Ermənistanda koronavirusa yoluxanların sayı 1013 nəfərə çatıb. Ümumilikdə ölkədə infeksiyadan 13 nəfər ölüb, 197 xəstə sağalıb, hazırda 803 nəfərin müalicəsi davam edir. Səhiyyə naziri Arsen Torosyan Ermənistan parlamentin səhiyyə və sosial məsələlər üzrə daimi komissiyasının iclasında deyib ki, Ermənistanda uzun müddət əvvəlki həyat rejiminə qayıtmaq mümkün olmayacaq:“Çünki koronavirusun yayılması nəzarətdən çıxıb". Erməni nazir bildirib ki, hökümətə fövqəladə vəziyyət rejimininin uzadılması barədə təklif irəli sürüləcək: "Bu, koronavirusun qarşısının alınması üçün göstərdiyimiz səylərin davamlılığının təmin edilməsi baxımından vacibdir. Fövqəladə rejim ləğv olunarsa, səhiyyə sistemi xəstələrin axınının öhdəsindən gələ bilməyəcək. Belə bir vəziyyətin yaranmasına yol vermək olmaz. Koronavirus Ermənistanı gəzir və infeksiya ocaqlarına nəzarət itib". Onun sözlərinə görə, infeksiya zənciri qırılmalıdır və bunun üçün uzunmüddətli tədbirlər lazımdır.
Ancaq maraqlıdır ki, bu cür açıqlamanın fonunda Paşinyan iqtisadiyyatın, demək olar ki, bütün sferalarında tətbiq edilən qadağalar rejimini yumşaldıb. Aprelin 13-dən isə açıq havada tikinti işlərinin aparılmasına da icazə verilib. Paşinyan bu barədə məlumatı özünün “Facebook” səhifəsində yazıb. Maraqlı və paradoksal vəziyyət yaranır. Ölkənin səhiyyə naziri koronavirusla bağlı vəziyyətin acınacaqlı olduğunu, hətta buna nəzarət imkanlarının olmadığını deyir, ökədə hökm sürən fövqaladə vəziyyət qüvvədə qalır, ancaq iqtisadiyyatın bütün sahələrində fəaliyyətin bərpa olunmasına icazə verilir. Demək, ölkə iqtusadiyyatı fövqəladə vəziyyətə dözmədi. Ehtimal etmək olarmı ki, Paşinyan iqtisadiyyatın tam çöküşündən qorxduğu üçün belə qərar verməyə məcburdu?
Hatəm Cabbarlı:“Hər nə olsa da, artıq Ermənistan bölgə üçün həm də pandemiyanı yayan ölkə kimi təhlükə saçır”
Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan hökumətinin gücsüzlüyü əvvəldən bəlli idi:“Çünki buna ancaq iqtisadiyyatı güclü olan ölkələr tab gətirə bilərdi. Onsuz da dotasiya hesabına yaşayan Ermənistanın üstəlik bütün fəaliyyət sferalarını qadağan etməsi uzun sürə bilməzdi. Hələ proses yeni başlayanda Ermənistan elan etdi ki, onların tibbi personalı çatmır. Statisika da göstərir ki, Ermənistanda pandemiya sürətlə yayılır. Hətta deyərdim ki, bu istiqamətdə onlar digər Cənubi Qafqaz ölkələrini də qabaqlayır. Nikol Paşinyan karantin tədbirlərinin yumşaldılmasına icazə verib. Yalnız strateji, dövlət əhəmiyyətli sahələr deyil, demək olar ki, iqtisadiyyatın bütün sahələrinə işləmək icazəsi verilib. Ancaq biz səhiyyə nazirinin açıqlamasında həyəcan təbilinin çalındığını görürük. O deyir ki, koronavirusla mübarizə idarəolunmaz hala gəlib. Bu o nəticəyə gəlməyə əsas verir ki, hökumət vətəndaşları pandemiya ilə mübarizədə taleyin ümidinə buraxıb. Ehtimal edirəm ki, Paşinyanın bu qərarı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də nəzərdən keçirilə bilər. Çünki bu, faktiki olaraq, pandemiyanın yayılmasına münbit şərait yaratmaq anlamına gəlir. Paşinyanın bu qərarı qüvvəyə mindikdən sonra biz Ermənistanda pandemiyanın sürətlə yayılmasının yeni bir dalğasını müşahidə edəcəyik. Bu gedişlə Paşinyan həm də beynəlxalq ictimaiyyətin diqqətini özünə cəlb etmək istəyir ki, bəşəri problemlə mübarizədə yaxşı yardım əldə edə bilsin. Hər nə olsa da, artıq Ermənistan bölgə üçün həm də pandemiyanı yayan ölkə kimi təhlükə saçır. Bu vəziyyətə düşməyinə görə Ermənistan yalnız özünü qınamalıdır. Onu bu cür rəzil vəziyyətə salan işğalçılıq siyasətidir. Məhz bu amil onun təcrid olunması və dilənci vəziyyətinə düşməsinə səbəb olub”.
Məhəmmədəli QƏRİBLİ