Məlum olduğu kimi, Prezident İlham Əliyevin fərmanı ilə martın 19-da Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.
Müşahidələr göstərir ki, sözügedən fond yaradılandan sonra ora köçürülən ianələr durmadan artır. Belə ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna daxil olan vəsaitin məbləği 65 milyon dolları (110 milyon manat) ötür. İanələri köçürənlər arasında həm hüquqi, həm də fiziki şəxslər var. Belə ki, fonda 2753 hüquqi, 8688 fiziki şəxs ianə köçürüb. Bütövlükdə, əhalinin bütün təbəqələri imkanı daxilində fonda vəsait köçürməkdə fəallıq göstərir. Bununla bağlı cəmiyyətdə bir həmrəylik var.
Onu da qeyd edək ki, bənzər fond Ermənistanda da yaradılıb. Ancaq Azərbaycandan fərqli olaraq, Ermənistanda fonda köçürülən ianələrin məbləği çox aşağıdır. Belə ki, indiyə qədər bu məqsədlə ora cəmi 1,3 milyon dollar vəsait yığılıb. Həmin vəsaitin də 800 min dollara yaxını xarici donorların hədiyyəsidir. Əhali sözügedən məqsədlə ianə köçürməkdə maraq göstərmir. Belədə ermənilər özləri barədə elə rəy yaradırlar ki, guya onların milləti qədər təəssübkeş və həmrəy ikinci millət yoxdur.
Bütün hallarda, iki ölkə arasında ianə köçürmələrində bu qədər böyük fərqin yaranması nə ilə bağlıdır?
“Ermənilər, adətən, kənardan dilənməyə vərdiş ediblər”
Məsələyə münasibət bildirən AMİP-in sədr əvəzi Arzuxan Əlizadə belə fərqin yaranmasını bir neçə amillə əlaqələndirdi: “Bu onu göstərir ki, ermənilər, adətən, kənardan dilənməyə vərdiş ediblər. Yəni özləri barədə məzlum obraz yaradıb, başqa dövlətlərdən yardım umublar. Bu, tarixən belə olub. Ən yaxşı halda, xaricdəki erməni lobbisi Ermənistana maliyyə yardımı edir. Ancaq lobbi xəttilə Ermənistana edilən yardımların məbləği əvvəlki kimi çox deyil. Get-gedə bunun həcmi azalır. Bu özünü hər il xeyriyyə məqsədilə Birləşmiş Ştatlarda keçirilən telemarafonlarda da göstərir. Məsələ ondadır ki, bu məqsədlə toplanan vəsaitlər Ermənistandakı rejim tərəfindən təyinatı üzrə xərclənmir. Belə vəziyyət Ermənistanda 20 il hakimiyyətdə olan “Qarabağ klanı” dövründə də mövcud olub, Paşinyan hakimiyyətə gələndən sonra da dəyişən bir şey yoxdur. Yəni bu məsələdə müsbətə doğru dəyişiklik baş verməyib. Digər tərəfdən, koronavirusla mübarizədə erməni ictimaiyyətinin göstərdiyi passivlik və olduqca az ianə köçürməsi onların ağır sosial durumu ilə bağlıdır. Bu onu göstərir ki, Ermənistanda əhalinin sosial durumu çox acınacaqlıdır. O səbəbdən koronavirusla mübarizə məqsədilə toplanan vəsait çox azdır. Ancaq Ermənistandan fərqli olaraq, Azərbaycanın həm iqtisadi imkanları genişdir, həm də əhalinin sosial vəziyyəti yüksəkdir. Bundan başqa, bu, Azərbaycan xalqının daha həmrəy olmasının göstəricisidir”.
Vidadi ORDAHALLI