18/09/2020 21:22
728 x 90

Qazaxıstan Nazarbayevdən sonra Azərbaycanla siyasəti dəyişdi, bu da axırı – Ermənistanın silahlandırılmasında vasitəçilik...

Elşən Manafov: “Qazaxıstanın bu məhsulların hərbi təyinatlı olmasını bilə-bilə buna razılıq verməsi məntiqsiz addımdır”

img

Məlum olduğu kimi, Rusiyanın Ermənistana silah göndərişi və üstəlik, bunun Qazaxıstan üzərindən həyata keçirməsi Azərbaycanda təəssüflə qarşılandı. Xüsusən də Qazaxıstanın buna razılıq verməsi bizim üçün gözlənilməz bir addım oldu. Təbii ki, Qazaxıstanın məlum addımı iki ölkə münasibətləri üçün faydalı deyil.

Ancaq məsələ ondadır ki, Qazaxıstanın belə hallara yol verməsi məhz Nursultan Nazarbayev prezidentlikdən getdikdən sonra özünü göstərir. Yəni Qasım Comərt Tokayev prezident olduqdan sonra müxtəlif xoş olmayan təzahürlər özünü göstərməyə başladı.

Məsələ ondadır ki, N.Nazarbayevin prezidentliyi dövründə vəziyyət bir sıra parametrlərə görə fərqli idi. Qazaxıstanla Ermənistan Avrasiya İqtisadi İttifaqında, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunsalar da, Nazarbayev hər zaman KTMT-də Azərbaycanın maraqlarına diqqətlə yanaşıb. Bununla belə, 2016-cı ildə Ermənistan Aİİ-yə üzv qəbul olunanda Nazarbayev İlham Əliyevin məktubunu oxudu. Həmçinin, Qarabağla bağlı o vaxtki prezident Serj Sarkisyana sual verdi. O zaman S.Sarkisyanın təəccüb içində donub qalması görüntülərdən açıq-aşkar hiss olunurdu. Nazarbayevin bu siyasi jesti onun timsalında Azərbaycanda Qazaxıstana olan rəğbəti xeyli artırdı. Ancaq Qasım Comərt Tokayev prezident olandan sonra çox keçmədən bəzi mənfi təzahürlər özünü göstərməyə başladı. Qazaxıstanda ermənilərin azərbaycanlılara qarşı təxribatı, Xəzərdə Azərbaycan balıqçılarının həbsi və öldürülməsi, cənab Tokayevin gəldiyi ilk vaxtlarda qazax xalqı ilə ermənilərin etnik-tarixi birliyi barədə verdiyi çox təəccüblü bəyanatı deyilənlərə əyani sübutdur. Hətta Tokayev Böyük İpək Yoluna Ermənistanın qoşulmasını belə istədi. Ən nəhayət, Ermənistanın beynəlxalq hüquqa zidd silahlandırılmasına öz hava məkanını açdı və faktiki olaraq, bu işdə vasitəçilik etdi. Göründüyü kimi, Nazarbayevdən sonra Qazaxıstanın bizə olan münasibətində necə böyük və arzuolunmaz fərq var.

  • “Tokayev, faktiki olaraq, əvvəlki münasibətlərin yüksək səviyyədə olmasını nəzərə almadı”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafovun fikrincə, Qazaxıstanın məlum mövqeyi iki ölkə münasibətlərinin fəlsəfəsinə ziddir: “Çox güman ki, Rusiyanın hərbi təyinatlı silahları Gürcüstan vasitəsilə Ermənistana ötürməsində problemlər yaşanıb. Ona görə də Rusiya 2000 kilometrdən artıq məsafə qət edərək Qazaxıstan, Türkmənistan və İran üzərindən Ermənistana silah daşıyıb. Qazaxıstanın bu məhsulların hərbi təyinatlı olmasını bilə-bilə buna razılıq verməsi məntiqsiz addımdır. Hansı ki, iki ölkə münasibətlərini nəzərə alaraq Azərbaycanı məlumatlandırmalı idilər. Qazaxıstanın buna icazə verməmək hüququ da var idi. Düzdür, Qazaxıstan Aİİ-də, KTMT-də təmsil olunur və Rusiya ilə, Ermənistanla münasibətləri strateji müttəfiqlik üzərində qurub. Ancaq nəzərə almaq lazımdır ki, Qazaxıstanla Azərbaycan arasında yaxın ikitərəfli münasibətlər mövcuddur, türkdilli ölkələrin qurumunda təmsil olunurlar. Ən başlıcası, Nursultan Nazarbayevin prezidentliyi dövründə Qazaxıstanla münasibətlər daha yüksək səviyyədə idi. Təəssüf doğuran haldır ki, Qasım Comərt Tokayevin prezidentliyi dövründə belə xoşagəlməz hadisə yaşandı. O, faktiki olaraq, əvvəlki münasibətlərin yüksək səviyyədə olmasını nəzərə almadı. Ona görə də Qazaxıstanın bu addımı doğru deyil. Azərbaycan diplomatiyası bu məsələyə aydınlıq gətirilməsi ilə bağlı səylərini artırmalıdır”.

Politoloq hesab edir ki, məsələyə hansı yandan yanaşsaq, məlum addım iki ölkə münasibətlərinin ruhuna ziddir.

Vidadi ORDAHALLI

Son xəbərlər