Türk Şurasının fövqəladə Zirvəsinin Bakıda və Azərbaycanın təşəbbüsü ilə keçirilməsi tarixi əhəmiyyətli hadisədir və özündən sonra yeni hadisələr doğurmaq gücündədir.
Bu sözləri baki-xeber.com-a politoloq Aydın Quliyev Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Şurasının fövqəladə Zirvəsinin bu günlərdə paytaxtımızda videokonfrans şəklində keçirilməsinin əhəmiyyətini şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, maraqlıdır ki, Türk dövlətləri bu gün koronavirusa yoluxma və sağalma sayına görə dünyada nisbətən ən yaxşı vəziyyətdə olan ölkələr sayılsa da, bu zirvə Türk ölkələrinin bəşəriyyətin taleyi üçün daha çox narahat olduqlarını və daha çox iş görmək istədiklərini nümayiş etdirdi:”Çox qiymətli tarixi faktdır ki, Türk dövlətləri Şurası koronavirusla mübarizəni məxsusi olaraq müzakirəyə çıxarmış ilk beynəlxalq təşkilat kimi tarixə düşdü. Bu əlamətdar zirvənin Azərbaycanın təşkilatda sədrliyi dövrünə düşməsinin bir ayrıca mənası var. Azərbaycanın bu təşəbbüskarlığı qəti şəkildə sübut etdi ki, ölkəmiz ümumtürk inteqrasiya proseslərinə həqiqətən çox şeylər vermək gücündədir və verəcək də. Azərbaycan üzvü olduğu bütün beynəlxalq təşkilatlarda yeniləşdirmə, təkmilləşdirmə və staqnasiya gücünə malik olduğunu Türk Şurasında da nümayiş etdirdi”.
Aydın Quliyev daha sonra bu mövqeyini konkret misallara qısaca baxmaqla əsaslandıraraq deyib:”Azərbaycan indiyədək İslam Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə xeyli yeniləşdirici addımlar atıb və bu qurum özünün təşkilatlanmasında bir sıra yeniliklərə görə Azərbaycana borcludur. Azərbaycan BMT TŞ-də bir il qeyri-daimi üzv oldu və sadə dildə desək, "bu təşkilat üçün yeni səhifələr yazdı". BMT-nin islahatlarla təkmilləşdirilməsinə dair Azərbaycanın bir neçə maraqlı təşəbbüsləri və təşəbbüslərə dəstək jestləri var. Nəhayət, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə çox böyük yaradıcılıq gücü nümayiş etdirməkdədir”.
Eyni yaradıcı və təkmilləşdirici gücünü Azərbaycanın Türk Dövlətləri Şurasına sədrliyi dövründə də göstərməkdə olduğunu deyən politoloq bildirir ki, Bakıda Türk zirvəsi ilə Azərbaycan indiki çətin dövrdə dünya dövlətlərinə koronavirusla mübarizədə öz dəyərli təcrübələrini başqaları ilə bölüşmək şansı verdi:”Bu mənada, koronavirusla mübarizədə Azərbaycanın öz milli təcrübəsinin digər dövlətlər üçün müstəsna əhəmiyyət kəsb edəcəyi şəksizdir. Türk dövlətlərinin inteqrasiya prosesində Azərbaycanın moderatorluq gücü ən pozitiv mənalarda getdikcə özünü daha parlaq nümayiş etdirəcək”.
Baki-xeber.com