Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev ölkədə tətbiq olunan karantin rejimini pozaraq nəvəsinə toy etməsi ilə bağlı üç açıqlama yayıb. Akademik ikinci açıqlamasında nəvəsinə toy etməsini tənqid edən deputatları, partiya sədrlərini, politoloq və jurnalistləri məhkəmə ilə hədələyib. Ramiz Mehdiyevin ikinci açıqlamasında başqa bir məqam da xüsusi olaraq diqqət çəkib. Belə ki, akademik müxalifət nümayəndələrini də həqiqi və iqtidara loyal olaraq iki hissəyə bölüb:
"Mən keçmişimdən və bugünümdən arxayınam. Dünənimlə üzləşməyə həmişə hazıram, bugünüm isə hər kəsin gözü qarşısındadır. Ünvanıma ittihamlar səsləndirənlərin çoxundan fərqli olaraq, ömrüm boyu ancaq bir əqidəyə qulluq etmişəm və bununla da qürur duyuram! Bundan sonra da heç kəs məni tutduğum yoldan döndərə bilməz! Bəs görəsən, məni ittiham edənlərdə necə, eyni arxayınlıq varmı? Onlar dünən dediklərinə bu gün və sabah eyni əminliklə imza ata biləcəklərmi? Bu qarayaxma kampaniyası göstərdi ki, həqiqi müxalifətin bir siması olduğu halda, özünü iqtidara loyal göstərən bəzi millət vəkillərinin, keçmiş məmurların, jurnalistlərin lazım gəldikdə bir neçə siması ola bilirmiş".
Göründüyü kimi, Ramiz Mehdiyev ölkədəki müxalifəti yekcins görmədiyini bəyan edir və əsl müxalifət terminini dilinə gətirir. Onun anlamında əsl müxalifət kimdir? Həqiqətən belə təsnifatlandırma varsa, onda əsl olmayan müxalifəti kim yaradıb?
Elşad Musayev: “Yəqin onun adını çəkməyənləri, vaxtilə işbirliyində olanları həqiqi müxalifət hesab edir”
Ramiz Mehdiyevin məhkəmə ilə hədələdiyi şəxslərin sırasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin də adı var. Elşad Musayevin də müxalifətçı olduğunu nəzərə alıb, yuxarıdakı sualları ona ünvanladıq. O, qəzetimizə açıqlamasında bildirdi ki, Ramiz Mehdiyevin bu fikri müəyyən mübahisələrə səbəb olub:“Belə ki, bu cümlədə partiyaların deyil, müxtəlif kateqoriyaların adını çəkir. Amma həm də ustalıqla, tamamilə başqa məqsəd güdərək partiyaları təsnifatlandırır. Yəqin onun adını çəkməyənləri, vaxtilə işbirliyində olanları həqiqi müxalifət hesab edir. Məqsəd bəzilərinin qoltuğuna həqiqi müxalifət mükafatı verib neytrallaşdırmaq ola bilər. O bu işləri yaxşı bilir. Çünki bəziləri əsas müxalifət, ana müxalifət, həqiqi müxalifət bizik deyib illərlə bununla özlərini ovundururlar. Dünyadan fərqli olaraq, bizdə müxalifətçilik uğrunda dava gedir. Ramiz Mehdiyev radikal görünənləri də, ona qarşı danışmayan hər kəsi də nəzərdə tuta bilər. O bununla müxalifətin müəyyən kəsimini neytrallaşdırmağa çalışıb, susanlar da bu tora düşüblər. Bu partiyalar onun nəzarətindən kənar yaranıblar və illərlə də Ramiz Mehdiyevin mövqeyini sərt tənqid ediblər. Bütövlükdə, demokratik düşərgə, müxalifət, xalqımız onun ucbatından çox əziyyətlər çəkib. İndi müxalifətin bir hissəsinin prinsipsizlik göstərib susması təəssüf doğurur. Ya bunların mərkəzləri eynidir, ya gözükölgəlikləri var, ya da fürsətcillik edirlər”.
Tural Abbaslı: “Əgər sən kimisə tərifləyib məhkəməyə vermirsənsə, deməli, sən iqtidar deyilsən, artıq müxalifətdəsən və onları qoruyursan”
Ramiz Mehdiyevin məhkəmə ilə hədələdiyi AĞ Partiyanın sədri Tural Abbaslı isə hesab edir ki, bu məsələni hərə öz bildiyi kimi yozur:“Əvvəla onu qeyd edim ki, Ramiz Mehdiyevin hazırkı fikirləri mənə o qədər də maraqlı deyil. Çünki adam dövlətə ziyandan başqa heç nə verməyib. Ona görə də belə adamların fikirlərinin xüsusi əhəmiyyət kəsb etdiyini düşünmürəm. Amma Ramiz Mehdiyev deyir ki, iqtidara, Heydər Əliyev yoluna sadiqdir. Yəni özünü iqtidarın nümayəndəsi kimi təqdim edir. Eyni zamanda da özü üçün yaltaq və həqiqi müxalifət ayırımı edib. Biz Ramiz Mehdiyevin məhkəmə ilə hədələdiyi partiyalardan biriyik. Demək, bizi həqiqi müxalifət hesab edir, ona görə də bizə qarşı mübarizə aparır. Əks halda, özünü müxalifətə keçmiş elan edərdi. Əgər sən kimisə tərifləyib məhkəməyə vermirsənsə, deməli, sən iqtidar deyilsən, artıq müxalifətdəsən və onları qoruyursan. Bu baxımdan bizim bu məsələdə bir kompleksimiz yoxdur. Biz həqiqi müxalifət olub-olmamaqla bağlı nə Ramiz Mehdiyevdən, nə onun komandasından, nə də müxalifətdə kimdənsə lisenziya almaq fikrindəyik".
Doğrudan da Ramiz Mehdiyevin bu mövzu ətrafındakı fikirləri daha çox manevrə bənzəyir.
Məhəmmədəli QƏRİBLİ