Rusiya iyunun 30-a qədər Ermənistana soğan, sarımsaq, çovdar, düyü, qarabaşaq yarması, dənli bitkilər, dənli bitkilərdən hazırlanmış ərzaq məhsulları, əzilmiş və əzilməmiş soya və günəbaxan toxumlarının ixracına məhdudiyyətlər qoyub.
Sözügedən məsələ ilə bağlı məlumat yayan erməni mediası yazır ki, ixracı qadağan olunan məhsulların siyahısı bununla bitməyəcək. Digər ərzaq məhsullarının da Ermənistana ixracına məhdudiyyət qoyula bilər. O da məlum olub ki, Rusiya günəbaxan ixracatını, ümumiyyətlə, qadağan etməyi düşünür. Krasnodar və Altay vilayəti, Rostov, Volqoqrad və Oryol bölgələrinin ixracatçıları qadağanı birmənalı qarşılamasa da, verilən qərara hörmətlə yanaşacaqlar. Erməni mediası həm də lavaş dərdinə düşüb. Onlar hesab edirlər ki, dənli bitkilərin idxalına qoyulan məhdudiyyət erməni milli mətbəxinə ziyan vuracaq.
Bütün bunlarla yanaşı, erməni mediası Rusiyanın bu addımını siyasi motivlərlə əlaqələndirərək, bunun Ermənistana növbəti təzyiq məqsədi daşıdığını iddia edir. Hesab edirlər ki, əslində, bu qərarın arxasında siyasi mötivlər dayanır. Bu minvalla Ermənistan hakimiyyətinə təzyiq göstərilir. O da məlumdur ki, belə məlumatlar Ermənistanda anti-Rusiya ovqatını bir qədər də artırır.
“Hazırkı mərhələdə məhdudlaşdırıcı tədbirlərin görülməsi bu ölkədə sosial problemlərin ağırlaşmasına xidmət edir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, baş verənlər ciddi məqamlardan xəbər verir: “Bu onu göstərir ki, Rusiyanın Ermənistan hakimiyyəti ilə çox ciddi siyasi problemləri var. Kreml Baş nazir Nikol Paşinyanın həyata keçirdiyi siyasəti qəbul etmir və onun “Qarabağ klanı”na qarşı siyasi repressiyalarını özünə qarşı təhdid kimi qiymətləndirir. Ona görə də Paşinyanın siyasi hakimiyyətini laxlatmaq üçün enerji və iqtisadi məhdudiyyətlərə əl atır. Qazın qiymətinin qaldırılması və Rusiyadakı lobbi təşkilatlardan bu ölkəyə maliyyə yardımının qarşısının alması, ardınca son günlərdə tətbiq edilən qadağalar təsadüfi deyil. Kənd təsərrüfatı məhsullarının ixracının məhdudlaşdırılması Ermənistanda sosial vəziyyətin ağırlaşdırılmasına hesablanıb. Rusiya bununla Paşinyana ciddi mesaj vermiş olur. Bundan əlavə, Ermənistan Rusiya üçün ağır yükdür və Qarabağ münaqişəsi fonunda İrəvan müəyyən qədər Moskva üçün prioritet əhəmiyyət kəsb edib. Hazırkı mərhələdə məhdudlaşdırıcı tədbirlərin görülməsi Ermənistanda sosial problemlərin ağırlaşmasına xidmət edir. Təbii ki, bu, Ermənistanda ciddi narazılığa səbəb olmaqdadır. Ona görə də Rusiyanı xəyanətdə günahlandırırlar. Son illər Rusiya-Azərbaycan əlaqələrinin dinamik inkişafı Ermənistanda da ciddi panikaya səbəb olur. Hesab edirəm ki, Nikol Paşinyan Rusiya üçün arzuolunmaz bir fiqurdur və ona görə də Ermənistana bu qadağalar tətbiq ediləcək”.
Vidadi ORDAHALLI