20/09/2020 04:34
728 x 90

İlham Əliyevin “Ermənistan Qarabağı qorxudan tanıya bilməz” bəyanatı erməniləri möhkəm narahat edib

Ramil Hüseynov: “Ermənistan bundan sonra da qondarma “DQR”i tanımağa cəsarət etməyəcək”

img

“Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikasını”. Bunu Prezident İlham Əliyev Balakən regional “ASAN xidmət” mərkəzi ilə tanışlıqdan sonra ASAN könüllüləri ilə görüşündə deyib.

Dövlət başçısı çıxışında bildirib ki, Ermənistanın bu addımı atmağa hünəri çatmaz: “Mənə bu yaxınlarda məlumat verildi ki, Ermənistanın Baş naziri Azərbaycana yeddi şərt irəli sürüb. Hesab edirəm, ağlı başında olan hər bir adam açıq-aydın görə bilər ki, bu şərtlərin heç biri qəbuledilən deyil. Bu şərtlərdən biri odur ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparsın. Bu, mümkün deyil. Biz bunu dəfələrlə bildirmişik. Çünki “Dağlıq Qarabağ respublikası” yoxdur. Belə bir “respublikanı” heç kim tanımır. Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı. Bax, mən deyirəm, Ermənistan hakimiyyəti, tanıyın onu. Bu gün tanıyın, tanımırsınızsa, deməli, qorxursunuz. Gedin, ağlınızı başınıza yığın! Quldur, kriminal rejimlə heç bir danışıqlar aparılmayacaq. Ona görə bəri başdan onlar bilməlidirlər ki, bu, tamamilə qəbuledilməzdir. Digər şərtlər də buna bənzər şərtlərdir. Qəbuledilməz şərtlər irəli sürməklə Ermənistan, faktiki olaraq, danışıqlar prosesini məhv edir və danışıqlar formatını dəyişdirmək istəyir”.

Bu arada məlum olub ki, Prezident İlham Əliyevin sözügedən açıqlamasından erməni mediası bərk qıcıqlanıb. Bu, bəzi erməni dairələrini o qədər narahat edib ki, onların fikrincə, Ermənistan indi bu addımı atmalıdır. Ancaq müşahidələr göstərir ki, Ermənistan Qarabağdakı separatçı rejimin “müstəqilliyini” tanıya bilməz.

  • “Belə addım atsalar, bu, işğalçı ölkə üçün fəlakət deməkdir”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, 1990-cı ildən bəri Ermənistanda 3 dəfə hakimiyyət dəyişikliyi olub: “Hər üçündə hakimiyyətə yeni qüvvələr gəlib. Ancaq onların heç biri Dağlıq Qarabağdakı qondarma separatçı rejimin “müstəqilliyini” tanımağa cəsarət etməyib. Nə eks-prezident Levon Ter-Petrosyan, nə Robert Köçəryan-Serj Sarkisyan cütlüyü və nə də Baş nazir Nikol Paşinyan bu addımı atmağa cəsarət etməyiblər. Prezident İlham Əliyev düzgün olaraq qeyd etdi ki, Ermənistanın buna hünəri çatmaz. Ermənistan bu addımı atsa, o zaman bu, İrəvanın rəsmən Qarabağ danışıqlarından imtinası anlamına gələcək. Hansı ki, bu, Ermənistan üçün fəlakət deməkdir. Birincisi, ona görə ki, Ermənistana güclü beynəlxalq təzyiq olacaq. Xüsusən də ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən. Çünki belə olacağı təqdirdə Minsk Qrupunun vasitəçiliyi avtomatik olaraq kənara atılacaq ki, bu da sözügedən quruma güclü zərbə olacaq. Danışıqların dayanması həmsədrlərin maraqlarına uyğun deyil. İkincisi, Ermənistanın bu addımından sonra Azərbaycanın öz ərazi bütövlüyünü güc yolu ilə bərpa etməsinə heç bir qüvvə mane ola bilməyəcək. Bunun üçün tam hüquqi əsas yaranacaq. Bütün bunlardan çıxış edərək hesab edirəm ki, Ermənistan bundan sonra da qondarma “DQR”i tanımağa cəsarət etməyəcək. Ermənistanda müəyyən radikal dairələr nə qədər buna görə narahat olsalar belə, bu yöndə nəyisə dəyişə biləcəkləri real görünmür”.

Bütün bunlar həm də bir daha onu göstərir ki, separatçı qurumun danışıqlarda tərəf olmasından söhbət gedə bilməz.

Vidadi ORDAHALLI

Son xəbərlər