Ermənistanda mövcud hakimiyyətin xarici siyasət sahəsində naşı olması bu ölkənin özündə də getdikcə sərt tənqid hədəfinə çevrilir. Qeyd edilən məsələ Ermənistanın baş naziri Nikol Paşinyanın BBC-nin “HARDTalk” proqramına verdiyi müsaibə fonunda bir daha özünü qabarıq şəkilfdə büruzə verdi.
Xatırladaq ki, müsahibə zamanı Nikol Paşinyan olduqca çətin vəziyyətə düşüb. Belə ki, jurnalist Stiven Sakur Paşinyana Ermənistanın Azərbaycan ərazilərini qanunsuz işğalı, Tovuz istiqamətində həyata keçirdiyi hərbi təxribat, mülki vətəndaşımızı qətlə yetirməsi, Dağlıq Qarabağa qanunsuz yol çəkilməsi, Avropa parlamentarilərinin bununla bağlı bəyanatı və digər məsələlərlə bağlı suallar ünvanlayıb. Paşinyan suallar qarşısında aciz duruma düşüb, onlardan yayınıb, rabitəsiz cavablar verib və işğala haqq qazandırmağa çalışıb. Amma bununla, belə demək olarsa, özünü daha da biabır edib. Məhz bu səbəbdən Ermənistanın özündə Paşinyan sərt tənqid atəşlərinə məruz qalıb. Məsələn, politoloq Qaqik Hambaryan bu xüsusda bildirir: “Ermənistan baş naziri Nikol Paşinyanın Britaniyanın BBC telekanalının məşhur “HARDtalk” verilişinə müsahibəsi növbəti dəfə sübut etdi ki, Nikol heç bir mövzu ilə bağlı dərin məlumatlandırılmış deyil, biliyə sahib deyil. Bundan başqa, heç bir əlaqəyə malik olmadığını özünə aid etməkdə tərəddüd etmir, həyata keçirmədiyi və uğursuz vədlərini “unudur”. Məsələn, Nikol müsahibə zamanı Qarabağdakı rejimi danışıqlar prosesinə daxil etmək barədə uğursuz planına tamamilə toxunmadı. Çünki bu zaman onu daha çətin suallar gözlədiyini başa düşdü və bundan qorxdu. Amma buna qədər dedikləri də özünü biabırçı duruma salmasına yetdi”.
Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan da müsahibəyə görə Paşinyanı sərt tənqid edənlər sırasındadır:“Nikolun BBC-yə verdiyi müsahibəsindən uzun-uzun yazmayacam. Dözülməz dərəcədə populist olduğunda və bu, ölkə daxilində hələ bir formada işləyəndə xaric üçün başqa şey fikirləş. Çünki beynəlxalq platformalarda sənin populizmin faciəyə çevrilir. Özündən başqa, ölkəni də pis vəziyyətdə qoyursan”. Elə erməni siyasi-ictimai xadim Mihran Hakobyan da Paşinyanın müsahibə nəticəsində Ermənistana ciddi zərbə vurduğu qənaətindədir:“BBC-nin “HARDtalk” formatı çox vacib xüsusiyyətə malikdir: məhz başlanğıcdan xəbərdarlıq edirlər ki, ağır və əlverişsiz suallar olacaq. Paşinyan isə bunlara hazırlaşmamışdı. Yaxşı, ölkəni bu qədər sevməmək olar? Həmvətənlərə bu qədər nifrət etmək olarmı ki, bu adam hamını utancdan kədərlənməyə məcbur edir? Niyə, xalqımızın hansı günahına görə bu adam ingilisdilli auditoriya qarşısında bilmədiyi dildə özünü alçaltmağa razı oldu?”.
Bundan əvvəl isə Erməni Milli Konqresinin üzvü Levon Zurabyan da Paşinyanın müsahibəsini sərt tənqid edib. O bildirib ki, müsahibədən aldığı təəssürat çox ağır olub:"Nəhayət Paşinyanın müsahibəsini izlədim. Təəssüratım çox ağır idi. Uğursuz müsahibənin bir neçə səbəbi var - ingilis dilinin qeyri-kafi səviyyəsi, cavabların məzmunu, baş nazirin əvvəlki addımları və buna görə indi özünə bəraət qazandırması". Onun sözlərinə görə, ən üzücü məqam odur ki, Paşinyan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini bilmir, tənzimləmə və aydın siyasət barədə anlayışa sahib deyil. Konqres üzvü Ermənistan xarici işlər nazirinin bir neçə ay əvvəl eyni proqram çərçivəsində etdiyi çıxışı da xatırladaraq bildirib:"Nə Zöhrab Mnatsakanyan, nə də Paşinyan Qarabağ münaqişəsinin mahiyyətini təqdim etmək fürsətindən istifadə edə bildi. Çox təəccüblüdür, amma hər iki müsahibədə “öz müqəddəratını təyin etmə” ifadəsi səslənmədi. Bu, beynəlxalq hüququn əsas prinsiplərindən birini və Ermənistanın rəsmi siyasətinin əsasını təşkil edir. Bunun əvəzinə müsahibədə minillik tarix haqqında söhbət getdi, halbuki, həmin tarixə istinadlar bu gün müasir diplomatiyada rədd edilir və onların təşəbbüskarı təcavüzkar vəziyyətinə düşür”. Zurabyan qeyd edib ki, Ermənistanın imici baxımından bu iki müsahibə baş tutmasaydı, daha yaxşı olardı. Bundan əlavə, Zurabyan hesab edir ki, baş nazir Rusiya ilə NATO arasında seçimlə bağlı suala da savadlı cavab verə bilməyib:"Əslində, heç bir seçim mövcud deyil. Rusiya ilə hərbi ittifaqın alternativi yoxdur, çünki təhlükəsizliyin kollektiv sistemi kimi NATO Cənubi Qafqaz ölkələri üçün əlçatmazdır. Mən hələ onu demirəm ki, NATO-nun itaətsiz və güclü üzvü olan Türkiyə Ermənistan üçün ekzistensional təhdid mənbəyinə çevrilib". Zurabyan bir daha əlavə edib ki, Ermənistanın imici baxımından belə müsahibələr ölkə üçün kifayət qədər ciddi zərbədir:“Ölkə daxilində populizm silahını rəhbər tutduğunda anlaşılandır ki, hakimiyyətdə qalmağa və qeyri-milli, qeyri-dövlət siyasətinin kök salması məsələsini həll etməyə çalışırsan. Ancaq BBC-də eyni metodla və eyni manipulyasiyalarla beynəlxalq auditoriyanı, ictimaiyyəti də çaşdırmağa çalışdığında dövlətin reytinqini aşağı salırsan”. Hesab edilir ki, Paşinyan nəzarəti altında olan media vasitəsilə müsahibədə çətin vəziyyətə düşdüyünü ört-basdır etməyə çalışsa da, erməni cəmiyyətində tamam fərqli vəziyyət hökm sürür. Bu da Paşinyanın reytinqi üçün növbəti zərbə sayılır.
Nahid SALAYEV