Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən son olaylar indi olduqca maraqlı bir mənzərənin yaranmasına səbəb olub. Belə görünür ki, Cəniubi Qafqazın geosiyasi durumunda yaşanan yeniliklər konfliktlə də bağlı mühüm yeniliklərə rəvac verəcək. Söhbət Türkiyənin həm diplomatik, həm də hərbi müstəvidə kifayət qədər aktiv siyasət yürütməsindən gedir.
Azərbaycanın dəstəyi ilə Türkiyə daha cəsarətli addımlar atır
Rəsmi Bakı açıq şəkildə bəyan edir ki, ATƏT-in Minsk Qrupunun digər üzvləri, o cümlədən də Türkiyənin Qarabağ məsələsinin həllində daha aktiv fəaliyyətə keçməsi zərurətdir. Azərbaycan öz güclü mövqeyi və arqumentlərindən çıxış edərək, artıq Türkiyə ilə birgə addımlamaqda israrlıdır. Bununla ölkəmiz, həm də, haqlı tələblərini mənasız danışıqlara qurban vermək niyyətində olmadığını göstərir. Ancaq məsələnin digər bir önəmli tərəfi də var.
Məsələ burasındadır ki, Türkiyənin prosesdə fəallığını təmin etməklə Azərbaycan Qarabağ konfliktinin sülh yolu ilə həllində ən böyük maneələrdən biri sayılan Rusiya faktorunu neytrallaşdırır. Ən azı o baxımdan ki, Türkiyənin Qafqazda fəallaşması və regionda aktiv siyasət yürütməsinə qarşı Rusiya hansısa ciddi müqavimət cəbhəsi yarada bilməyəcək. Əvvəla o baxımdan ki, Rusiyanın özü üçün regionda Türkiyə ilə qarşı-qarşıya gəlmək sərfəli deyil. Çünki bu halda Qafqazda Rusiya ciddi problemlərlə qarşılaşacaq. Eyni zamanda Suriya, Liviya, digər Yaxın Şərq ölkələrində Rusiyanın problemləri böyüyəcək. Həmçinin, Türkiyə ilə ziddiyyətlər NATO-nun da sonda prosesə cəlbi deməkdir. İndiki halda ciddi çətinliklər yaşayan Rusiya üçün bütün bunlar qətiyyən məqbul sayılımır. Deməli, Türkiyənin aktivləşməsinə Rusiya heç bir ciddi əngəl yarada bilməyəcək. Bunu rusiyalı hərbi-siyasi analitik Pavel Felqenhauer də xüsusi olaraq vurğulayır:“Ermənistan-Azərbaycan sərhəd gərginliyindən sonra Türkiyə-Azərbaycan tandemi Qarabağ münaqişəsinin həll prosesi istiqamətində intensiv işləməyə davam edir. Son toqquşmalardan sonra məlum olub ki, bu mövzu ətrafında rus-türk əhval-ruhiyyələri də gərginləşir, çünki Azərbaycanın gözləntisi ilə Türkiyə daha cəsarətli addımlar atır. Bu tendensiya iki istiqamətdə inkişaf edə bilər, bunlardan biri daha mürəkkəb və arzuolunmaz, digəri daha yumşaq ssenaridir. Rus-türk ikitərəfli münasibətləri daha da gərginləşsə, bu, tətərflərin hər ikisi üçün təhdiddir və Qarabağ münaqişəsi üçün də təhlükədir. Bu səbəbdən, böyük ehtimal ki, Rusiya və Türkiyə müəyyən razılığa gələcək. Rusiya Türkiyənin Qafqazda da onunla işbirliyində olmasının indi maraqları üçün əhəmiyətini yaxşı bilir”.
Baş verənlər Ermənistanda soyuq duş effekti yaradır...
Türkiyənin fəallaşması və Qarabağ münaqişəsinin həllində daha aktiv iştiraka hazırlaşması Ermənistanda ciddi narahatlıq predmetinə çevrilib. “Çiçəklənən Ermənistan” partiyasının deputatı Arman Abovyan qeyd edir ki, bu halda İrəvan daha zəif duruma düşəcək:“Türkiyədən çox maraqlı xəbərlər gəlir. Bu ölkənin müdafiə naziri Hulusi Akar “Anadolu” xəbər agentliyinə müsahibəsində sözün əsl mənasında bildirdi ki, Türkiyə münaqişə tərəflərindən biri olur. Əlbəttə, nazir Akar bu bəyanatı Azərbaycan və Türkiyənin qardaş dövlətlər olduğu, Azərbaycanın problemlərinin Türkiyənin də problemləri olması kontekstində verdi, lakin bu açıqlama bizim üçün bəyanatın siyasi və diplomatik əhəmiyyətini azaltmır”. Digər erməni politoloq Karen Hovhannisyan da narahatlığını gizlətmir:“Türkiyənin “Haber Global” televiziyası az əvvəl xəbər buraxılışında Ermənistanla Azərbaycan arasında mümkün müharibə haqqında maraqlı bir veriliş yayımladı. Qeyd olunur ki, Rusiya Azərbaycanı Türkiyə ilə münasibətlərin daha da yaxınlaşmasına görə İrəvanın əli ilə cəzalandırmaq üçün Ermənistanı silahlandırır. Türk əlyazmasına yaxşı bələd olaraq düşünürəm ki, Rusiya fors-major vəziyyəti yaratmasa, Türkiyə bu media müharibəsindən sonra Azərbaycanda qoşunlar yerləşdirəcək və ya hansısa bölmə yaradacaq. Bax, onda Moskva Türkiyə faktoru ilə barışıb Ermənistanı arxa plana ata bilər”.
Erməni mediası isə qeyd edir ki, bütün bunlara qarşı İrəvan hansısa ciddi müqavimət yarada bilməyəcək. “Politik.am” nəşri də bu xüsusda yazır ki, payız qeyd edilən müstəvidə erməni siyasi səhnəsində olduqca qaynar olacaq:“Qaynar siyasi payızın səbəbləri çoxdur. İlk öncə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın görüşü, böyük ehtimalla, payızda baş tutacaq. İlin sonuna qədər İlham Əliyev-Nikol Paşinyan görüşünün olub-olmayacağını demək, xüsusilə də iyul hadisələrindən sonra bu barədə danışmaq çətindir, ancaq Qarabağ münaqişəsinin nizamlanması prosesində siyasi-diplomatik proseslərin davam etdiyi aydındır. Qarabağ məsələsinin həllində bir millimetrlik səhvin həm Ermənistan, həm də onun hakim komandasına son dərəcə baha başa gələ biləcəyi faktı Ermənistanın hazırkı hökuməti üçün ən təhlükəli büdrəmə ola bilər. Paşinyanın payız fəslini Qarabağ məsələsində iki il yarım ərzində açıqladığı tezisləri son iyul qarşıdurmalarında itirərək tamamilə “çılpaq” vəziyyətdə qarşılayacağı dəqiqdir. Hakimiyyət siyasi xaç atasının siyasi taleyini bir ilkin şərt kimi qəbul edərək “oyun oynamağa” çalışsa da, yaxşı başa düşür ki, öz əlləri ilə siyasi ölüm hökmünə imza atmış olacaq. Amma istənilən halda, baş verənlər regionda Türkiyənin fəallaşması ilə Ermənistanın mövqelərinin zəifləməyə doğru getdiyini göstərir. Hazırda mövcud vəziyyət Azərbaycanın lehinə işləyir. İndi Bakı Rusiya təsirini də maksimal dərəcədə öz lehinə dəyişib, payızda Qarabağ məsələsində yeniliklərə can atır. Buna qarşı Ermənistan hakimiyyəti hansısa effektiv siyasət sərgiləyə bilmir”. Bütün bunlar Ermənistanda bədbin bir əhval-ruhiyyənin hökm sürdüyünü göstərir.
Azərbaycan Minsk Qrupunun digər üzvlərini də hərəkətə gətirir
Hazırda Qarabağ məsələsi ilə ilgili Azərbaycan Minsk Qrupunun üç həmsədr ölkəsi ilə yanaşı, qrupda yer alan digər üzvlərin də Qarabağ probleminin çözümündə fəal olmasında maraqlıdır. Artıq qrup üzvlərindən Türkiyə, yuxarıda qeyd edildiyi kimi, xüsusi fəallıq nümayiş etdirir. Amma Minsk Qrupunun digər üzvləri də var.
Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun 11 üzvü var. Rusiya, ABŞ və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir. Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Azərbaycan və Ermənistan isə Minsk Qrupunun digər üzvləridir. Bu fonda prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk Qrupunun fəaliyyətinin effektivliyi artırılmalıdır. O, Minsk Qrupuna üzv dövlətlərin hamısının iştirakı ilə iclasın keçirilməsinin vacibliyinə də toxunub:"Bu iclas ona görə vacibdir ki, Minsk prosesində iştirak edən hər bir dövlətin qənaət və fikri ifadə olunsun". Onun sözlərinə görə, Azərbaycan ictimai müstəvidə Minsk Qrupunun geniş tərkibdə iclasının keçirilməsi məsələsini qaldırıb. Ekspertlər də hesab edir ki, Azərbaycan məsələyə belə bir yanaşma sərgiləməklə münaqişənin həllində mühüm yeniliyə rəvac verir. Daha çox dövlətin diqqətini bu məsələyə yönəldir. Elə politoloq Aydın Quliyev də prosesə məhz bu müstəvidən yanaşır. Onun sözlərinə görə, bu, indiki şəraitdə faktiki dalana dirənmiş Dağlıq Qarabağ danışıqlarını dalandan çıxarmaq üçün müstəsna təsirli rol oynaya biləcək təklifdir:“Əslində, bu gün yaranmış vəziyyət, həm də məntiq tələb edir ki, Minsk Qrupunun tərkibində dəyişiklik baş versin. Daha doğrusu, Minsk Qrupunun formatı aktivləşdirilsin. Həqiqətən qrupun 11 üzvü olmasına baxmayaraq, onlardan yalnız üçünün guya nisbətən aktiv fəaliyyəti ortada görünsə də, əslində, həmin üçlüyün fəaliyyətinin hər hansı bir səmərəsindən danışmaq çətindir. Mandata görə, Minsk Qrupu Azərbaycanın işğal olunmuş torpaqlarının işğaldan azad edilməsinə nail olmalı və sonda Minsk şəhərində 11 dövlət Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələr aparmalıdır. Demək olar ki, proses 30 ilə yaxındır davam etsə də, məsələnin hətta birinci hissəsinin həlli istiqamətində hər hansı bir addım belə atılmayıb. Belə şəraitdə Hikmət Hacıyev Azərbaycan dövlətinin adından həqiqətən də çox maraqlı təklif irəli sürüb. Minsk Qrupu tam tərkibdə toplanmalı, yaranmış vəziyyəti müzakirə etməli, Minsk Qrupunun fəaliyyətinin daha səmərəli olması, onun bütün üzvlərinin potensialının üzə çıxarılması üçün gərəkli addımlar atılmalı, ya da həmin qrupdan bir format kimi imtina olunmalıdır. Həqiqətən də Minsk Qrupunun yerdə qalan 8 dövlətinin bugünə qədər prosesdə hər hansı bir fəaliyyəti hiss olunmayıb, daha dəqiqi, onlar prosesə buraxılmayıb. Bundan sonrakı vəziyyət isə tələb edir ki, həmin kənarda qalan 8 dövlətin də prosesə aktiv müdaxiləsi təmin olunsun, o cümlədən Türkiyənin. Bu baş verməsə, artıq olaylar Minsk Qrupu formatının tamamilə səmərəsiz bir qurum olduğunun təsdiqlənməsi demək olacaq”.
Beləliklə, Azərbaycan münaqişənin həlli üçün diplomatik müstəvidə mühüm bir gediş edir. Minsk Qrupunun bütün üzvlərinin prosesdə aktiv iştirakını istəyir. Türkiyənin belə aktivliyi təmin edilib. Sıra isə digərlərindədir. Məhz bu halda Qarabağ münaqişəsinin həll ehtimalı kifayət qədər yüksəlmiş olur.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.