Koronavirus təhlükəsinin yaratdığı qlobal böhran qarşısında bir sıra inkişaf etmiş Qərb dövlətləri aciz qalıb və bunu etiraf etməkdan çəkinmirlər. Epidemiya hər bir dövlətin idarəetmə sisteminin effektivliyi və iqtisadi dayanıqlılığını sınağa çəkməklə yanaşı, digər məsələlərə də təsir edir.
Azərbaycan nümunəsində görürük ki, ölkə rəhbərliyinin COVID-19 pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirdiyi strateji tədbirlər öz sistemliliyi ilə fərqlənir. Verilmiş bütün qərarların mərkəzində ölkə vətəndaşının təhlükəsizliyi, sağlamlığı və rifahının yüksəldilməsinin təmin edilməsi dayanır. Dövlət başçısının sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Bu qərargah 24 saat işləyir, bütün dövlət qurumlarının fəaliyyətinə rəhbərlik edir, xəstəliklə bağlı işləri nəzarətdə saxlayır və bu işləri əlaqələndirir. Pandemiyanın törətdiyi fəsadları aradan qaldırmaq üçün dövlət büdcəsindən böyük həcmdə vəsait ayrılıb.
Ancaq Azərbaycanın koronavirusla uğurlu mübarizə aparmasına rəğmən, radikal müxalif mövqedən çıxış edən ənənəvi dairələr qaralama kampaniyası aparmaqda davam edirlər. Nəinki qaralama kampaniyasını davam etdirirlər, hətta koronavirus əleyhinə olan tədbirləri gözdən salmağa çalışırlar. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda bu istiqamətdə görülən işləri yüksək qiymətləndirdiyi halda, radikallar qara yaxmaqla məşğuldurlar.
“Onlar öz çirkin siyasi məqsədlərini reallaşdırmaq üçün dövlətin gördüyü bütün işləri ləkələmək istəyirlər”
Məsələyə münasibət bildirən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, sözügedən dairələrin apardıqları qaralama kampaniyası onların xəstə təfəkküründən irəli gəlir: “Azərbaycan dövləti koronavirusla mübarizədə kifayət qədər ardıcıl və kompleks tədbirlər görür. Deyərdim ki, dünyada ən nümunəvi və sistemli işlər Azərbaycanda görülür. Bunu danmaq ədalətsizlik olar. Əhalinin aztəminatlı təbəqəsinin sosial vəziyyəti və digər məsələlərlə bağlı ölkədə görülən işlər genişmiqyaslıdır. Virusa yoluxan xəstələr ən yüksək səviyyədə müalicə edilir, karantinə alınan şəxslərə hər cür yardım olunur. Bunun nəticəsidir ki, Azərbaycanda digər ölkələrlə müqayisədə virusa yoluxanların sayı azdır. Sözügedən nəticə görülmüş qabaqlayıcı tədbirlərin sayəsində əldə olunub. Ancaq xəstə siyasi təfəkkürə malik olan radikal dairələr bütün bunları gözdən salmağa çalışırlar. Bu onu göstərir ki, onların yanaşmasında, müəyyən mənada, anormallıq var. Onlar öz çirkin siyasi məqsədlərini reallaşdırmaq üçün Azərbaycan dövlətinin gördüyü bütün işləri ləkələmək istəyirlər. Ona görə də Azərbaycan dövləti bu istiqamətdə hansı işlər görsə, bu qüvvələr onu gözdən salmağa çalışacaqlar. Çünki həmin radikal dairələr ancaq öz mənafelərini düşünürlər. Bununla belə, onlar xaricdən idarə olunurlar. Hansı sifariş verilirsə, onu icra edirlər. Ona görə də sözügedən qüvvələr xəyanətkardırlar”.
Vidadi ORDAHALLI