Ermənistanın baş naziri Nikol Paşinyan koronavirus pandemiyasından da siyasi məqəsədləri üçün istifadə etməyə başlayıb. Bu müddət ərzində onun atdığı addımlara nəzər salsaq, pandemiyanın onun işinə necə yaradığına şahidlik edərik. Məhz bütün dünyada koronavirusla bağlı kütləvi tədbirlərin təxirə salındığı zamanda Paşinyanın təkidi və planı əsasında qondarma “DQR”-də saxta “parlament və prezident” seçkiləri keçirildi. Paşinyan öz adamını ora rəhbər təyin etmək üçün hətta ikinci tur şousuna belə getdi. Ermənistan kimi kiçik ölkədə karantinlə vəziyyətə nəzarətin mümkünlüyü olduğu halda, o, ölkədə fövqəladə vəziyyət elan etdi. Son qərarı isə siyasi rəqiblərini bu adla işdən azad etmək oldu.
Erməni medasının yaydığı məlumata görə, Ermənistan prezidenti Armen Sarkisyanın fərmanı və baş nazir Nikol Paşinyanın təklifi ilə İtaliya və Maltadakı səfir Viktoriya Bağdasaryan geri çağrılıb. Qeyd edək ki, koronavirus səbəbilə Ermənistanın Braziliyadakı səfiri Aşot Qaloyan da geri çağırılıb. Hər iki səfirin köhnə komandanın adamı olduğu söylənilir. Paşinyana müxalif mövqedə olan erməni KİV-i hökumətin bu qərarlarını kəskin tənqid edir. Onların qənaətincə, qlobal koronavirus pandemiyası kontekstində bu qərarın səbəbi siyasidir və koronavirus səfirin geri çağırılmasına səbəb ola bilməz. Paşinyanın koronavirusdan da öz siyasi məqsədləri üçün istifadə etməsi ilə bağlı ekspertlər nə düşünür?
Elşən Mustafayev:“Dünyanın hələ heç bir ölkəsində koronavirusa görə hansısa səfiri geri çağırmayıblar”
Beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan baş nazirinin addımlarında doğrudan da qeyri-müəyyənlik var:”Pandemiyanın ilk günlərində Ermənistan hökumətinin başçısı Paşinyan koronavirus təhlükəsinə ciddi yanaşmırdı. Bu, ölkədə böyük həyəcan doğurdu. Hətta Nikol Paşinyan insanlara koronavirusun təhlükəli bir virus olmadığını demişdi. Dünyada hər kəs bunun ciddi bir təhlükə olduğunu bilib müxtəlif tədbirlər gördüyü halda, Paşinyan koronavirusun qripə bənzər bir şey olduğunu deyirdi. Sonra Paşinyan səhvini anladı və tamamilə fərqli siyasət yürütməyə başladı. O bilir ki, Ermənistan iqtisadiyyatı onsuz da zəifdir. Xalqın bu vəziyyətdə tələbləri daha da arta bilər. Ona görə də siyasi situasiyanı tam nəzarət altında saxlamaq üçün fövqəladə vəziyyət elan etdi. Halbuki, daha yumşaq qadağalarla bunu ötüşdürmək olardı. Bu vəziyyətdə, Paşinyan hətta qondarma qurumdakı mövqelərini də saxta “seçki” ilə bərkitdi. Son mərhələdə isə keçmiş hakimiyyətin dönəmində təyinat alan səfirləri geri çağırır. Çox absurd bir qərardı. Dünyanın hələ heç bir ölkəsində koronavirusa görə hansısa səfiri geri çağırmayıblar. Maraqlıdır ki, Paşinyan məhz koronavirusun daha çox yayıldığı İtaliyadakı səfiri geri çağırtdırıb. Bu addımları pandemiya ilə bağlamaq sadəcə gülüncdür. Hamısında siyasi məqsəd var. Bununla Paşinyan öz siyasi rəqiblərini neytrallaşdırır və hakimiyyətinin təhlükəsizliyini qoruyur. Bu bir daha sübut edir ki, Ermənistanda siyasi addımlar xalqın təhlükəsizliyi üçün deyil, hakimiyyətin qorunması məqsədilə atılır”.
Məhəmmədəli QƏRİBLİ