“Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm! Ona görə hər kəs otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin. Şuşanın ərazisinin ölçüsü 300 hektardır. Mən qoymamışam ki, bir dənə daş daş üstə qoyulsun. Çünki birinci təhlil aparmalıyıq. Ondan sonra o tarixi binaları bərpa etməliyik, necə bərpa etməliyik, bunu mən də deyə bilmərəm, mütəxəssislər deməlidir, biz indi cəlb etmişik”.
Xəbər verildiyi kimi, bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Ölkə başçısının fikrincə, bütün bunlar, bu işlər kənarda qala-qala biri durur ki, mən filial açıram: “Biri deyir ki, mən zastava açıram, biri deyir ki, mən fövqəladə hallar açıram. Vallah, adam söz tapmır. Mən söz tapmışam, onlara elə söz demişəm ki, onlar o sözü unutmayacaqlar. Azərbaycan vətəndaşlarına da deyirəm, bərpa ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır. Olmasa, bilin ki, yenə də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək”.
Prezident onu da qeyd edib ki, müvəqqəti idarəetmə strukturu yaradıb: “Nəyə görə? Çünki mən görürəm, bilirəm, artıq gözlər dikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənir, zəbtetmə hücumu. O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində, öz işi ilə məşğul olsun. Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək”.
Göründüyü kimi, Prezident Şuşa ilə bağlı bir sıra iri məmurların əsasən öz şəxsi maraq və xobbilərinə uyğun olan planlarını ifşa etdi. Maraqlıdır, iri məmurlarımızın bir çoxunda bu fərdiyyətçilik psixologiyası nədən yaranıb?
“Elə komitələr var ki, orada işləyənlərin əksəriyyəti bir kənddəndir”
Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlının sözlərinə görə, məmurlarda fərdiyyətçilik psixologiyası sovet dönəmindən miras qalıb: “Belə psixologiya sovet dönəmində formalaşıb və məmurlara miras qalıb. Çünki SSRİ dövründə xüsusi mülkiyyətə düşmən münasibət var idi. Deyirdilər ki, hər şey ümumxalq mülkiyyətidir. Biz də sevinirdik ki, meşələr, çaylar, zavodlar hamısı bizimdir. Ancaq bunlar konkret olaraq heç kəsin deyildi. Praktiki olaraq ora kim təyin edilirdisə, o bundan faydalanırdı. Ora təyin olunan şəxs özünü müvəqqəti hesab etdiyinə görə oğurlamağa başlayırdı. Yəni mülkiyyətin sahibi olmayanda, ora təyin edilən şəxs başlayırdı oğurluğa. İndi də bizim bir sıra məmurlar həmin psixologiya ilə yaşayırlar. Harada nəsə görürlərsə, ora göz dikirlər. Bu məqsədlə büdcədən daha çox vəsait qoparmağa çalışırlar. Ona görə də korrupsiya baş alıb gedir. Həmçinin, kadr siyasətində qohumbazlıq, yerlibazlıq geniş yayılıb. Elə komitələr var ki, orada işləyənlərin əksəriyyəti bir kənddəndir. Elə nazirlik var ki, ora bir sülalədən ibarətdir. Bunlar sovet dönəmində olduğu kimi, indi də dövlət mülkiyyətinə ögey münasibət bəsləyirlər. Müvəqqəti olaraq səlahiyyətlərdən sui-istifadə edirlər. Bu minvalla büdcəni talayırlar və özlərinə malikanələr tikirlər. Prezident də haqlı olaraq bu cür psixologiyaya sahib olan məmurları kəskin tənqid etdi”.
Professor hesab edir ki, belə hallara qarşı mübarizə hərtərəfli gücləndirilməlidir.
Vidadi ORDAHALLI