Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Sözügedən bəyanatda Egey və Şərqi Aralıq dənizi bölgəsindəki son hadisələrə toxunulub. Ən başlıcası isə bəyanatda Türkiyəyə yönəlik qərəzli fikirlər yer alıb. İddia edilir ki, guya Türkiyənin qanunsuz və təxribatçı hərəkətləri nəticəsində baş verən hadisələri Ermənistan yaxından izləyir: “Şərqi Aralıq dənizindəki bu sabitliyi pozan mövqe Türkiyənin qonşu bölgələrdə ardıcıl təcavüzkar və ekspansist siyasətini nümayiş etdirir”.
Bununla belə, bəyanatda deyilir ki, Ermənistan Xarici İşlər Nazirliyi Yunanıstan və Kiprə qeyd-şərtsiz dəstəyini və həmrəyliyini təsdiqləyir. Türkiyəni gərginliyi azaltmaq üçün addımlar atmağa çağırır. Ermənistan XİN-i Türkiyəni beynəlxalq hüquqa hörmət etməyə və Yunanıstan və Kiprin müstəsna iqtisadi zonalarında bütün hərəkətləri dayandırmağa çağırır.
Bəlli məsələdir ki, Ermənistanın belə bəyanatla çıxış etməsinn kökündə Türkiyəyə olan düşmənçiliyi dayanır. Yaxşı olardı ki, Ermənistan Aralıq dənizində gedən proseslərə müdaxilə etməkdənsə, Dağlıq Qarabağ məsələsində konstruktiv mövqe tutsun. Aralıq dənizində gedən proseslərin Ermənistana nə dəxli? Bütün hallarda, Ermənistan XİN-in məlum bəyanatının bir ciddi nəticələri ola bilərmi?
“Ermənistan, hər zaman olduğu kimi, yenə də Yunanıstan və Kiprlə birlikdə Türkiyəyə qarşı düşmən mövqedən çıxış edir”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Ermənistanın belə bəyanatlarla çıxış etməsinin, praktiki olaraq, heç bir əhəmiyyəti yoxdur: “Ermənistan özü nədir ki, verdiyi bəyanatlar nə olsun. Belə bəyanatlar, sadəcə, stəkanda fırtınadan başqa bir şey deyil. Məsələ ondadır ki, Ermənistan, hər zaman olduğu kimi, yenə də Yunanıstan və Kiprlə birlikdə Türkiyəyə qarşı düşmən mövqedən çıxış edir. Söhbət yunan Kiprindən gedir. Məsələ ondadır ki, son dövrlər Türkiyənin Aralıq dənizi hövzəsində artan rolu türk düşmənlərini, o cümlədən, Ermənistanı narahat edir. Türkiyənin Liviyada möhkəmlənən mövqeyi, həmçinin, Fransanı narahat edir. Milli Müdafiə naziri Hulusi Akar Türkiyənin Şərqi Aralıq dənizindəki haqları, maraqları və mənfəətlərini qorumaq üçün istənilən bütün tədbirlərin görüldüyünü söyləyib. Hulusi Akar Baş Qərargah rəisi, digər hərbi birləşmələrin komandanları və digər bir sıra komandanlarla telekonfrans vasitəsilə görüş keçirərək məlumat alıb. Nazir Akar iclasda Şərqi Aralıq dənizindəki haqlar, maraqlar və mənfəətlərin qorunması üçün vacib olan bütün tədbirlərin görüldüyünü vurğulayaraq, Şərqi Aralıq dənizində Türkiyə və Şimali Kıbrıs Türk Cümhuriyyətinin yer almadığı heç bir layihənin yaşama imkanının olmadığını, heç bir oldu-bitdiyə icazə verilməyəcəyini bildirib. Bax, məsələnin kökündə bütün bunlar dayanır”.
Ekspertin fikrincə, Türkiyəni heç kəs sıxışdıra bilməz.
Vidadi ORDAHALLI