ilə görüşüb. Görüşdə regional təhlükəsizlik və sabitlik məsələləri müzakirə edilib. Mirzoyan ATƏT-in Minsk Qrupunun həmsədrliyinin nizamlanma prosesinin təşviqində və Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılmasında vasitəçilik rolunu vurğulayıb. Öz növbəsində, nazir Xose Manuel Albares Bueno qeyd edib ki, İspaniya Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh danışıqları yolu ilə hərtərəfli həllini dəstəkləyir.
İspaniyalı nazir hansı münaqişədən danışır? İspaniya indinin özündə separatizmdən əziyyət çəkən ölkədir. İllərdir Kataloniya vilayəti İspaniyadan ayrılmaq istəyir. Dəfələrlə buna görə ölkədə ciddi toqquşmalar baş verib. Bir sözlə, İspaniya separatizmin necə dağıdıcı mahiyyət kəsb etdiyini yaxşı bilir. Azərbaycan münaqişənin həll olunduğunu bəyan etdiyi halda, o zaman İspaniya rəsmisi nədən “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi işlədir?
“Mirzoyanın feyk informasiyalarına əsaslanaraq İspaniya nazirinin “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi işlətməsi biabırçılıqdır”
Məsələyə münasibət bildirən politoloq Tural İsmayılovun fikrincə, Ermənistan siyasi elitası xarici ölkə səfərlərində manipulyasiya ilə məşğul olurlar: “Əfsuslar olsun ki, bu gün dünyanın bir sıra dövlətləri fərqli coğrafiyalarda baş verən proseslər haqda yetkin biliyə malik olmadığı halda, hansısa ifadələr işlədirlər. Hesab edirəm ki, Mirzoyanın Madrid səfəri də daxil olmaqla getdiyi ölkələrdə ATƏT-in Minsk Qrupundan tez-tez bəhs etməsi Ermənistanın siyasi baxımdan necə rəzil vəziyyətə düşdüyünün açıq göstəricilərindən biridir. Çünki Minsk Qrupunun artıq yararsızlığı ilə bağlı həm Prezident İlham Əliyev, həm də Rusiya xarici işlər naziri Sergey Lavrovun konkret mövqeyi var. Digər tərəfdən, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında həm Avropa İttifaqı, həm də Rusiya vasitəçilik edir. Belə olan halda Minsk Qrupunu dirçəltməyin heç bir mənası yoxdur. Bunun yaxşı fərqində olan Ermənistan bundan sonrakı proseslərdə hansısa addımların atılmasından yayınmaq üçün belə spekulyasiyalarla məşğuldur. Üzərinə düşən öhdəlikləri yerinə yetirməmək üçün tez-tez Minsk Qrupundan bəhs edir. Başqa bir tərəfdən, İspaniya kimi dövlət bu məsələlərdə ehtiyatlı mövqedən çıxış etməlidir. Ona görə ki, İspaniya uzun illərdir həm bask separatçıları, həm də Kataloniyadakı separatçılar tərəfindən təhdid edilir. Belə olan bir vəziyyətdə Mirzoyanın feyk informasiyalarına əsaslanaraq İspaniya nazirinin “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi işlətməsi biabırçılıqdır. Bu, İspaniyanın timsalında böyük bir rüsvayçılıqdan xəbər verir. Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanaraq torpaqlarını işğaldan azad edib. O üzdən, bu gün regionda hansısa “Dağlıq Qarabağ münaqişəsi” mövcud deyil. Fikrimcə, bu, İspaniya siyasi rəhbərliyinin regional proseslərə və dünyadakı siyasi hadisələrə nə qədər qeyri-ciddi yanaşdığını göstərir. Məlum olur ki, İspaniya siyasi rəhbərliyi Qarabağda erməni separatizminin mahiyyətindən xəbərsizdir”.
Bundan sonra İspaniyanın hansısa separatçılıqdan danışmağa mənəvi haqqı yoxdur.
Vidadi ORDAHALLI