Azərbaycan tarix boyu müxtəlif xalqlara ev sahibliyi edib. Bu xalqlardan biri də yəhudilərdir. Yəhudilər hazırda Bakı, Sumqayıt şəhərlərində, Quba və Oğuz rayonlarında kompakt yaşayırlar. Qubadakı “Qırmızı qəsəbə” dünyada dağ yəhudilərinin sayına görə ən sıx məskunlaşılan ərazidir.
Bizim coğrafiyada Azərbaycan türkləri ilə yəhudilərin bir yerdə yaşamaq tarixi yüzilliklər öncə mövcud olmuş Alban dövlətinə qədər uzanır. Hazırda yəhudilərin dövləti sayılan İsrail ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. İsrail Azərbaycana həmişə böyük diqqət və səmimiyyətlə yanaşıb, Azərbaycanın ərazi bütövlüyünə hörmət bəslədiyini dəfələrlə bəyan edib.
Bakıya görə qəribsəyir, gözləri yaşarır…
Azərbaycan bir sıra dinlərin və xalqların nümayəndələri üçün vətən olub və bu gün də belədir. Qədim Azərbaycan torpağında iudaizm və islam, atəşpərəstlik və xristianlıq yanaşı mövcud olub. Bu torpaq bu gün də tolerantlıq və dini dözümlülük nümayiş etdirir. Azərbaycan tolerantlığının parlaq nümunələrindən biri də bu ölkədə yəhudi icmasının nümayəndələrinə qardaşcasına səmimi münasibət bəslənməsidir. Bir faktı xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb, yəhudilər burada özlərini heç vaxt qərib kimi hiss etməyib, sıxıntı çəkməyiblər. Azərbaycanda yəhudilər özlərini çox doğma hiss ediblər. Hətta bu və ya digər səbəblər üzündən başqa ölkələrdə daimi yaşamağa köçüb getməli olanlar da Azərbaycan haqqında düşünəndə, Azərbaycan nitqini, Azərbaycan musiqisini eşidəndə bu xalqa, bu Respublikaya, Bakıya görə qəribsəyir, gözləri yaşarır. Axı, yəhudilər tarix boyu müxtəlif təhlükələrlə üzləşəndə burada sığınacaq tapıblar. Bu gün millətlərarası və dinlərarası münaqişələrin alovlandığı dünyada Azərbaycan sabitlik, firavanlıq məkanı və bütün konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşadığı yerdir. Azərbaycan bütün dünyaya aydın şəkildə anladır ki, o, Azərbaycan cəmiyyətinin həyat tərzi olan tolerantlıq və multikulturalizm siyasəti yürüdür və əslən Azərbaycandan olub indi ölkə hüdudlarından kənarda yaşayanların çoxu bu tolerantlıq amili ilə fəxr edir.
“Qırmızı Qəsəbə” İsrail hüdudlarından kənarda yəhudilərin yığcam şəkildə yaşadığı yeganə nadir məkan
Azərbaycan rəhbərliyi ölkənin yəhudi icmasının ənənələrinə və həyatına qayğıkeş və səmimi münasibət göstərir. Qədim “Qırmızı Qəsəbə” İsrail hüdudlarından kənarda bütün dünyada dağ yəhudilərinin yığcam şəkildə yaşadığı yeganə nadir məkan, Azərbaycanın əsl qürur yeridir. “Qırmızı Qəsəbə”də görə biləcəkləriniz Azərbaycanda dini konfessiyaların – müsəlmanların və yəhudilərin sıx əməkdaşlığının və tərəfdaşlığının nəticəsidir. Bu gün bizdə müxtəlif dinlərə mənsub olan insanların dinc yanaşı yaşamasının və bir-birinə hörmət bəsləməsinin mümkünlüyünü göstərən real və həqiqi nümunə var. Prezident İlham Əliyev Azərbaycanda yaşayan bütün icmalara, o cümlədən yəhudi icmasına sözün həqiqi mənasında diqqətli, həssas və səmimi münasibət göstərir. Azərbaycanın dövlət səviyyəsində yəhudi icmasına göstərdiyi diqqət beynəlxalq reaksiyalarda da geniş şəkildə etiraf edilib.
Bu münasibətlər İsrailin müsəlman ölkəsi ilə əməkdaşlıq münasibətlərinin modeli ola bilər
Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut Azərbaycanda yəhudilərə göstərilən diqqətlə bağlı bunları deyib: “Prezident Əliyev dünyəvi dövlətin, tolerantlığın tərəfdarı olmasına görə, Azərbaycanda yaşayan bütün konfessiyalara və xalqlara, o cümlədən yəhudilərə hörmətli münasibətinə görə həm İsrail cəmiyyətinin çox hissəsinin, həm də dünyadakı yəhudi icmalarının hörmətini və ehtiramını qazanıb. Prezident İlham Əliyevin dünya birliyinin mühüm, güclü və müstəqil aktoruna çevrilməkdə olan Azərbaycanın iqtisadiyyatını inkişaf etdirməyə yönəlmiş səylərini İsraildə yüksək qiymətləndirirlər. Bu gün danılmaz faktdır ki, Avrasiya ərazisində heç bir ölkənin İsrail ilə münasibətləri Azərbaycan Respublikası ilə olduğu qədər sıx və səmimi deyil. Bu münasibətlər İsrailin müsəlman ölkəsi ilə əməkdaşlıq münasibətlərinin modeli ola bilər. Bir neçə il bundan əvvəl Bakının mərkəzində yeni sinaqoqlar və Cənubi Qafqazda ən böyük Yəhudi Təhsil Mərkəzi inşa edilib. Məhz Azərbaycanda dünyada birinci Dağ Yəhudiləri Muzeyi tikilib. Azərbaycanda yəhudilərlə azərbaycanlılar əsrlər boyu doğma qardaşlar kimi yaşayır, onları ortaq tale və ortaq tarix birləşdirir. Azərbaycan həqiqi mənada sivilizasiyalararası dialoqun əsl nümunəsidir. Mənə ikinci elə bir ölkə göstərin ki, istər müsəlman ölkəsi olsun, istər xristian ölkəsi – orada prezidentin himayəsi altında iki sinaqoq və Yəhudi Təhsil Mərkəzi tikilmiş olsun. Düşünürəm ki, ikinci belə ölkəni sadəcə tapmazsınız”.
Dünyanın nüfuzlu yəhudi təşkilatları vəziyyətdən məmnundur…
Prezident İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayeri videoformatda qəbul edərkən ölkəmizdə digər dini və etnik icmaların nümayəndələri ilə yanaşı yəhudi icmasına yaradılan şəraitə görə o, dövlət başçısına minnətdarlığını bildirib. Müsəlman ölkələri arasında ən böyük yəhudi icmasının Azərbaycanda yaşadığını vurğulayan Mark Şnayer Prezident İlham Əliyevin, digər icmalarla yanaşı, yəhudilərə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib. Söhbət zamanı mədəniyyətlərarası dialoq sahəsində Azərbaycan-ABŞ əlaqələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Ölkəmizdə yəhudilərə bəslənən münasibətlə bağlı Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Allan Harris də vaxtilə maraqlı fikirlər səsləndirib. O deyib ki, Azərbaycan tolerant bir ölkədir və bizim buradakı yəhudi icması ilə ələqalərimiz çox yaxşıdır: “Azərbaycanda yəhudilər üçün çox gözəl şərait yaradılıb və xalqlarımız arasında möhkəm dostluq əlaqələri var. Biz bundan məmnunuq. Azərbaycanın ABŞ üçün olduqca vacib bir ölkə olduğunu bildirən Devid Allan Harris xüsusi vurğulayıb ki, iki dövlət arasında mehriban münasibətlərin böyük əhəmiyyəti var”.
Veinsztok İsrael Azərbaycanda yəhudi icmasına göstərilən yüksək diqqət və qayğıdan razıdır
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Böyük Britaniyada yaşayan yəhudi icmasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşü zamanı Azərbaycanın dünyada tolerant, multikultural bir ölkə kimi tanındığını söyləyib. Qeyd edib ki, Azərbaycanda yəhudilər yaşadıqları bütün dövrlərdə heç zaman ayrıseçkiliyə, təzyiqə məruz qalmayıblar.
Milli Məclisin yəhudi əsilli deputatı da Azərbaycanın dünyada tolerant, multikultural bir ölkə kimi tanındığını deyib. O, Azərbaycanda yəhudilərə göstərilən diqqət və hörmətdən danışıb. Bildirib ki, yəhudilər Azərbaycanda 2500 ildir məskən salıblar. Burada yəhudilər heç vaxt sıxışdırılmayıb, antisemitizmə məruz qalmayıblar. Nümayəndə heyətinin rəhbəri Veinsztok İsrael Azərbaycanda yəhudi icmasına göstərilən yüksək diqqət və qayğının təqdirəlayiq olduğunu vurğulayıb: "Azərbaycan yəhudilərin yaşadığı yeganə ölkədir ki, burada onlar antisemitizmə məruz qalmayıblar". Veinsztok İsrael, həmçinin, İsrail-Azərbaycan münasibətlərinin inkişafını sevindirici hal kimi qiymətləndirib.
İsveçrə yəhudilərinin lideri Azərbaycanda hökm sürən dini tolerantlığın bütün dünyaya nümunə ola biləcəyini deyib
İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinterin başçılıq etdiyi nümayəndə Azərbaycana səfəri zamanı Azərbaycan Prezidenti İ.Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri M.Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini R.Əliyarlı, İsveçrənin və İsrailin Azərbaycandakı səfirləri, eləcə də Azərbaycanda məskunlaşan müxtəlif yəhudi icmalarının nümayəndələri ilə görüşüb, Quba rayonuna səfər edib, habelə Bakı və Qubada yəhudi dini, mədəni və təhsil obyektlərini ziyarət edib. Keçirilən görüşlər zamanı qonaqlara Azərbaycanda multikulturalizmin qədim tarixi, əsrlər boyu müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və dostluq şəraitində yaşamaları, ölkəmizdəki yəhudi icmasının cəmiyyətimizdə oynadığı rol haqqında danışılıb, eləcə də İsveçrə ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etməsində İsveçrə yəhudi icmasının verə biləcəyi töhfə barədə fikir mübadiləsi aparılıb. İsveçrə yəhudilərinin nümayəndə heyəti Azərbaycanda gördükləri inkişafdan, xüsusilə də müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin dostluq şəraitində yaşamasından xoş təəssürat qazandıqlarını qeyd edib və Azərbaycanda hökm sürən dini tolerantlığın bütün dünyaya nümunə ola biləcəyini vurğulayıb.
Fransa Yəhudi icması unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri sayır
Valiske Assosiasiyasının təşkilatçılığı ilə Fransa Yəhudi icmasının nümayəndə heyəti də Azərbaycanda səfərdə olub. Nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədi ölkəmizdə mövcud dini tolerantlılığın nəzəri əsasları, Azərbaycanda “İslam Həmrəyliyi İli”, müsəlman-yəhudi birgəyaşayışının təmin olunması və ekstremizmin qarşısının alınması istiqamətində görülən işlərlə tanışlıq olub.
Qonaqlara ölkəmizdəki multikultural mühit barədə məlumat verilərək bildirilib ki, sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Mövcud milli-mədəni müxtəliflik və dini-etnik dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı edib. Ölkəmizdə bu gün həmin mədəni, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir.
Ölkəmizin yürütdüyü siyasətə verilən tam obyektiv beynəlxalq qiymət…
Azərbaycandakı unikal müsəlman-yəhudi birgəyaşayış modeli, ölkəmizdə multikulturalizm və tolerantlıq sahəsində aparılan dövlət siyasəti aralarında Aşkenaz, Sefard, İslahatçı liberal yəhudilərin olduğu Fransa, Belçika, İsveçrə, İsrail və Türkiyədən olan Fransa Yəhudi İcması nümayəndələrinin böyük marağına və rəğbətinə səbəb olub.
Göründüyü kimi, dünyanın müxtəlif nüfuzlu qurumları və xüsusilə də yəhudi təşkilatları Azərbaycandakı tolerant və multikultral mühitlə bağlı öz müsbət fikirlərini bölüşüblər. Bu da ölkəmizin yurutduyi siyasətə verilən tam obyektiv beynəlxalq qiymət sayıla bilər.
Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.