Qarabağdakı bütün abidələr Azərbaycan xalqının tarixi, mədəni və dini irsinə məxsusdur. Azərbaycan multikultural ölkədir və ərazisindəki bütün abidələr dövlət səviyyəsində qorunur.
Xəbər verildiyi kimi, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Tərəfdaşlıq Komitələrində nümayəndə heyətinin birgə bəyanatına dair şərhində deyilib.
Avropa Parlamentinin (AP) üzvləri, Avropa İttifaqı (Aİ) və Cənubi Qafqaz ölkələri üzrə Parlament Tərəfdaşlıq Komitələrində nümayəndə heyətinin sədri Marina Kalyurand, AP-nin Ermənistan üzrə daimi məruzəçisi Andrey Kovaçev və AP-nin Azərbaycan üzrə daimi məruzəçisi Yelena Zovko tərəfindən “Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların davam etdirilməsinə ehtiyacın olması” barədə birgə bəyanatın verilməsi AP üzvlərinin, ümumiyyətlə, bölgədə sülh və əmin-amanlığın beynəlxalq hüququn təməl prinsipləri əsasında təmin olunması mövqeyindən çıxış etmələrinə rəğmən, bölgədə mövcud olan cari vəziyyətdən hələ də tam məlumatlı olmadıqlarını göstərir.
Bütün bunlar bir daha onu göstərir ki, hələ də bəzi beynəlxalq qurumlar Qarabağ probleminin həll olunub qurtardığı ilə barışa bilmirlər. Hər vasitə ilə belə rəy yaratmaq istəyirlər ki, guya problem həll edilməyib və hələ də mövcudluğunu qoruyub saxlayır. Halbuki, Azərbaycan öz gücü hesabına işğal altında olan torpaqları azad edərək ərazi bütövlüyünü təmin edib.
Maraqlıdır, məsələyə bu cür yanaşan təşkilatlarla nə etməli?
“Rusiya və Türkiyənin hərbi mövcudluğunu həzm edə bilməyən Avropa təsisatları süni şəkildə bu məsələni gündəmdə saxlamağa çalışırlar”
Məsələyə münasibət bildirən politoloq Elşən Manafovun sözlərinə görə, Rusiya və Türkiyənin hərbi mövcudluğunu həzm edə bilməyən Avropa təsisatları süni şəkildə bu məsələni gündəmdə saxlamağa çalışırlar: “Problemin həllinə Azərbaycanın, o cümlədən, vasitəçi qismində çıxış edən Türkiyə və Rusiyanın münasibəti Avropa Birliyinin münasibətindən kifayət qədər fərqlənir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, münaqişə öz həllini tapıb. Həmçinin, qeyd edib ki, Dağlıq Qarabağın statusu ilə bağlı hər hansı bir müzakirələrə ehtiyac yoxdur. Azərbaycanla Ermənistan arasında dövlət sərhədi tam mənada bərpa olunub. İşğal altında olan ərazilərin böyük hissəsi azad edilib. Çox kiçik bir ərazi nəzarətdə deyil, amma ora nəzarətin bərpa ediləcəyi qaçılmazdır. Bununla yanaşı, Türkiyə və Rusiya, birmənalı şəkildə, bütün Qarabağın Azərbaycana aid olduğunu bəyan edirlər. Eyni zamanda, 1992-ci ildə ölkəmiz BMT-yə qəbul olunanda bu ərazilər Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq beynəlxalq birlik tərəfindən qəbul edilib. Ancaq Rusiya və Türkiyənin Azərbaycanda hərbi mövcudluğu Avropa qurumlarında müəyyən dairələri qane etmir. Onlar AB-nin və ABŞ-ın maraqlarının təmin edilməsi ilə bağlı belə münasibət sərgiləyirlər. Avropanı danışıqlarda müəyyən mənada Fransa təmsil edirdi, ancaq rəsmi Parisin Ermənistanla bağlı tərəfkeşliyi bu dövlətin imicinə güclü zərbə oldu. Ona görə də hesab edirəm ki, Avropa qurumları bu cür ritorikaya son qoymalıdırlar. Anlamalıdırlar ki, kommunikasiya xətlərinin açılması Avropanın da maraqlarına cavab verir. Belə olan halda, Qarabağ məsələsini süni şəkildə gündəmdə saxlamağın bir anlamı yoxdur”.
Politoloq hesab edir ki, Avropa təsisatları bu cür bəyanatlar verməkdənsə, regionun inkişafına yardım etməlidirlər.
Vidadi ORDAHALLI