“İndi tariximizin yeni səhifəsidir. Azərbaycan azad edilmiş ərazilərdə həyatı bərpa etmək üçün zəruri olan bütün tədbirləri görəcək. Bu, asan olmayacaq, çünki hər şey məhv edilib və işğaldan azad olunmuş əraziləri ziyarət etdikdə biz hər şeyin dağıdıldığını müşahidə edə bilərik. Bütün binalar, zavodlar, tarixi abidələr, sosial infrastruktur yerlə-yeksan edilib. Beləliklə, biz hər şeyi sıfırdan etməli olacağıq. Buna görə də, əlbəttə, fəaliyyətimizin bu istiqaməti üzrə bizə yaxşı tərəfdaşlar lazım olacaq”.
Bu barədə Prezident İlham Əliyev İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən bildirib.
Şirkətin Azərbaycandakı fəaliyyətinin və həyata keçirdiyi layihələrin ölkə sənayesinin qeyri-enerji sektorunu artırmağa kömək etdiyini vurğulayan dövlət başçısı qeyd edib ki, pandemiyaya və Azərbaycanda keçən il olan iqtisadi azalmaya baxmayaraq, qeyri-enerji sənayemiz 12,5 faiz artıb: “Bu, sənayeləşmə proqramının əsl nümayişidir. “Maire Tecnimont”, ümumiyyətlə, Azərbaycanda dəyəri 1,6 milyard avrodan çox olan layihələrə cəlb olunub. “Hesab edirəm ki, bu, belə də davam edəcək. Çünki siz artıq bizim ölkəyə sadiq olduğunuzu nümayiş etdirmisiniz”.
Bütün bunlarla yanaşı, diqqətçəkən məqam odur ki, adətən, xarici sərmayədarlar infrastrukturu və digər bu kimi məsələləri qaydasında olan ölkələrə investisiya qoyurlar. Ancaq maraqlıdır ki, torpaqlar işğaldan azad ediləndən sonra Azərbaycana münasibətdə xarici şirkətlər bu kimi şərt və tələblərlə çıxış etmirlər. Birbaşa olaraq həm bərpa prosesində iştiraka, həm də azad edilmiş ərazilərdə iqtisadi fəaliyyətə can atırlar.
Maraqlıdır, Azərbaycana münasibətdə bu cür yanaşma nədən irəli gəlir?
“Beynəlxalq şirkətlər Azərbaycanın son dərəcə məsuliyyətli və etibarlı tərəfdaş bir ölkə olmasının fərqindədirlər”
Məsələyə münasibət bildirən sabiq maliyyə naziri, professor Fikrət Yusifovun sözlərinə görə, bu, ilk növbədə, Azərbaycana olan etimad və yaxşı münasibətdən irəli gəlir: “Bunun nəticəsidir ki, işğaldan azad edilmiş ərazilərin bərpasına belə maraq göstərilir. Çünki beynəlxalq şirkətlər Azərbaycanın son dərəcə məsuliyyətli və etibarlı tərəfdaş bir ölkə olmasının fərqindədirlər. Ona görə ki, ortada uğurlu təcrübə var. Bununla belə, Azərbaycanın regiondakı vacib iqtisadi önəmini də nəzərə alırlar. Digər tərəfdən, Azərbaycan öz gücü hesabına ərazi bütövlüyünü bərpa edib və qarşı tərəfin yenidən ərazilərimizi işğal etmək şansı yoxdur. Ona görə ki, Azərbaycan dövləti çox güclüdür. Həqiqətən də xarici sərmayədarlar infrastruktur olmayan yerə investisiya qoymurlar, amma Azərbaycanı başa düşürlər. Anlayırlar ki, Azərbaycandan asılı olmayan səbəblər üzündən bütün bunlar baş verib. O üzdən, xüsusi bir mənfəət güdmədən bərpa prosesində yaxından iştirak etmək istəyirlər. Təbii ki, xarici şirkətlər sərmayə qoyandan sonra qazanacaqlar. Ancaq onların xüsusi bir şərt qoymadan bərpa prosesində iştirak etmələri Azərbaycana və Prezident İlham Əliyevə olan inamdan irəli gəlir. Yaxşı anlayırlar ki, Azərbaycana qoyduqları sərmayə batmayacaq. İtaliya iqtisadi baxımdan Avropa İttifaqının aparıcı dövlətlərindən biridir. Belə bir ölkənin şirkətlərinin azad olunmuş ərazilərin bərpasına xüsusi maraq göstərməsi çox önəmli faktordur”.
Professor hesab edir ki, bu cür müsbət münasibət həmin ərazilərin daha tez bərpa olunmasına təkan verəcək.
Vidadi ORDAHALLI