Ermənistanın baş naziri Nikol Paşinyan özünü növbəti dəfə BBC televiziyasının “HARD Talk” proqramında rüsvay edib. Veriliş boyu məşhur teleaparıcı Stiven Sakurun obyektiv və faktlara əsaslanan sualları qarşısında aciz vəziyyətə düşən Paşinyan bir daha siyasi ritorika və natiqlik səviyyəsi baxımından çox primitiv olduğunu nümayiş etdirib.
Verilişin əvvəlində aparıcının “Artıq böyük ümidlərlə hakimiyyətə gəldiyiniz "böyük məxməri inqilab" adlanan inqilabdan iki il ötür. Mən bu gün Ermənistana baxanda görürəm ki, ermənilərin böyük əksəriyyətinin ümidləri puç olub. Səhv nədə oldu” sualına cavabında N.Paşınyan ənənəvi ampluasına sadiq qalaraq xəyal etdiyi, heç özünün də inanmadığı “nailiyyətlərdən”, adını da çəkmədiyi beynəlxalq reytinqlərdə qazanılan “uğurlardan” danışdı. Çox güman, Paşinyan bu “nailiyyətlərdən” danışarkən öz ailəsinin korrupsiya yolu ilə əldə etdiyi sərvətləri, mülkləri nəzərdə tuturdu. Lakin bu gün beynəlxalq ictimaiyyət, həmçinin məşhur teleaparıcı Stiven Sakur da yaxşı bilir ki, Ermənistanda insan hüquq və azadlıqları kobud şəkildə pozulur, jurnalistlər, siyasətçilər təqib və həbs olunur, ölkədə rüşvətxorluq, korrupsiya halları durmadan artır. Paşinyan isə utanmadan adını belə çəkmədiyi beynəlxalq reytinqlərdə, jurnallarda son iki ildə qazanılan “nailiyyətlərdən” dəm vurur.
Stiven Sakur növbəti sualında “Sizin idarəetmənizdə bir çox insanların gözlədiyi kimi hər hansı bir dəyişiklik olmadı. Siz Azərbaycanla sülhə nail olmaq üçün hakimiyyətə gəldiniz. Lakin ötən ay biz yeni toqquşma, yeni münaqişə gördük” fikri ilə Paşinyanın da sələfləri kimi, işğalçı və faşist mahiyyətini bir daha ifşa etdi. Paşinyan özünün qeyri-səlis ingiliscəsi ilə bütün dünyaya məlum olan bu faktdan yayınmağa çalışdı. Aparıcı isə dərhal müdaxilə edərək bildirdi:“Cənab baş nazir, lakin fəaliyyət sözlərdən daha güclü səslənir. Biz iyulun ortalarında gördük ki, Ermənistan silahlı qüvvələri sərhəd boyunca kəndlərə atəş açır. Azərbaycana istinadla biz gördük ki, 76 yaşlı mülki vətəndaş qətlə yetirildi. Əlbəttə ki, bundan sonra daha da uzanan hərbi toqquşmaya gətirib çıxaran cavab atəşi açıldı. Bir daha qeyd etmək istəyirəm ki, sizin siyasətiniz sülhün bərqərar olmasına hesablanmayıb”. Paşinyan yenə də bu suala cavab tapmır və kəkələyərək nəsə demək istəyir. Lakin hər zaman olduğu kimi, heç bir fakta, sənədə əsaslanmayan, siyasi reallığa uyğun olmayan fikirlər səsləndirməklə nə qədər savadsız və məntiqsiz olduğunu bütün dünyaya nümayiş etdirir.
Hazırlıqlı və peşəkar Stiven Sakur isə BMT Təhlükəsizlik Şurasının sənədlərinə istinad edərək, açıq şəkildə Paşinyanı sülhməramlı olmamaqda, Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməkdə, həmçinin işğal olunmuş torpaqlara qanunsuz səfərlərə görə ittiham edir. Paşinyan bu dəfə də yalanlar silsiləsini davam etdirərək faktlardan yayınmağa, işğalçı mahiyyətini ört-basdır etməyə çalışdı.
Paşinyanın strategiyasında mənalı sülh elementinin olmadığını açıq şəkildə ifadə edən aparıcı baş nazirin sələfləri kimi göründüyünü, onlardan fərqlənmədiyini vurğuladı. Ardınca isə Ermənistan silahlı qüvvələrinin 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri xatırlatdı və Paşinyana “bunları etiraf etməyə və Azərbaycan xalqından üzr istəməyə hazırsınızmı” sualını verdi. Lakin Stiven Sakur dəfələrlə sualı təkrarlasa da, Paşinyandan dürüst cavab ala bilmədi:“Mən sadəcə erməni hərbçiləri tərəfindən törədilən cinayətlərə görə məsuliyyəti öz üzərinizə götürməyə və üzr istəməyə hazır olub-olmadığınızı bilmək istəyirəm. Bu çox sadədir: Bəli, ya xeyr?”. Əlbəttə ki, faşist ideologiyasına xidmət edən Nikol Paşinyanın özündə cəsarət tapıb Azərbaycan xalqından üzr istəyəcəyini düşünmək sadəlövhlük olardı.
Aparıcı daha sonra Ermənistan hökumətinin COVID-19-a qarşı mübarizədəki uğursuzluqlarından danışaraq, Paşinyan hökumətinin Ermənistanla Azərbaycan arasında yaşanan gərginlikdən pandemiya ilə mübarizədəki uğursuzluğu və bacarıqsızlığı ört-basdır etmək üçün istifadə etmək istədiyini bildirdi, həmçinin Ermənistandakı siyasi təqiblərdən, onun xarici siyasət kursundan bəhs etdi. Paşinyan isə bu suallara da qısa və heç bir arqumentə söykənməyən, qeyri-rasional cavablar verdi. Bu rüsvayçı müsahibə bir daha Paşinyanın nə dərəcədə savadsız, səriştəsiz, xəyalpərəst “siyasətçi” olduğunu göstərdi. Paşinyanın belə rəzil vəziyyətə düşməsində başlıca rolu müxbirin ədalətli mövqeyi, yoxsa erməni baş nazirin arqumentsizliyi oynadı?
“Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, həmin jurnalistin simasında onun bütün savadl, cəsarətli jurnalistlərə hörməti artıb:“Jurnalist çox hazırlıqlıydı. İkincisi, həmin jurnalist peşə fəaliyyətinə bəslədiyi tələbkarlığı, hörməti ortaya qoydu. Hiss olundu ki, Ermənistanın bölgədə yaratdığı problemin kökünü hətta Paşinyanın özündən belə yaxşı bilir. Bu da Ermənistanın baş nazirini mat vəziyyətinə salmaqla nəticələndi. Həmin televiziyanın nüfuzu elədir ki, Paşinyan yalnız Ermənistan ictimai rəyində deyil, eləcə də bütün dünyada rəzil və rüsvay oldu. İstənilən qələbənin qazanılması gərgin əməkdən keçir. Həmin jurnalist bu əziyyəti çəkmişdi. Bununla yanaşı, Ermənistan tərəfinin arqumentsizliyi də burada mühüm rol oynadı. Ermənistan Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsində baş verən işğal faktoruna heç cür haqq qazandıra bilməz. Ermənistan ölkə olaraq Azərbaycanın Dağlıq Qarabağdan kənarda olan 7 rayonunu işğal edib. Bu bütün beynəlxalq qətnamələrə, hüquqa ziddir. Paşinyanın yerində kim olsaydı belə, bunun qanunilyini əsaslandıra bilməzdi. Paşinyanın şəxsi göstəriciləri də çox aşağıdır. Hakimiyyətə küçədən gələn bu adam siyasəti diletantcasına bilir. Müsahibənin gedişi zamanı istər onun xarici dili bilmə səviyyəsi, istərsə də suallara verdiyi cavablardakı ritorikadan hiss edildi ki, Paşinyan həmin “dueldən” məğlub ayrıldı. Hakimiyyətə gəldiyi qısa vaxt ərzində onda dəyişən yalnız zahiri görkəmi və varidat əldə etməsi olub. Burada başqa bir detal da üzə çıxdı. Bilirsiniz ki, Paşinyan da jurnalistdi. O, iki jurnalist arasındakı polemikada belə uduzan tərəf oldu. Bununla da sübut etdi ki, heç jurnalist kimi də təcrübə yığa bilməyib. Hazırlıqlı jurnalist olsaydı, ən azından vəziyyətdən çıxış yolu tapa bilərdi. Bilirsiniz, istənilən polemikada arqumentləri doğruya, haqqa söykənən adam qalib olur. Paşinyan yalan danışdığı üçün aqibəti bundan artıq olmamalıydı”.
Doğrudan da, BBC-nin efirində biz Paşinyanın növbəti nokautunu gördük. Artıq belə hallara öyrəncəli olan Paşinyan, yaxşı olar ki, heç olmasa bu dəfə biabırçılığından nəticə çıxarsın.
Məhəmmədəli QƏRİBLİ