Azərbaycanın işğal altındakı ərazilərində mövcud olan separatçı rejim koronavirus təhlükəsi ilə əlaqədar olaraq “fövqəladə rejim”in tətbiqinə başlayıb. Erməni mediasının yaydığı məlumata görə, bununla bağlı separatçıların başçısı Bako Saakyan qərar verib.
B.Saakyanın “mətbuat xidməti” bildirib ki, separatçı lider Dağlıq Qarabağdakı əhaliyə müraciətlə, koronavirus pandemiyasından qorunmaq üçün fövqəladə rejimin tətbiqi ilə bağlı “fərman” imzaladığını elan edib. Fövqəladə rejimlə əlaqədar olaraq qondarma qurumun “dövlət naziri” Qriqoriy Martirosyan komendant təyin edilib. Tətbiq olunan rejim 30 gün – 12 apreldən 12 mayadək davam edəcək. Erməni mediası 14 apreldə Dağlıq Qarabağda qondarma rejimin “prezidenti” postuna keçiriləcək “seçki”lərlə (ikinci tur) bağlı məsələyə də aydınlıq gətirməyə çalışıb. Bildirilib ki, Qarabağdakı qondarma qurumun rəhbərliyi “seçki”lər günü bütün sanitar normalara əməl olunacağını deyib.
Onu da qeyd edək ki, işğal edilmiş Kəlbəcər və Laçın rayonlarının kəndlərində qanunsuz məskunlaşmış ermənilər arasında koronavirusa yoluxanlar var. Qondarma qurumda nə qədər adamın bu virusa yoluxması dəqiq bəlli deyil. Çünki separatçı rejim bunu gizlədir. Bütün bunlara baxmayaraq, separatçı və işğalçı tərəf “seçki” iddiasından əl çəkmir.
Göründüyü kimi, işğal olunmuş Dağlıq Qarabağda separatçıların qanunsuz “seçki” keçirdikləri, qondarma “seçki”nin saxtalaşdırmaları və bunu koronavirus şəraitində keçirmələri bəs deyil, üstəlik, fövqəladə vəziyyət rejimində də bu “seçki”ni növbəti dəfə keçirirlər. Buna baxmayaraq, hazırkı vəziyyətdə belə, dünya bu “seçki”nin dayandırılması üçün təsirli addım atmır. Buna nə qədər dözmək olar?
“...separatçıları durdurmaq üçün Azərbaycan hərbi yola əl atmalıdır”
Məsələyə münasibət bildirən siyasi şərhçi Ramil Hüseynovun sözlərinə görə, beynəlxalq qurumların bütün bu biabırçılıqları seyr etməsi dözülməzdir: “Separatçılar bütün oyunlardan çıxır, ancaq onların dayandırılması ilə bağlı beynəlxalq birlik hərəkətə keçmir. Düzdür, bir sıra beynəlxalq təşkilatlar, dövlətlər bu günlərdə ard-arda bəyan etdilər ki, martın 31-də keçirilən qondarma “seçki”ləri tanımırlar. Ancaq hesab edirəm ki, bütün bunlar yetərli deyil. Separatçıları dayandırmaq üçün daha sərt metodlar işə salınmalıdır. Bu məsələdə əsas məsuliyyət ATƏT-in Minsk Qrupunun üzərinə düşür. Daha dəqiq desək, həmsədr dövlətlər bunu dayandıra bilər. Ancaq, təəssüflər olsun ki, hər üç həmsədr Ermənistanla bu və ya digər dərəcədə yaxın münasibətlərə malikdir. Hətta separatçı qurumda bəzi humanitar xarakterli layihələrə vəsait ayırırlar. Bununla belə, separatçı qurumu təmsil edənlər Ermənistan pasportu ilə Avropa ölkələrini, ABŞ-ı dolaşırlar. Bax, belə bir ədalətsiz dünyada yaşayırıq. Bu baxımdan, hesab edirəm ki, separatçıları durdurmaq üçün Azərbaycan hərbi yola əl atmalıdır. Hesab edirəm ki, yalnız o halda beynəlxalq birlik hərəkətə keçəcək”.
Vidadi ORDAHALLI