Məlum olduğu kimi, koronavirusla bağlı olaraq Azərbaycan qonşu ölkələrlə, o cümlədən də Rusiya ilə sərhədi bağlayıb. Yayılan informasiyalara görə, Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının müəyyən bir qismi Azərbaycan-Rusiya sərhədlərinə toplaşaraq respublikamıza gəlmək istəyirlər.
Bildiyimiz kimi, Azərbaycan dövləti müxtəlif xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının təxliyyəsini həyata keçirib. İndiyə qədər 15 mindən artıq vətəndaşımız ölkəmizə təxliyyə edilib.
Bu cəhdlərin qarşısının alınması üçün Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Rusiyada yaşayan azərbaycanlı vətəndaşlara müraciət edib. Səfir bildirib ki, koronavirusla bağlı vəziyyət gərgin olaraq qalır.“Bütün dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaranmış vəziyyətlə bağlı dövlətlərin əksəriyyəti öz sərhədlərini bağlayıblar. Azərbaycan hökuməti də məcburiyyət qarşısında 20 aprel tarixinə qədər ölkəyə giriş-çıxışı dayandırıb.
Bununla əlaqədar olaraq, sizdən artıq dərəcədə xahiş olunur ki, Rusiya-Azərbaycan sərhədinə getməyəsiniz. Orada gözləmək üçün müvafiq şərait yoxdur. Sərhəd nə bir xahiş, nə də təzyiqlə açılmayacaq”.
Səfir, həmçinin, qeyd edib ki, 20 aprel tarixindən sonra mövcud vəziyyətdən asılı olaraq sərhədlərin açılıb-açılmayacağına dair qərar veriləcək.
“Xahiş edirik ki, səfirliyimizlə “qaynar xətt” vasitəsilə əlaqə saxlayın. Səfirlik müvafiq siyahını hazırlayır və ilk fürsətdə sizinlə əlaqə saxlayıb nə zaman və hansı yolla Azərbaycana geri qayıtmağın mümkün olduğu barədə məlumat verəcək”- deyə səfir qeyd edib.
“Hesab edirəm ki, vətəndaşlar səfirin çağırışlarından nəticə çıxarmalı, qaldıqları yerə qayıtmalı və sərhədin açılmasını gözləməlidirlər”
Məsələni şərh edən “Novoye vremya” qəzetinin baş redaktoru, tanınmış siyasi icmalçı Şakir Habiloğlu “Bakı-Xəbər”ə bildirdi ki, bu olduqca aktual bir məsələdir: “Bilirsiniz ki, koronavirusla əlaqədar olaraq bütün dünyada bir çox ölkənin başqa ölkələrdə vətəndaşları qalıb. Hər bir dövlət çalışır ki, imkanları daxilində xaricdə yaşayan vətəndaşlarını ölkəyə təxliyyə etsin. Azərbaycan da bu sahədə çox böyük işlər görüb və dövlətimiz çarter reyslər təşkil edərək, Yaponiya və ABŞ-dan başlayaraq, Avropa ölkələrinə, Türkiyəyə, Rusiyaya qədər dünyanın hər yerindən öz vətəndaşlarını ölkəyə təxliyyə edib. Bilirsiniz ki, koronavirus daha kəskin xarakter aldıqdan sonra aprelin 5-dən ölkəmizdə karantin rejimi ilə bağlı sərt qərarlar qəbul edildi və Azərbaycanın bütün ölkələrlə, o cümlədən də Rusiya ilə hava və yerüstü əlaqələri dayandırıldı. Hesab edirəm ki, bu, vaxtında qəbul olunmuş düzgün bir qərardır. Çünki Azərbaycan dövləti öz vətəndaşlarını qorumaq üçün bu addımı atıb. Bilirsiniz ki, karantində olan insanların sayı çox idi. Bu insaların yerləşdirilməsinə, xəstəxanalarda müalicəsinin həyata keçirilməsinə bir çox ölkə hazır deyildi. Azərbaycan dövləti Xarici İşlər Nazirliyinin xəttilə xarici ölkələrdə yaşayan vətəndaşlarımıza müraciət edərək, qaldıqları ölkələrdə mövcud olan karantin rejiminə əməl etməyə çağırmışdı və eyni zamanda, bildirmişdi ki, koronavirus təhlükəsi bitən kimi Azərbaycan öz vətəndaşlarını ölkəmizə gətirəcək. Bilirsiniz ki, Azərbaycan vətəndaşlarının ən çox getdiyi ölkələrdən biri Rusiyadır. Bu ölkəyə Azərbaycan vətəndaşları müxtəlif səbəblərdən gedirlər və orada işləyirlər. Demək olar ki, Rusiyada 2 milyondan artıq azərbaycanlı var, onların da böyük əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Belə olan halda, Azərbaycan hökuməti ölkəmizin Rusiyadakı səfirliyi vasitəsilə dəfələrlə Rusiyada yaşayan Azərbaycan vətəndaşlarına müraciət edərək, onlara martın 31-nə qədər Azərbaycan-Rusiya sərhədini keçməyi tövsiyə etsə də, lakin vətəndaşlarımız layqeydlik, başısoyuqluq göstərərək həmin tarixə qədər sərhədi keçmədilər. İnsanlar, həmişəki kimi, bu məsələyə biganə yanaşdılar. Bilirsiniz, qanun ona görə qəbul olunur ki, ona riayət olunsun. Azərbaycan hökuməti də bütün vətəndaşlardan mövcud qayda və qanunlara riqayət edilməsini tələb edir. Bu qərarlar virusun Azərbaycanda geniş yayılmamasına və bu bəladan az itki ilə çıxmağa xidmət edir. Rusiyada yaşayan Azərbaycan vətəndaşları da ölkəmizdə qəbul olunan qərarlara riayət etməlidirlər. Onlar dövlətin bir müddət əvvəl etdiyi çağırışlara layeyd, biganə yanaşdılar, onlara elə gəldi ki, qanundankənar hərəkət edə bilərlər, Azərbaycan dövləti verdiyi qərarların əleyhinə çıxıb onun çağırışlarına əməl etməyən vətəndaşları indiki şəraitdə ölkəyə gətirməlidir. Bu belə olmalı deyil, Rusiyada yaşayan vətəndaşlarımızın bu tələbi, etirazı yersizdir.
Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi bu ağır şəraitdə işləyirdi. Mən səfirliklə dəfələrlə əlaqə saxlamışam və səfirliyin “qaynar xətt”inin 24 saat fasiləsiz işlədiyinin şahidi olmuşam. Onlar gərgin işləyərək Rusiyadakı vətəndaşlarımızın ölkəmizə təxliyyəsi ilə məşğul olurdular. Səfirlikdə olan “qaynar xətt” işləyirdi ki, vətəndaşlar günün istənilən vaxtı zəng edib bütün məsələlərə aid suallara cavab alırdılar. “Qaynar xətt” vasitəsilə onlara hər şey izah olunurdu”.
Ş.Habiloğlunun sözlərinə görə, aprelin 5-dən sonra isə sərhədlər tam qapadıldı və bundan sonra da səfirlik fəaliyyətini davam etdirdi, vətəndaşlara vəziyyəti izah etməyə çalışdı. “Hətta səfirlik diaspor qurumları ilə də əlaqə saxlayıb onlardan xahiş edirdi ki, insanlara qanunları başa salsınlar. İzah etsinlər ki, hazırda Azərbaycanda ciddi karantin rejimidir və sərhədlər bağlıdır, vəziyyət düzələn kimi vətəndaşlar ölkəmizə gətiriləcək. Çox təəssüflər olsun ki, vətəndaşlarımız buna qulaq asmaq istəmirlər. Bu gün Dağıstan ərazisindən keçərək Rusiya və Azərbaycan sərhədinə Rusiyada yaşayan Azərbaycan vətəndaşları yığışıb və deyirlər ki, biz sərhədi keçməliyik. Ən dəhşətlisi odur ki, insanlar özləri orada qalır, sərhədə uşaqlarını, həyat yoldaşlarını göndərirlər. Bu insanlar ailələri, qohum-əqrəbaları haqqında düşünməlidirlər. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyada müvəqqəti məskunlaşan Azərbaycan vətəndaşlarına bir daha müraciət etdi və onlara vəziyyəti bir daha başa saldı ki, vəziyyət çox ciddir, bunu nəzərə alıb sərhədə getməyin. Vəziyyət ağır olduğu üçün vətəndaşların sərhədə yığılmasının heç bir əhəmiyyəti yoxdur. Sərhəd yalnız Azərbaycan tərəfindən deyil, Rusiya tərəfindən də bağlanıb. Bu, iki dövlət tərəfindən qəbul olunmuş qərardır. Bu qərara əməl edilməlidir. Qeyd etdiyim kimi, buna qədər də vətəndaşlara yazılı müraciətlər edilmişdi, onlara sərhədlər bağlı olduğu üçün Azərbaycan-Rusiya sərhədlərinə getməmək tövsiyə olunmuşdu.
Bu gün sərhəddə vəziyyət məlumdur və bu halda vətəndaşların Azərbaycan-Rusiya sərhədinə gəlib “bizi buraxın, bizi buraxmağa borclusunuz” tələbini irəli sürməsi qətiyyən doğru deyil. Rusiyada yaşayan vətəndaşlarımızın Azərbaycan-Rusiya sərhədlərinə gəlib müəyyən xoşagəlməz hallara yol verməsi Azərbaycan və azərbaycanlı adına müsbət nəsə gətirmir, millətimizi, dövlətimizi nüfuzdan salmağa xidmət edir. Belə qanunsuz əməllərə yol vermək olmaz. Bəzi vətəndaşlarımızın Azərbaycan-Rusiya sərhədlərində yol verdikləri qanunsuz hərəkətlərə və çağırışlara Azərbaycanın Rusiyadakı səfiri reaksiya verdi və vətəndaşlarımıza müraciət edərək onları sərhədə toplaşmamağa çağırdı. Hesab edirəm ki, vətəndaşlar səfirin çağırışlarından nəticə çıxarmalı, qaldıqları yerə qayıtmalı və sərhədin açılmasını gözləməlidirlər. Azərbaycan dövləti özünün bütün vətəndaşlarına diqqət və qayğı ilə yanaşır, koronavirus bitdikdən sonra onların da ölkəmizə qayıdışı təmin ediləcək” - deyə Ş.Habiloğlu vurğuladı.
İradə SARIYEVA