Məlum olduğu kimi, Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirak edib.
Ölkə başçısı hospitalın açılışındakı çıxışında bir sıra məsələlərə toxunub. Prezident vətəndaş məsuliyyətindən danışıb və bu sahədə müsbət irəliləyişlərin olduğunu qeyd edib: “Bəzi Avropa ölkələrində xəstələrin sayında kəskin artım bizi düşündürür və bizi addımların daha ehtiyatla atılmasına sövq edir. Çünki bir daha demək istəyirəm ki, birinci dərəcəli məsələ insanların sağlamlığıdır. Əgər vətəndaşlarımız bundan sonra da məsuliyyətli olarlarsa, - mən qeyd etməliyəm ki, son müddət ərzində biz bu məsuliyyəti doğrudan da görürük, hiss edirik və bu, real nəticələrdə öz əksini tapır, - belə olan halda, hesab edirəm ki, qısa müddət ərzində biz normal, adi həyata qayıda bilərik. Amma buna nail olmaq üçün, əlbəttə ki, vətəndaşların məsuliyyəti hazırda birinci dərəcəli məsələdir. Azərbaycanda vəziyyətə uyğun şəkildə atılan addımlar öz səmərəsini verir. Karantin rejimi öz səmərəsini verir və bunun nəticəsində artıq bir çox şahələrdə bütün karantin məhdudiyyəti aradan qaldırılıb. Ancaq böyük şəhərlərdə bu, qalıb və hamımızdan asılıdır ki, biz daha inamla və daha qısa müddət ərzində əlavə yumşaldıcı addımlar ataq”.
Göründüyü kimi, ölkə başçısı vətəndaş məsuliyyətinin artdığını qeyd edib. Bütün bu deyilənlərin fonunda, ümumilikdə, cəmiyyətdə məsuliyyətin dinamikasında Prezidentin özünün çıxışı, nümunə və çağırışları hansı rolu oynadı?
“İlk dövrlərdə bütün bunlara ciddi yanaşanların sayı elə də çox deyildi”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, müsbət dinamikanın əldə olunmasında Prezidentin rolu danılmazdır: “Söhbət ondan gedir ki, mart ayından başlayaraq koronavirus pandemiyası ilə əlaqədar olaraq ölkədə müəyyən məhdudiyyətlərin tətbiqinə start verildi. İlk dövrlərdə bütün bunlara ciddi yanaşanların sayı elə də çox deyildi. Bunun da müxtəlif səbəbləri var. Ən başlıca səbəb onunla bağlıdır ki, ilk dəfə idi xalqımız belə bir bəla ilə üzləşirdi. Başqa bir tərəfdən, cəmiyyətin müəyyən bir hissəsi məsələnin ciddiliyinini fərqində deyildi. Ancaq ötən müddət ərzində Prezident İlham Əliyev dəfələrlə müxtəlif tədbirlərdə etdiyi çıxışlarda insanları məsuliyyətli olmağa, qoyulan qaydalara riayət etməyə çağırdı. Bəyan etdi ki, qaydalara əməl olunmasa, o zaman yoluxanların sayı daha çox olacaq. Bu da, öz növbəsində, müəyyən sosial fəsadlara yol açacaq. Bununla belə, ölkə başçısı özü bir sıra açılışlarda maskadan istifadə edərək cəmiyyətə nümunə göstərdi. Hesab edirəm ki, bütün bunlar koronavirusla bağlı məsələdə cəmiyyətin məsuliyyət hissini artırdı. İnsanlar sözügedən məsələdə daha məsuliyyətli davranmağa, qaydalara riayət etməyə başladılar. O üzdən, Prezidentin bununla bağlı çağırış və tövsiyələrinin cəmiyyətin məsuliyyətinin artmasında müstəsna rolu olub”.
Ekspert hesab edir ki, proseslər bu cür davam edərsə, qarşıdakı aylarda Bakı və Abşeronda karantin qaydaları daha da yumşaldıla bilər.
Vidadi ORDAHALLI