Koronavirus pandemiyasının dünya ölkələrinin hamısına müxtəlif dərəcədə iqtisadi zərər vurması artıq heç kimə sirr deyil. İqtisadiyyatı zəif olanların bundan daha çox təsirlənməsi də birmənalı həqiqətdir. Məsələn, işğalçı Ermənistanın zəif iqtisadiyyatı koronavirusun yaratdığı mənfi təsirlər altında daha sürətlə çökür.
Yaranmış vəziyyətdə Ermənistanda getdikcə daha çox diqqət yetirilən məsələlərdən biri də bu halda Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli halında ölkənin durumunun necə olacağıdır. Xüsusən də ordumuzun son hərbi təlimindən sonra bu məsələ işğalçı ölkədə xeyli dərəcədə aktuallaşıb. Xatırladaq ki, müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 və Su-25 təyyarələrinin cəlb olunması ilə taktiki-uçuş təlimi keçirilib. Təlim zamanı qarışıq aviasiya qrupları tərəfindən yerüstü hədəflərin məhv edilməsi, hava hədəflərinin ələ keçirilməsi, hava hücumundan müdafiə səddinin aşılması və radioelektron mübarizə vasitələrindən istifadə olunmaqla şərti düşmənin hava hücumunun dəf edilməsi kimi tapşırıqlar məşq etdirilib. Pilotlar yeni və modernizə olunmuş radioelektron mübarizə vasitələri ilə yaxın, orta və uzaq mənzilli hava hücumundan müdafiə sistemlərinin susdurulması imkanlarını yoxlayıb, eləcə də aviasiya vasitələrinin tətbiqi bacarıqlarını təkmilləşdiriblər.
İndi Ermənistanda bu fonda hesab edilir ki, Azərbaycan təlimləri indiki şəraitdə keçirməklə koronavirusun daha böyük zərbə vurduğu İrəvana açıq mesajlar verir. Məsələ burasındadır ki, koronavirus Azərbaycan və Ermənistana fərqli həcmdə zərər vurur. Azərbaycan iqtisadiyyatı, maliyyə imkanları buna tab gətirməyə imkan verirsə, Ermənistanda vəziyyət fərqlidir. Koronavirus sözün əsl mənasında Ermənistanın çöküşünü daha sürətli hala gətirir. Hətta o da məlumdur ki, Ermənistanda koronavirusun yayılması artıq nəzarətdən çıxıb. Ölkənin səhiyyə naziri Arsen Torosyan Ermənistanın parlamentinin səhiyyə komitəsinin iclasında çıxışı zamanı faktı etiraf edib: “Deyə bilmərik ki, bizdə koronavirusun yayılması dayanıb. Əgər əvvəllər bir mənbədən 50 yoluxma halı baş verirdisə, indi biz 10 və ya 20 mənbədən 16, 20 bəzən də 30 yoluxma halı ilə qarşılaşırıq. Bu da onu deməyə əsas verir ki, koronavirusun yayılması nəzarətdən çıxıb”. Elə polittexnoloq Vigen Akopyan da vəziyyətin yaxşı olmadığını bildirib. Akopyan qeyd edir ki, indiki halda Ermənistan hakimiyyəti harada olduğu və hara getmək istədiyi barədə sistemli anlayışa sahib deyil. O bildirib ki, hakimiyyət nəsə etmək istəyir, qabaqlayıcı tədbir görməyə çalışır, amma hazırda situasiya mövcud siyasi kursun əleyhinədir. Akopyanın sözlərinə görə, ölkədə fövqəladə vəziyyət elan edilib, karantin var, amma vəziyyətə nəzarət mümkün olmur: “İstər insanları evdə saxla, istər saxlama, fərqi yoxdur, bu, anlaşılmaz hibrid vəziyyətdir. Sistemli mexanizmin olmadığına məmurların açıqlamaları da şahidlik edir. Paşinyan bir söz deyir, komendant başqa söz; səhiyyə naziri isə bir ay öncə tam başqa tərəfdə idi, indi əksinədir və ümumiyyətlə, o nə vaxt adekvat olub ki! Bu halda Ermənistanın sosial-iqtisadi durumunun daha da ağırlaşması müşahidə olunur. Bir şey aydındır ki, biz itirəcəyik. Biz hələ ən ciddi krizisi hiss etməmişik. Mən o fikirlə tam razıyam ki, bizi qarşıda əsl iqtisadi fəlakət gözləyir”. Ekspert bildirir ki, bu halda ordunun təminatında yaranacaq problemlər Ermənistanın təhlükəsizliyinə də birbaşa təsir edəcək:“Ən çox narahatlıq yaradan məqamlardan biri də Qarabağ münaqişəsi ilə bağlıdır. İndiki halda məsələ hərbi həll müstəvisinə keçsə, problemlər çox olacaq. Azərbaycan yenə güc nümayiş etdirir. Dünyanın başı isə koronavirusa qarışıb və məni narahat edən budur ki, indi savaş başlasa, ona diqqət yetirən, beləliklə də Azərbaycanı dayandıran olmayacaq”. Bunlar fonunda Ermənistan Xarici işlər naziri Zöhrab Mnatsakanyanın dedikləri də təsadüfi sayılmır. Mnatsakanyan vurğulayır ki, koronavirus Qarabağ konfliktinin həlli prosesinə müəyyən təsir göstərib. O, ATƏT sədrinin şəxsi nümayəndəsinin hazırda monitorinq aparmadığını da bildirib və ölkəsinin proseslərin inkişaf istiqamətindən narahat olduğunu qeyd edib. Daha bir erməni ekspert Alen Qulyan da eyni mövqe sərgiləyir. O xatırladır ki, Azərbaycan Silahlı Qüvvələri cəbhə xətti yaxınlığında yerləşən təlim sahələrində 3-4 gün ərzində hərbi təlimlər keçirib. Ekspert qeyd edib ki, əvvəllər snayper təlimləri keçirirdilərsə, indi artıq artilleriya, tanklar və aviasiya tətbiq edilir: “Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən yayılmış məlumatlardan məlum olub ki, aprelin 9-da T-90 tankları, D-20, D-30 və “Qiatsint-B” özüyeriyən haubitsaları ilə təlimlər keçiblər. Bundan başqa, aprelin 9-da hərbi aviasiya da tətbiq ediblər. Azərbaycanlı hərbi jurnalistlər və cəbhə xəttində yaşayan istifadəçilər yazır ki, təyyarələr cəbhə xəttinə yaxın ərazidə də uçuşlar edib. Onların sözlərinə görə, Tərtər rayonundan Füzuli rayona qədər uçuşlar edilib. Az əvvəl Azərbaycan tərəfində məlumat yayılıb ki, aprelin 10-da “Smerç” yaylım atəşli reaktiv sistemləri ilə döyüş atışlı təlimlər keçirilib. Bunlar olduqca narahatedicidir və Azərbaycanın güc variantından imtina etmədiyini bir daha təsdiq edir”. Daha bir erməni siyasi ekspert Hayk Xaçikyan da savaşı istisna etmir: “İnternetdə məlumat yayılıb ki, Azərbaycan Silahlı Qüvvələri cəbhə xətti yaxınlığında yerləşən təlim sahələrində hərbi təlimlər keçirib. Xüsusən də cəbhə xətti yaxınlığındakı uçuşlar indi daha çox diqqət cəlb edir. Əlbəttə, Azərbaycan Müdafiə Nazirliyi təlim uçuşları həyata keçirdiklərini bildirib, bənzər şeylər mütəmadi olaraq edilir. “Smerç”in tətbiq olunması ilə bağlı deyə bilərəm ki, son günlərdə mənə “Smerç”in cəlb olunmasının yalnız bir halı məlumdur, o da Naxçıvanda. İndi genişmiqyaslı hərbi təlim deyil, lakin Azərbaycan vəziyyəti bir neçə saat ərzində 180 dərəcə dəyişə bilər. Bax bu da çox narahatedicidir. Xüsusən də koronavirusun Ermənistana vurduğu zərərlər fonunda ordunun təminatında problemlərin artdığı bir vaxtda”.
Bütün bu qeyd edilənlər fonunda daha bir maraqlı açıqlama da rusiyalı siyasi ekspert Denis Korkodinovdan gəlib. O bildirir ki, İrəvan həqiqətən də çətin bir durumdadır və qonşu ölkələrlə münaqişə şəraitində olan Ermənistan koronavirusla bağlı vəziyyəti saxtalaşdırmağa məcburdur. Onun sözlərinə görə, koronavirusla bağlı obyektiv informasiya Ermənistanın potensial düşmənləri tərəfindən hücum üçün real bəhanə kimi istifadə edilə bilər:“Bununla bağlı Ermənistan baş naziri Nikol Paşinyan və onun ətrafı ilk növbədə dövlət təhlükəsizliyi üçün beynəlxalq ictimaiyyətin neqativ epidemioloji situasiya haqqında doğru məlumatları əldə etməsində maraqlı deyil. Bununla bərabər, Ermənistan həqiqəti gizlədərək, bu gün koronavirusun yayıldığı Yəmən, Suriya və İraq kimi ölkələrdən fərqlənmir. Məsələn, Yəmən Ali Siyasi Şurasının liderləri bilərəkdən koronavirusla bağlı informasiyanı gizlədir ki, bundan koalisiya qüvvələri husilərə genişmiqyaslı hücumlar üçün istifadə etməsin. Yekunda Ümumdünya Səhiyyə Təşkilatı üçün koronavirusun Yəmənə toxunmadığı görüntüsü yaradılır. Beləliklə, erməni rəhbərliyinin real epidemioloji vəziyyət barədə informasiyanı gizlətməsində qeyri-adi heç nə yoxdur. İrəvan Bakının bu informasiyanı Qarabağı azad etməklə bağlı şəxsi planlarını reallaşdırmaq üçün istifadə edəcəyindən qorxur”. Qeyd edək ki, elə bu günlərdə də "COVİD-19 Ermənistan" qrupu keçirdiyi mətbuat konfransında Paşinyan hökumətini koronavirusdan baş verən ölümləri gizlətməkdə suçlamış və faktlar təqdim etmişdi. Bu ölkənin Səhiyyə Nazirliyinin Xəstəliyə Nəzarət və Profilaktikası Mərkəzinin son məlumatına görə isə, Ermənistanda koronavirusa yoluxanların sayı 1 039-a çatıb. Bildirilir ki, son sutkada COVID-19-a daha 26 nəfər yoluxub, 1 nəfər ölüb. Bununla da virusdan ölənlərin sayı 14-ə çatıb. Hazırda 814 nəfərin müalicə olunduğu bildirilib. Eləcə də Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində koronavirusa yoluxanların sayı 6-ya çatıb. Qeyd edilir ki, yeni müayinə edilən 9 nəfərdən birində koronavirusa yoluxma təsdiqlənib. Həmin şəxs daha əvvəl virusa yoluxanın həyat yoldaşıdır. İndiyədək Qarabağda 6 nəfərin koronavirusa yoluxması barədə məlumat açıqlanıb. Amma elə erməni mediasında yer alan məlumata əsasən, həm Ermənistanda, həm də onun işğal altnda saxladığı Azərbaycan ərazilərində koronavirusa yoluxanların sayı rəsmi rəqəmlərdə göstərildiyindən dəfələrlə çoxdur. Hətta bu səbəbdəndir ki, Dağlıq Qarabağ da qondarma rejim koronavirusa görə “fövqəladə vəziyyət” elan edib. Bununla Dağlıq Qarabağ bölgəsində də koronavirus pandemiyasının geniş yayıldığı dolayısı ilə etiraf olunub. Qarabağ separatçılarının lideri Saakyan fövqəladə vəziyyət rejiminin 12 apreldən 12 maya qədər davam edəcəyini bildirib. Bütün bunlar koronavirus pandemiyasının düşmən tərəfdə genış yayıldığını bir daha təsdiq edir. Hesab edilir ki, virus geniş yayıldıqca Ermənistanın tənəzzülü daha dinamik xarakter alacaq və bu da işğalçının indiki Qarabağ siyasətini davam etdirməsini mümkünsüz hala gətirəcək.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.