Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində vaksinasiyanın bölgüsündə yaranmış gərginlikdən danışıb. Ölkə başçısı bildirib ki, bunun səbəbi ədalətsizlikdir, bu sahədə hətta müttəfiqlər arasındakı münasibətlərdə olan ziddiyyətlərdir: “Bu fakt özlüyündə çox narahatedicidir”.
Avropa İttifaqı ilə Böyük Britaniya arasındakı qalmaqalın səbəblərindən danışan Prezident deyib: “Böyük Britaniya bu vaxta qədər Avropa İttifaqının üzvü idi və Avropa İttifaqı ölkələrini Böyük Britaniya ilə çoxəsrlik tellər bağlayır. Eyni zamanda, bu ölkələr NATO-nun üzvləridir və onların arasında belə qalmaqal, əlbəttə ki, bir çox suallar doğurur. Biz bunu açıq mətbuatdan görürük. Misal üçün, mən bu yaxınlarda görmüşəm ki, Avropa İttifaqı nümayəndələri Böyük Britaniyanı ittiham edirlər ki, onların istehsal etdikləri vaksinin qeyri-ədalətli bölünməsi ilə bağlı çox ciddi proseslər gedir. Hətta mən o rəqəmləri də xatırlayıram. Bildirilmişdir ki, Böyük Britaniya vətəndaşlarının 13 faizi artıq peyvəndi alıb, Avropa İttifaqı vətəndaşları isə 2 faiz. Əgər belə gedərsə, Böyük Britaniya əhalinin 75 faizini iyul ayına qədər vaksinlə təmin edəcək, Avropa İttifaqı isə oktyabr ayına qədər. Yəni bu çox düşündürücü açıqlamalardır”.
Azərbaycanın Qoşulmama Hərəkatının sədri olaraq və öz bəyanatlarına sadiq qalaraq artıq dünya arenasında bu məsələni qaldırdığını vurğulayan Prezident İlham Əliyev deyib: “Mən sədrliyi öz üzərimə götürərkən demişdim ki, Azərbaycan beynəlxalq hüququ və ədaləti müdafiə edəcək, bütün üzv ölkələrin maraqlarını müdafiə edəcək və biz bunu edirik. Bu iki Zirvə görüşünün və bir xüsusi sessiyanın keçirilməsi onu göstərir ki, biz özümüzü bu sahədə də məsuliyyətli ölkə kimi aparırıq və bundan sonra da öz səsimizi daim ucaldacağıq. Çünki istisna edilmir ki, bundan sonra vaksinlər uğrunda mübarizə daha da kəskinləşəcək və bu, çox faciəvi fəsadlara gətirib çıxara bilər”.
Göründüyü kimi, Prezident vaksinlər uğrunda mübarizənin daha da kəskinləşəcəyi və bununla bağlı xoşagəlməz vəziyyətin yaranacağı ilə bağlı narahatlığını ifadə edib. Bu həyəcanlı proqnozla bağlı ekspertlər nə düşünür?
Tibb üzrə fəlsəfə doktoru Leyla İbrahimli qəzetimizə açıqlamasında bildirdi ki, ölkə başçısının etdiyi xəbərdarlıq bəşəri əhəmiyyət daşıyır: “Prezident bəzi ölkələrin bu istiqamətdə hansı addımlar atdığını dedi. Məhz bu davranışlardan belə nəticəyə gəlinir ki, vaksinlə bağlı vəziyyət gərginləşə bilər. Tam məntiqli olan qənaətdir. Görürsünüz ki, bu isiqamətdə aparıcı ölkələr dünyadakı kasıbları düşünmür. Hətta onların ziyanına olan bir prosesə əl qoyurlar. Azərbaycan dövlət başçısının bu məsələ ilə bağlı nümayiş etdirdiyi həssaslıq ölkəmizin bəşəri dəyərlərə, insan amilinə verdiyi ciddi önəmdən xəbər verir. Bu cəsarətli mövqeyinə görə bir tibb işçisi kimi ölkə başçısına dərin minnətdarlığımı bildirirəm. Bunun həm də bir siyasi mənası var. Belə çağırışlar nə qədər çox olarsa, dünyada vaksin yarışına girən ölkələr bir qədər özlərini yığışdırarlar”.
Ekspertin sözlərinə görə, bu məsələ dünyəvi əhəmiyyət daşıdığıma görə bizi gözləyən təhlükə barədə real danışmalıyıq: “Hesab edirəm ki, cənab İlham Əliyevin bu təşəbbüsünə dəstək verən çoxlu sayda nüfuzlu insanlar olacaq. Bir daha təsdiq olunur ki, bəzi dünya ölkələri üçün insan amili gözdən pərdə asmaq üçündür. Azərbaycan vaksin problemini həll etməyi bacaran dövlətdir. Görünən budur ki, biz yalnız özümüzü düşünmürük”.
Məhəmmədəli QƏRİBLİ