İkinci Qarabağ müharibəsindən sonra Ermənistan ordusunun darmadağın olması haqda Azərbaycan tərəfindən səsləndirilən fikirlərin artıq tam həqiqət olması reallıqda da öz əksini tapır. Araşdırmalar göstərir ki, ağır məğlubiyyətdən sonra nizam-intizamın daha da aşağı düşdüyü Ermənistan ordusunda qalmaqallı hadisələrin sayı getdikcə artır. Növbəti belə hadisələrdən biri Ermənistan ordusunun sərxoş zabiti tərəfindən törədilib.
Ermənistan mediası yazır ki, artilleriya alayının zabiti Gevork Petrosyan dostları ilə birgə içki məclisində xeyli spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə şəxsi avtomobili ilə yol-nəqliyyat hadisəsi törədib. Hadisə nəticəsində iki mülki şəxs xəsarət alıb. Zabit isə təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Digər məlumata görə, Ermənistan ordusunun Gorus rayonunda dislokasiya olunan bölmələrindən birində əsgərlər arasında koronavirus infeksiyası sürətlə yayılıb. Qeyd olunur ki, hərbi qulluqçular K.Gevorkyan və D.Petrosyan koronovirusa yoluxduqlarından bir neçə gündür yüksək temperaturdan əziyyət çəkirlər. Lakin postlarda şəxsi heyət çatışmadığından onlar tibb müəssisəsinə göndərilmir. Əsgərlərə hərarət endirən və ağrıkəsici iynələr vuraraq, onları yenidən postda xidmət aparmağa məcbur edirlər. Dözülməz vəziyyətlə üzləşən əsgərlər, belə davam edərsə, ya fərarilik, ya da özlərinə qəsd edəcəklərini bildiriblər. Ermənistan mediası yazır ki, bu günlərdə Ermənistan ordusunun əsgəri asılmış vəziyyətdə aşkarlanıb. Məlumata görə, əsgərin meyiti xidmət etdiyi hərbi hissədə aşkarlanıb. Onun intihar etdiyi bildirilir. Hərbi qulluqçunun ad və soyadı açıqlanmır. Qeyd edilir ki, əsgər bu ilin əvvəllərində hərbi xidmətə çağırılıb. Bundan əvvəl isə hərbi qulluqçu, 2002-ci il təvəllüdlü Roman Baqdasaryanın meyiti asılmış vəziyyətdə aşkarlanıb. Media qeyd edir ki, orduda acınacaqlı vəziyyətin aradan qaldırılması üçün heç bir addım atılmır. “168.am” nəşri yazır ki, əksinə, Nikol Paşinyan müharibə zamanı və ondan sonra xainlər axtararaq, geri çəkilmələrin, məğlubiyyətin günahını hər şəkildə ordunun üzərinə atmağa çalışıb: “Hazırkı vəziyyətə əsasən, 2020-ci il sentyabrın 20-dən noyabrın 9-na qədər gedən müharibə zamanı Ermənistanın müdafiə qabiliyyətinə, hərbi xidmətinə qarşı yönəlmiş ümumi cinayət halları ilə bağlı araşdırılan 1580-dən artıq cinayət işi üzrə, yüksək rütbəli zabitlər də daxil olmaqla, 628 şəxs təqsirləndirilən şəxs kimi cəlb olunub. Ermənistan Baş Prokurorluğundan deyirlər ki, həm kəmiyyət, həm də məzmun baxımından böyük həcmlərə sahib olan bi cinayət işlərinin istintaqları bir neçə əsas istaqmətdə həyata keçirilir: səfərbərlik hərbi çağırışı, komplektləşdirmə proseslərində yol verilmiş cinayət pozuntuları, müharibədən əvvəl və müharibə zamanı silah, hərbi məhsulların alınması zamanı mümkün korrupsiya sxemlərinin tətbiqi, strateji və taktiki səviyyələrdə silahlı qüvvələrin, onun ayrıca bölmələrinin əməliyyatlarının idarə olunması, həyata keçirilməsi zamanı cinayətkar çatışmazlıqlar, konkret vəziyyətdlərdə komandanlıq tərəfindən verilmiş əmrlərin, döyüş tapşırıqlarının yerinə yetirilməsindən imtina etmək hallarının, bunların səbəblərinin və nəticələrinin aydınlaşdırılması. Komandirlər arasında çatışmazlıqlar, vicdansız xidmət halları olub. Lakin burada əslində elə problemlər haqqında danışırlar ki, onların bir hissəsinin cavabdehi səfərbərlik uğursuzluğundan tutmuş müharibədən əvvəl və müharibə zamanı silah, hərbi məhsulların alınması işində mümkün korrupsiya sxemlərinin tətbiqinə qədər ölkə rəhbərliyidir. Bəli, müharibə günlərində ordunun komplektləşdirilməsi Nikol Paşinyanın günahı üzündən həyata keçirilməyib. Baş Qərargah rəisi komplektləşdirmə ilə məşğul olmur, bu məsələdə orduda cavabdeh hərbi komissarları ilə Müdafiə Nazirliyi, ölkədə isə baş nazir və ərazi bölmələri olan vilayət bələdiyyələri, icma rəhbərləridir. Yəni Paşinyan hərbi-siyasi məqsədlə resursların səfərbər edilməsi məsələsini özü uğursuz edib. Və müəyyən, yaxud konkret peşəyə, hazırlığa sahib olan bir çox şəxslər səfərbərliyə daxil edilməyib. Yaxud müəyyən hazırlığa sahib olan və belə desək, müəyyən vəzifələri tuta biləcək şəxslərə, bütün şəxslərə könüllü əsgər kimi getmək təklif edilib. Halbuki, müəyyən funksiyaları həyata keçirmək üçün hazırlanmış bir adamdan əsgər kimi istifadə etmək absurd idi və bu həyata keçirilib”. Portal qeyd edir ki, indi də orduda acınacaqlı vəziyyət davam edir və Silahlı Qüvvələr tənəzzül dövrünü yaşayır. Erməni hərbi ekspert Davit Camalyan bu xüsusda bildirir: “Müharibə nəticəsində orta komandanlıq heyətində də itkilərimiz olub, bu o deməkdir ki, bir çox vəzifələr bugünə qədər boş qalıb”. Onun sözlərinə görə, bu halda hazırkı komandirlərin üzərindəki yük təbii olaraq daha böyükdür: “Bundan başqa, müharibədən sonra silahlı qüvvələrin döyüş qabiliyyəti azalmışdı və indi onu bərpa etmək problemi qarşısındadırlar. Ordu yaralıdır. Orduda döyüş qabiliyyəti pozulubsa, bu da birbaşa olaraq nizam-intizam xarakterli pozutulara gətirib çıxarır”. Erməni ekspert bildirib ki, döyüş qabiliyyətinin azalması mənəvi-psixoloji problemlər də yaradır ki, bütün bunlara diqqət yetirilməlidir.
Samirə SƏFƏROVA