Düşmən təkcə əhalimizə qarşı deyil, həm də təbiətə qarşı terror aktını davam edir. Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunur ki, indiyə qədər işğal altında olmuş torpaqlarımızda 1815 hektar meşə sahəsi məhv edilib.
Onu da qeyd edək ki, ermənilər ötən həftə Şuşa meşələrini də yandırdılar. Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ermənilərin məqsədli şəkildə Şuşa meşələrində yanğınlar törətdiyini vurğulayıb: “Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən Şuşa meşələrində yanğın törədilir. Ermənistanın məqsədi ekoloji terror vasitəsilə Azərbaycan Silahlı Qüvvələrinin istifadə etdiyi pilotsuz uçuş vasitələrinin görüntüləri üçün maneələrin yaradılmasıdır. Ermənistanın Şuşa meşələrində yanğının törədilməsi üçün qadağan olunmuş ağ fosfordan istifadə etməsi istisna deyil. AR Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən, Ermənistanın böyük həcmdə fosfor tərkibli yükü Xocavənd istiqamətinə gətirdiyi barədə məlumat verib”.
“…onları meşələrin bərpası üçün təzminat ödəməyə məcbur edə bilər”
Ekoloq Telman Zeynalov bildirdi ki, Ermənistanın hərbi cinayətləri azmış kimi, indi də ekoloji cinayətlərə əl atır. Ermənilərin Azərbaycan Ordusunun pilotsuz aparatlarının hədəfi aşkarlamasının qarşısını almaq üçün işğal altında olan torpaqlarımızdakı ağacları, xüsusən də Topxana meşəsini yandırması ekoloji cinayətdir: “Torpaqlar azad edildikdən sonra Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verə bilər. Beynəlxalq məhkəmə onları meşələrin bərpası üçün təzminat ödəməyə məcbur edə bilər. Çünki işğal altında olan ərazilərdə yaşı yüzdən çox olan ağaclar, nadir bitkilər var. Azərbaycan müharibədən sonra meşələri bərpa edəcək. Çünki Qarabağdakı meşələr regionun iqliminin tarazlığını qoruyan ən mühüm amillərdəndir”.
Günel CƏLİLOVA