Rusiya və mövcud Ermənistan hakimiyyəti arasında münasibətlərin getdikcə gərginləşməsi müşahidə edilir. Erməni mediası yazır ki, bunun son nəticədə elə Ermənistan üçün ağır sonucları olacaq. Xüsusən də Nikol Paşinyan iqtidarının Qərb qüvvələrini regiona gətirmək niyyəti fonunda bu məsələ özünü qabarıq büruzə verir.
Baş verənlərlə bağlı “armenianreport” portalı yazır: “Nikol Paşinyanın Fransa və Belçikaya səfəri oldu. Bununla o, öz siyasi ölümünə qol çəkdi. Bəzən sonunu sürətləndirməmək üçün bu tip xarici səfərlərdən çəkinmək gərəkdir. Ermənilər hər gün Nikola qarşı sürülən çoxlu sayda ittihamların şahidi olurlar. Şübhəsiz ki, o, sudan quru çıxmaq üçün çoxlu sayda yalan, riya, manipulyasiya və digər bu tip yollara əl atıb. Amma bu dəfə ölümcül, dəhşətli səhv etdi. Onun Fransa və Belçikaya səfərləri zamanı buraxdığı səhvlər yalnız siyasi opponentləri tərəfindən deyil, artıq bir çoxları tərəfindən dilə gətirilir. Hələ üstəlik, səfərin günü də təsadüfü seçilməyib - Nikolun doğum gününə təsadüf edib. Bu, yəqin ki, Ermənistanın ən yeni tarixində ən bahalı baş nazir ad günü kimi tarixə düşəcək. Qərb istiqamətində gedən Nikol göyə bumeranq atmış olub, hansı ki, sonda onun özünə dəyəcək. O, Parisdə Rusiyanın son bəyanatlarına və addımlarına tamamilə məhəl qoymadı. Kremldə isə hər kəs bunu görür və qeydə alır. O, bu səhv ilə yalnız özünü deyil, bütün Ermənistanın gələcəyini, müstəqiliyini, ümumiyyətlə dövlətçiliyini dəfn edir. Bu səhvdən sonra o, ən yaxşı halda, baş nazir seçilməyəcək. Onu da qeyd edək ki, Ermənistanda kim seçkilərdə qalib olsa da, üçtərəfli razılaşmanın müddəalarına riayət edəcək”.
Rusiyalı hərbi ekspert İqor Korotçenko da məsələyə sərt prizmadan yanaşır. O, baş verənlərin Rusiya tərəfindən xoş qarşılanmayacağını da xüsusi olaraq vurğulayır: “Paşinyan Ermənistan üçün açıq-aşkar və birtərəfli lobbiçiliklə məşğul olan prezident Emmanuel Makrondan dəstək almaq məqsədilə Fransaya getdi. Makron Paşinyanın seçki kampaniyası üçün oynayaraq siyasi gerçəklikdən uzaq, onun və bütövlükdə Ermənistanın mövqeyini dəstəkləyən açıqlamalar verir”. Ekspertin fikrincə, Nikol Paşinyanı qarşıladıqları şüarları nəzərə alsaq, Fransadakı erməni diasporunun ona rəğbət bəslədiyini söyləmək çətindir. Ekspert tərəfindən ümumilikdə ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın Cənubi Qafqazdakı vəziyyətin həllinə konstruktiv töhfə vermədiyi diqqətə çatdırılıb: “Ermənistana rəğbətini ifadə edən Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi öhdəliklərini pozur. Yəni bu cür qırmızı-qırmızı lobbiçilik etmək həmin təşkilatın qarşıya qoyduğu məqsədlərlə bir araya sığmadığı üçün onlar gərək oranı tərk etsinlər. Makron ayrı-ayrı ölkələrin lobbiçiliyini bir qırağa qoyub Fransa prezidenti kimi davranmalıdır. Fransa çoxdandır simasını itirib”. Ekspert hesab edir ki, Rusiya Ermənistan sayəsində Fransanın Qafqazda güclü mövqe sahibinə çevrilməsinə dözmək niyyətində deyil.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiya və delimitasiyası üzrə danışıqlar gedir, müzakirələr aparılır. Rusiya bu prosesdə vasitəçiliyini təklif etsə də, Paşinyan bölgədə Qərb qüvvələrinin də olmasını istəyir. Bu fonda da Fransa aktivlik nümayiş etdirməyə çalışır. Yeri gəlmişkən, Ermənistanda sərhəd məsələsi ilə bağlı gərginliyin yaranması və artmasının arxasında xarici qüvvələrin dayandığı da görünür. Çünki noyabrın 10-dan sonra rəsmi İrəvan iki ölkə arasında olan mübahisəli məsələlərin həllinə indikindən daha məsuliyyətlə yanaşırdı. Son aylar Ermənistanın mövqeyində dəyişiklik yaranıb. Makronun və fransalı başqa siyasətçilərin çıxşılarından belə çıxır ki, rəsmi İrəvanı bu sayaq məsələlərdə Fransa da yönləndirir. O da sirr deyil ki, iki ölkə arasında mübahisəli məsələlərə daha çox Rusiya vasitəçilik edir. Emmanuel Makronun Paşinyanla görüşü və verdiyi açıqlamalara əsasən belə qənaətə gəlmək olar ki, rəsmi Paris Moskvanın regiondakı nüfuzuna zərbə vurmaq istəyir və belə qərəzli mövqe ilə Ermənistanla Azərbaycan arasında gərginliyin artmasına çalışır. Fransa parlamentinin Aşağı palatasının sədri Rişar Ferran da Nikol Paşinyanla görüşdə Cənubi Qafqazdakı vəziyyətdən danışıb, Ermənistana sevgisini gizlətməyib: “Erməni xalqına çatdırın ki, Fransa Ermənistanın tərəfindədir. Siz bizə həmişə güvənmisiniz, indi və gələcəkdə də güvənə bilərsiniz”. O, bununla Azərbaycanla Ermənistan arasında mövcud problemlərin həllində Fransanın erməniləri müdafiə etdiyini bildirib. Ferran həm də rəsmi Parisin bu kimi məsələlərdə tərəfsiz olmadığını açıqlayıb. Fransa Senatının sədri Jerar Larşe də Paşinyanla görüşdə mövcud olmayan münaqişədən bəhs edib, “erməni əsirləri”nin azad edilməsindən danışıb. Deməli, Fransa bununla Ermənistanla Azərbaycan arasında gərginliyin davam etməsində maraqlıdır. Halbuki, bu gərginliyə qarşı çıxan tərəflərdən biri də məhz Rusiyadır. Rus politoloq Aleksey Malaşenko bu xüsusda qeyd edir: “Ayındır ki, müharibədən sonra Qərb regionda olmadığını anladıqda ATƏT-in Minsk Qrupu formatını bərpa etmək üçün aktiv və çoxtəbəqəli addımlar atır. 10 noyabr nəticəsində formalaşmış prosesə paralel olaraq ATƏT-in Minsk Qrupunun digər ölkələri, eləcə də Rusiyanın iştirakı ilə daha bir proses formalaşdırmaq meyli var. Qərbin ən çox təklif edə biləcəyi ATƏT-in Minsk Qrupu formatının bərpası və ya sərhəd problemlərini həll etmək üçün bunun əvəzində bənzər təmsilçiliklə başqa bir yüksək dərəcəli formatdır. Amma Rusiya artıq belə format yaradıb. Yenisinə də ehtiyac yoxdur və Ermənistan bu niyyətindən əl çəkməlidir”.
Nahid SALAYEV