18/09/2020 11:05
728 x 90

Los-Anceles polisi erməni gənclərini ASALA üzvləri kimi axtarır, ya azərbaycanlılara quldurluq etmiş cinayətkarlar kimi...

Elçin Mirzəbəyli: “Onlar Los-Ancelesdə yaşayan ermənilərdir...”

img

Bildiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədində törətdiyi hərbi təxribatdan sonra Amerikada yaşayan bir qrup erməni Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu qarşısında etiraz aksiyası təşkil edib. Hadisə zamanı aqressiv erməni nümayişçiləri Azərbaycan icması nümayəndələrinə hücum edib və həmvətənlərimizə xəsarət yetiriblər.

“Trend”in məlumatına görə, hadisədən sonra Los-Anceles Polis İdarəsi azərbaycanlılara qarşı həyata keçirilmiş bu zorakılığı nifrət zəminində törədilən cinayət maddəsi üzrə araşdırır. Los-Anceles polisi nifrət zəminində cinayət törədən azı üç nəfərin müəyyənləşdirildiyi barədə məlumat yayıb. Polis onlardan birinin fotosunu yayaraq bu şəxsin Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna və azərbaycanlılara hücum edənlərin arasında olduğunu və fəallıq göstərdiyini qeyd edib.

Hadisə zamanı iğtişaş törədən və azərbaycanlılara qarşı zorakılıq göstərənlərin yəqin ki, şəxsiyyətini araşdırmaq elə də çətin deyil. Çünki azərbaycanlılara qarşı zorakılıq törədənlərin ASALA erməni terror təşkilatının üzvləri olduğu məlumdur. Həmin şəxslərin də üzlərinin kameralara düşməsi də qaçılmazdır.

ABŞ polisi onları indiyə qədər niyə aşkarlaya bilməyib? Ola bilərmi cinayət iştirakçıları artıq ABŞ-ı tərk edərək Suriyaya, Liviyaya və Ermənistana gediblər? Nəzərə alsaq ki, Los-Ancelesdə azərbaycanlılara hücum edən ermənilər, xüsusən də ASALA terrorçuları elə-belə meydana çıxmayıblar, onları dəstəkləyən, arxalarında dayanan qüvvələr var. Bu baxımdan, onların gizlədilməsi faktı realdır.

  • “Los-Ancelesin hüquq-mühafizə orqanlarında çalışan ermənilər cinayətkarların aşkarlanmasına və bu prosesin hüquq müstəvisində həllinə maneələr yaradırlar”

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru, siyasi şərhçi Elçin Mirzəbəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Los-Ancelesdə azərbaycanlılara qarşı insanlığa sığmayan cinayət törədən ermənilər ABŞ-a, Los-Ancelesə kənardan gəlməyib, onlar elə orada yaşayanlardır. “Azərbaycanlılara qarşı bu hərəkəti törədənlər elə orada yaşayırlar və çox güman ki, ABŞ vətəndaşlarıdır, yaxud onların burada yaşaması və işləməsi üçün icazələri var. Bu aspektdən də indiyə qədər soydaşlarımıza qarşı vandalizm törədən ermənilərin tapılmaması, əslində, absurddur, bu heç bir hüquqi ölçüyə uyğun gəlməyən məsələdir. Dünyanın bir çox ölkəsində, o cümlədən də ABŞ-da yaşayan ermənilər təkcə ASALA ilə deyil, digər erməni terror təşkilatları ilə də əlaqədədirlər. Bu heç kəsə sirr deyil. Qənaətimə görə, məsələyə indiki halda sırf ASALA kontekstindən yanaşmaq doğru olmazdı. ABŞ-ın hüquq-mühafizə orqanları konkret olaraq azərbaycanlılara qarşı baş verən cinayət faktını araşdırmalıdırlar. Hadisənin necə inkişaf etdiyi də hamıya bəllidir. Azərbaycanlılar etiraz aksiyası, dinc nümayiş keçiriblər, bu zaman ermənilər müdaxilə edib və soydaşlarımıza qarşı cinayət hadisəsi törədiblər. Hesab edirəm ki, azərbaycanlılara qarşı cinayət törədənlər kənardan gəlməyiblər, onlar Los-Ancelesdə yaşayan ermənilərdir”.

E.Mirzəbəyli qeyd etdi ki, məsələ də bu istiqamətdə araşdırılmaldır. O hesab edir ki, indiyə qədər cinayətkarların tutulmamasının, cinayəti törədənlərin şəxsiyyətinin müəyyənləşdirilməməsinin müəyyən səbəbləri var. “Kaliforniya ştatında güc strukturlarında çoxsaylı erməni çalışır, ola bilsin ki, məhz onların səyi nəticəsində cinayət törədən şəxslər ABŞ-ın sərhədləri çərçivəsində gizlədilirlər və yaxud da onların bu ölkənin sərhədlərindən çıxmasına şərait yaradılıb. Amma, bütün hallarda, hesab edirəm ki, cinayətkarlar ABŞ-dadırlar və Los-Ancelesin hüquq-mühafizə orqanlarında çalışan ermənilər cinayətkarların aşkarlanmasına və bu prosesin hüquq müstəvisində həllinə maneələr yaradırlar. Yəni bu kontekstdən də məsələnin üzərinə getmək və cinayət işinin araşdırılmasını ABŞ-ın federal strukturlarının səlahiyyətlilərinə verilməsinə nail olmaq lazımdır” - deyə E.Mirzəbəyli qeyd etdi.

İradə SARIYEVA

Son xəbərlər