Qondarma “Dağlıq Qarabağ Respublikasında (DQR)” “prezident” seçkilərinin ikinci turu keçirilir. Qeyd edək ki, dünya birliyinin qondarma “seçkilərin” birinci turu ilə bağlı verdiyi sərt etiraz bəyanatlarına baxmayaraq, Ermənistanın təkidilə bu şou davam etdirildi. Seçkilərə etirazla dolu münasibətlərdə bildirilirdi ki, proses qeyri-legitimdir. Ancaq bəyanatlara məhəl qoymamağa öyrəşən ermənilər ikinci tur seçkiləri də keçirməklə dünya birliyinin narahatlığına saymaz yanaşdıqlarını bir daha nümayiş etdirdilər.
Namizədlərdən biri olan Masis Mayilyan tərəfdarlarını seçkini boykot etməyə çağırıb – bu o deməkdir ki, rəqibi Araik Arutyunyanın qələbəsi, demək olar ki, qaçılmazdır. Qeyd edək ki, “seçkilərin” qlobal pandemiya sayılan koronavurusun yayıldığı dönəmdə keçirilməsi dünya birliyinə olan sayğısızlığın daha bir nümunəsidir. Üstəlik, səsvermə aşkar edilmiş koronavirus infeksiyası səbəbindən “DQR”-də tətbiq olunan fövqəladə rejim şəraitində aparılır. Mövcud “DQR prezidenti” Bako Saaakyanın adamı sayılan keçmiş “baş nazir” Araik Arutyunyan 49,6%, onun əsas rəqibi – “xarici işlər naziri” Masis Mayilyan 26,4% səs toplayıb. Elə ilk turda qalib olmaq üçün Arutyunyana təxminən 600 səs çatmayıb. Ortada de-fakto mübarizə yoxdur. Aprelin 5-də Masis Mayilyan koronavirusun yayılması təhlükəsini əsas gətirərək, tərəfdarlarını ikinci turu boykot etməyə çağırıb. Belə çıxır ki, Arutyunyanın cəmi bir neçə yüz səsinin çatmaması səbəbindən birinci mərhələdə qalib gələ bilməməsi “seçki” oyunudur. Ermənilər "seçki"lərin guya demokratik keçdiyini və Arutyunyanın "seçki"ləri bir neçə yüz az səslə uduzduğunu göstərməklə, guya hər bir seçici səsinin nəzərə alındığını göstərmək istəyirlər. İkinci turun keçirilməsi və ümumiyyətlə, bu turun olması da oynanılan oyunun, quraşdırılan ssenarinin tərkib hissəsidir. Lap əvvəldən, "seçki"nin birinci turundan da bəlli idi ki, Paşinyanın adamı olan Arutyunyan "seçki"lərdə “qələbə” qazanaraq qondarma qurumun başçısı seçiləcək. Amma ssenariləşdirilmiş seçki oyununa getdilər. İrəvan tərəfindən hazırlanmış həmin ssenaridə kimin nə qədər səs alacağı, kimlərin neçə səslə ikinci tura keçəcəyi öz əksini tapmışdı. Koronavirusla bağlı dünyada bütün kütləvi tədbirlərin təxirə salınmasına baxmayaraq, özlərini “mədəni” xalq adlandıran ermənilər sübut etdilər ki, öz maraqları olan yerdə hər şeyin üstündən xətt çəkməyə hazırdırlar. Birinci tur ərəfəsində ermənilər iddia edirdilər ki, guya Dağlıq Qarabağda koronavirus yoxdur. İndi isə koronavirusun olması, hətta onun həndəsi silsilə ilə artması barədə xəbərlər yayılmaqdadır. Göründüyü kimi, ermənilər bu məsələdə kifayət qədər özlərinə, olmayan imiclərinə böyük zərbələr vurublar və onsuz da nəticəsi tanınmayan, təyinatlı, antidemokratik şəraitdə keçirilən “seçkilər” ermənilərə gözlədikləri nəticələri verməyəcək.
Artıq “seçkinin” ikinci turuna etirazlar onun nəticəsi elan edilməmiş başlayıb. Böyük Britaniyanın Azərbaycandakı səfirliyi işğal olunmuş Dağlıq Qarabağda ikinci turu aprel ayının 14-də keçirilən qondarma "prezident seçkiləri" ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: "Böyük Britaniya ikinci turu aprel ayının 14-də keçiriləcək Dağlıq Qarabağdakı qondarma "prezident seçkilərini” tanımır. Böyük Britaniya bir daha ATƏT-in Minsk Qrupu və onun həmsədrlərinin sülh prosesindəki rolunu dəstəklədiyini vurğulayır. Biz beynəlxalq hüququn bütün dünyada tanınan prinsip və normalarının əhəmiyyətini vurğulamaqla bərabər, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyirik. Biz Azərbaycan və Ermənistanı münaqişənin sülh yolu ilə həll olunması və etimadın yaradılması üçün səylərini sürətləndirməyə çağırırıq". Digər gülməli məqam isə Azərbaycanın işğal altındakı ərazilərində mövcud olan separatçı rejimin koronavirus təhlükəsi ilə əlaqədar olaraq “fövqəladə rejim”in tətbiqinə başlaması ilə bağlıdır. B.Saakyanın “mətbuat xidməti” bildirib ki, separatçı lider Dağlıq Qarabağdakı əhaliyə müraciətlə, koronavirus pandemiyasından qorunmaq üçün fövqəladə rejimin tətbiqi ilə bağlı “fərman” imzaladığını elan edib. Fövqəladə rejimlə əlaqədar olaraq qondarma qurumun “dövlət naziri” Qriqoriy Martirosyan komendant təyin edilib. Tətbiq olunan rejim 30 gün – 12 apreldən 12 mayadək davam edəcək. Erməni mediası 14 apreldə Dağlıq Qarabağda qondarma rejimin “prezidenti” postuna keçiriləcək “seçki”lərlə (ikinci tur) bağlı məsələyə də aydınlıq gətirməyə çalışıb. Bildirilib ki, Qarabağdakı qondarma qurumun rəhbərliyi “seçki”lər günü bütün sanitar normalara əməl olunacağını deyib. Bütün bu biabırçılıqlar sübut edir ki, Ermənistan “DQR”də ürəyi istəyən şounu düzəldir. Bir daha subut olundu ki, belə rejimlərlə bəyanat dilində yox, konkret təzyiqləri tətbiq etməklə danışmaq lazımdır. Separatçıları dayandırmaq üçün daha sərt metodlar işə salınmalıdır. Bu məsələdə əsas məsuliyyət ATƏT-in Minsk Qrupunun üzərinə düşür. Daha dəqiq desək, həmsədr dövlətlər bunu dayandıra bilər. Ancaq təəssüflər olsun ki, hər üç həmsədr Ermənistanla bu və ya digər dərəcədə yaxın münasibətlərə malikdir. Hətta ATƏT Minsk Qrupu adından verilən bəyanatdan başqa biz həmsədr ölkələrin “seçkini” pisləyən bəyanatına rast gəlmədik. Məhz buna görə də, separatçılar ikinci dəfə dünyanı saymadıqlarını nümayiş etdirmək imkanını qazandılar.
Məhəmmədəli QƏRİBLİ