Ermənistanın sabiq prezidenti Serj Sarkisyan mətbuata müsahibəsində bildirib ki, guya onun prezidentliyi dövründə Qarabağ probleminin həllinə dair “5+2” formatının reallaşmasına yaxın olublar və Ermənistan bu planı dəstəkləyib. Ancaq erməni mediası onun dediklərinin yalan olduğunu ortaya çıxarıb.
Ermənistan parlamentinin deputatı, “Parlaq Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan mediaya açıqlamasında Sarkisyanın doğru danışmadığını deyib. O, sual edib ki, keçmiş hökumət bu formata razı idisə, Zəngilan, Cəbrayıl, Qubadlı və digər ərazilərə, Araz çayı üzərindəki stansiya və bu kimi işlərə niyə milyonlarla dollar vəsait xərclənirdi: “Belə çıxır ki, vətəndaşımızın vergilərindən yığılan pullar, diaspordan alınan vəsaitlər Azərbaycana qaytarılmalı olacaq ərazilər üçün xərclənib. Yəni o qədər varlı idik ki, onlar üçün şəhərlər və kəndlər tikdik?”.
Marukyan daha sonra iddia edib ki, bu siyahıya Laçın və Kəlbəcər bölgələrində əsasən su elektrik stansiyalarının tikintisi və ticarət məsələləri üçün də bir neçə yüz milyon dollarlıq kredit portfeli ayrılıb: “Banklardan dövlət zəmanəti ilə nəhəng kreditləri götürməyin mənası var idimi? “5+2” formatında bölgənin qaytarılmasına dair danışıqlar aparılırdısa, bütün bu xərclər nəyə lazım idi?”.
Bütün bunlar bir daha onu sübut edir ki, S.Sarkisyan doğru danışmır. Ermənistan nəinki Dağlıq Qarabağı, heç ətraf 7 rayonu da qaytarmaq fikrində olmayıb.
“Ermənistanın qanunsuz köçürmə siyasəti aparması, Laçın və Kəlbəcərdə su elektrik stansiyaları tikməsi onu göstərir ki...”
Məsələyə münasibət bildirən millət vəkili, politoloq Elman Nəsirovun sözlərinə görə, Sarkisyan siyasi xal götürməkdən ötrü yalan danışır: “O, 10 il (2008-2018) Ermənistanın prezidenti olub. Bu müddət ərzində danışıqların uzadılması və nəticəsiz olması ilə bağlı bütün pozucu variantlara əl atıb. Eyni zamanda, Ermənistanda xunta rejimi formalaşdıraraq ona rəhbərlik edib. İndi də ictimai fikri çaşdırmaq və əsas məsələdən uzaqlaşdırmaq üçün belə bəyanatlar verməklə siyasi xal götürmək istəyir. Əslində, Ermənistan ona görə belə acınacaqlı vəziyyətdədir ki, 20 il bu ölkəyə Köçəryanla Sarkisyan rəhbərlik edib. Çünki 2 il ərzində Paşinyan Ermənistanı belə bərbad vəziyyətə sala bilməzdi. Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə bayan edib ki, onun rəhbərliyi altında müzəffər ordumuz, əslində, Köçəryan və Sarkisyanın ordusunu darmadağın edib. Ona görə də Sarkisyanın guya onların “5+2” formatına hazır olduqları haqda səsləndirdiyi fikirlər yalandır. Qaytarmağa hazır idilərsə, o zaman niyə qaytarmadın? Sadəcə olaraq, Sarkisyan rejimi vaxt uzadırdı. Hesab edirdilər ki, işğal müddətinin uzanması onların xeyrinə işləyəcək. Real olaraq heç bir addım atmırdılar. Ermənistanın qanunsuz köçürmə siyasəti aparması, Laçın və Kəlbəcərdə su elektrik stansiyaları tikməsi onu göstərir ki, onların əraziləri boşaltmaq niyyəti olmayıb. Cənab Prezident işğaldan azad olunmuş rayonlara son səfərində bir daha vurğuladı ki, Ermənistanın Laçın və Kəlbəcəri, ümumiyyətlə, geri qaytarmaq fikri olmayıb. Bu səbəbdən qanunsuz olaraq Laçında 5, Kəlbəcərdə 12 SES tikiblər. Digər rayonlarla bağlı fon yaradırlar ki, guya ilkin mərhələdə həmin əraziləri qaytarmaq fikrində olublar”.
Millət vəkili onu da qeyd etdi ki, Sarkisyan bu kimi açıqlamalarla ictimaiyyəti aldada bilməyəcək.
Vidadi ORDAHALLI