Paşinyan növbəti dəfə Azərbaycanın işğal altındakı ərazilərinə gəlib və burada generallarla müşavirə keçirib. Xankəndidə “Qarabağ müdafiə ordusunun qərargahında” keçirilən müşavirə zamanı Ermənistanın qondarma rejimlə “hərbi əməkdaşlığının dərinləşdirilməsi” planları müzakirə olunub.
Erməni mediası yazır ki, Ermənistan Qarabağa yeni silahlar və əlavə hərbi qüvvələr yerləşdirmək niyyətindədir. Habelə bildirilir ki, “rəqibə qarşı çəkindirici mexanizmlərin daha da təkmilləşdirilməsi” müzakirə olunub. Müşavirədə Qarabağdakı işğalçı qüvvələrin yüksək rütbəli komandirləri, habelə Ermənistanın müdafiə naziri David Tonoyan iştirak ediblər. O da bildirilir ki, Tonoyan Paşinyandan əvvəl Qarabağa gəlib və döyüş mövqelərinə baş çəkib, hərbçilərlə görüşüb.
Düşmən ölkənin hərbi-siyasi rəhbərliyinin Qarabağa səfərlərinin son vaxtlar intensiv xarakter alması Ermənistanın təhrikedici addımları, Azərbaycan xalqının heysiyyətinə toxunan hərəkətləri davam etdirdiyini göstərir. Görünən odur ki, ermənilər yeni təcavüz aktlarına hazırlaşırlar. Bunların geri çəkilmək niyyəti yoxdur. Çünki sözügedən müşavirənin Qarabağda və Paşinyanın iştirakı ilə keçirilməsi çox şey deyir. O baxımdan bütün bunları ekspertlər necə dəyərləndirirlər?
“...yoxsa onların bu avantürası davam edəcək”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, bütün bunlar işğalın davam etdirilməsinə hesablanıb: “Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan ərazilərinə qanunsuz səfəri əsasən işğalın davam etməsinə hesablanıb. Eyni zamanda, bu, danışıqlar prosesinə zərbədir. Məhz N.Paşinyanın işğal olunmuş ərazilərdə hərbi bilrliklərə baş çəkməsi və burada yeni hərbi obyektlərin qurulması yeni müharibəyə hazırlıq anlamına gəlir. Bu, Ermənistanın işğalçı və sülh istəməyən bir ölkə olduğunun sübutudur. Azərbaycan bu haqda ATƏT-in Minsk Qrupu üzvlərinə müraciət etməlidir. Göründüyü kimi, Ermənistan tərəfi açıq avantüra ilə məşğul olur və işğal olunmuş ərazilərdə hərbi cəhətdən möhkəmlənir. Azərbaycanla Türkiyə arasında hərbi təlimlər və birgə koordinasiyalı çalışma Ermənistanda panika ilə qarşılanıb. Ancaq onların Qarabağda bu kimi hərbi infrastruktur yaratması heç də ermənilərin güclənməsi anlamına gəlmir. Çünki işğalçı ölkənin resursları yetərsizdir. Paşinyanın Qarabağdakı müşavirəsi Azərbaycana imkan verir ki, qəti şəkildə belə təxribatların qarşısını alsın. Mümkün qədər işğalçıya zərbələrin endirilməsinə başlamalıdır, yoxsa onların bu avantürası davam edəcək”.
Politoloqun fikrincə, Ermənistan rəhbərliyi bununla sübut edir ki, danışıqlarda maraqlı deyil.
Vidadi ORDAHALLI