Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirak edib. Ölkə başçısı həmin çıxışında COVID-ə qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar fəal iş aparıldığını bildirib:
“Biz hazırda bir neçə şirkətlə COVID-ə qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar fəal iş aparırıq. Mən ümid edirəm ki, Azərbaycan bu sahədə də peyvəndi əldə edən birinci ölkələr sırasında olacaqdır. Çünki biz artıq bir müddətdir ki, bu məsələ ilə əlaqədar çox fəal iş aparırıq. Ancaq burada əsas şərt bu peyvəndin bütün sınaq mərhələlərindən keçməsidir. Həkimlər yaxşı bilirlər ki, istənilən yeni peyvənd bir neçə mərhələdən keçir və yalnız ondan sonra bazara çıxarılır, insanların vaksinasiyası üçün istifadə olunur. Ona görə bütün mərhələlər, şirkətlərin apardığı araşdırmalar öz nəticəsini verəndən, bütün sınaq testləri aparılandan, beynəlxalq sertifikatlaşdırma aparılandan sonra biz bu peyvəndi ölkəmizə gətirəcəyik. Ondan sonra, ümid edirəm, demək olacaq ki, bu dəhşətli vəziyyət arxada qalıb. Hazırda ölkəmizdə hər gün 100-dən 200-ə qədər insan yoluxur. Əvvəlki aylarla müqayisədə bu, əlbəttə ki, daha yaxşı nəticədir. Ancaq vəziyyəti daim nəzarət altında saxlamaq üçün gündəlik monitorinq aparılır və aparılacaqdır. Eyni zamanda, yumşalma addımları elə atılmalıdır ki, xəstələrin sayı kəskin artmasın. Bu əsas məsələdir və burada biz, əlbəttə ki, öz addımlarımızı çox ehtiyatla atacağıq”.
Göründüyü kimi, Prezidentin koronavirusla bağlı vaksini ilk əldə edən ölkələrdən olmağımız üçün ciddi çalışdığı üzə çıxır. Bunu ölkə rəhbərliyinin əhalinin sağlamlığına verdiyi böyük önəmin göstəricisi saymaq olarmı?
Məlumdur ki, COVİD-19 pandemiyası bütün dünya üçün bir nömrəli problem olaraq qalmaqdadır. Bir çox ölkənin sarsılmaz görünən iqtisadiyyatı iflasa uğradı. Pandemiya aparıcı Avropa ölkələrinin səhiyyə sisteminin acizliyini üzə çıxardı. Onu da vurğulayaq ki, COVID-19 pandemiyası zamanı hər bir dövlətin öz strategiyası, koronavirusa qarşı mübarizədə fərqli yanaşma tərzi və öz metodları mövcud oldu. Şübhəsiz ki, indi hər bir ölkə öz vətəndaşlarını böhrandan az itki ilə çıxartmağa çalışır. Hökumətlərin atdığı addımların səmərəliliyi xalqın gələcək etimadı anlamına gəlir. Koronavirus pandemiyası başlamazdan öncə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə kölgə iqtisadiyyatına qarşı ciddi tədbirlər görüldü, dövlət orqanlarının fəaliyyətində informasiya texnologiyalarının tətbiqi təmin edildi, dövlət xidmətləri sahəsində mərkəzləşdirilmiş elektron məlumat sistemi yaradıldı. Bir sözlə, Prezident Əliyevin rəhbərliyi ilə vaxtında aparılan düzgün siyasət və atılan zəruri addımlar tektonik fəlakət zamanı öz sözünü deyə bildi. Prezident Əliyevin vaxtında apardığı islahat və tədbirlərin məqsədi ilk növbədə ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına nail olmaq idi.
Pandemiya zamanı Prezidentin keçirdiyi müşavirələr, vətəndaşlara ayrılan sosial yardım, vergi güzəştləri, sahibkarlara dəstək, sosial həssas qruplara dəstək və atılan digər addımlar Azərbaycan nümunəsinin başlıca göstəricisidir. Koronavirusa qarşı aparılan mübarizədə nümayiş etdirilən müsbət və inamlı nəticələr onu sübuta yetirdi ki, bu gün Azərbaycan dövləti yalnız öz mənbələri hesabına pandemiya ilə mübarizə üzrə təsirli tədbirlər planını həyata keçirir, iqtisadiyyatın bütün sahələrinə dövlət dəstəyi verir. Bu hər ölkənin bacara biləcəyi məsələ deyil. Onu da qeyd edək ki, pandemiyaya qarşı qoruyucu vasitələrin azlığı bir çox ölkədə ciddi problemlər yaradırdı, lakin Azərbaycan hökuməti öz vətəndaşlarını koronavirusla mübarizədə istifadə olunan bütün qoruyucu vasitələrlə tam təmin edə bildi. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Azərbaycanda tibbi maskalar istehsal edən müəssisə açıldı. Bu müəssisənin istehsal həcmi gündə 250 min ədəd təşkil edir. Eyni zamanda, ölkədə dezinfeksiyaedici məhsullar, spirt və digər qoruyucu vasitələr istehsal olunur, bununla da pandemiyada bu məhsulların xarici idxaldan asılılığı minimuma endirilib. Bu gün Azərbaycanda koronavirusla bağlı əhalinin müntəzəm müayinə edilməsi üçün xarici ölkələrdən gətirilmiş müasir avadanlıq və zəruri ləvazimatlarla təchiz olunmuş 18 müasir laboratoriya fəaliyyət göstərir. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan rəhbərliyi pandemiya ilə mübarizə strategiyasına çoxşaxəli aspektdən yanaşır. Hətta bu yöndə qabaqlayıcı tədbirləri görür. Prezidentin indidən ölkəyə vaksinin gətirilməsi barədə fikirlşməsi onu deməyə əsas verir ki, ölkə rəhbərliyi üçün əhalinin sağlamlığı böyük önəm daşıyır. Ümidvarıq ki, COVİD-19 vaksinini ilk istifadə edən ölkələrdən biri məhz biz olacağıq.
Məhəmmədəli QƏRİBLİ