Dünya iqtisadiyyatında yaranan tənəzzülün qarşısının alınmasının əsas yollarından biri enerji bazarlarında qiymət enışinin qarşısının alınmasından və onu müəyyən həddə sabit saxlamaqdan keçir. Bir vaxtlar neftin qiymətinin ucuz olması istiqamətində aktiv fəaliyyət göstərən ABŞ özü də artıq bunu etiraf etməyə məcburdur. ABŞ-n energetika katibi Dan Bruyettbynin bu xüsusda açıqlamaları xüsusi diqqət çəkir. Onun sözlərinə görə, ABŞ hökumətinin fikrincə, dünya iqtisadiyyatının mövcud böhran vəziyyətindən tam çıxması üçün enerji bazarlarında sabitləşmə və neftin ucuzlaşmasının dayandırılması vacib şərtlərdir.
“Böyük iyirmilik” ölkələrinin energetika nazirləri arasında keçirilən videokonfransda bütövlükdə beynəlxalq birlik tərəfindən sürətli və qətiyyətli tədbirlərin zəruri olduğunu dilə gətirən Ağ Ev rəsmisi qeyd edir:“Böyük iyirmilik” ölkələrinin də ortaq mənafeyinə uyğun olan variant kimi enerji sahəsinin “güc mövqeyi”nə qayıtması vacibdir. Son məramımız aydındır: bütün dünyadakı insanların həyatını və gəlir mənbələrini qorumaq şərtilə qiymətlərdə sabitliyi bərpa etmək, sərbəst və açıq bazarları inkişaf etdirmək, dünyanı yenidən rifaha qaytarmaq. Mən hamını indiki və gələcək nəsillər xətrinə bu böhrana lazımınca ciddi münasibət göstərməyə səsləyirəm”.
Bundan başqa, məhz ABŞ-ın sayəsində artıq yeni OPEC+ sazişi də qüvvəyə minib. Belə ki, aprelin 12-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında keçirilən 10-cu iclasında gündəlik neft hasilatının azaldılması ilə bağlı Əməkdaşlıq Bəyannaməsi təsdiqlənib. Qeyd edək ki, aprelin 9-da OPEC+ ölkələri nümayəndələrinin onlayn görüşü keçirilib. Görüşdə neft bazarının sabitliyi müzakirə olunub. İştirakçılar ümumi razılaşmaya nail olmayıblar. Çünki Meksika təklif edilmiş şərtlərdən imtina edib. Tərəflər Meksikadan hasilatı 400 min barrel azaltmağı istəsələr də, bundan imtina edilib. Nəhayət, prosesə ABŞ müdaxilə edib. Əməkdaşlıq Bəyannaməsinə edilmiş düzəlişlərə əsasən Meksikanın hasilat kvotaları may-iyun aylarında 400 min barrel əvəzinə 100 min barrel müəyyənləşdirilib. Meksikanın öhdəliyinin digər qismini kompensasiya etmək üçün ABŞ-ın öz hasilatını əlavə olaraq 300 min barrel azaltması ilə razılaşılıb. Beləliklə, gələn aydan neft hasilatında ciddi azalmalara gediləcək. Belə ki, OPEC+ üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 milyon barrel azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib. OPEC+ ölkələrinin qərarına Azərbaycan da öz dəstəyini ifadə edib. Energetika naziri Pərviz Şahbazov dünya neft bazarının sabitləşdirilməsi məqsədilə neft ölkələrinin mövqeyini yüksək qiymətləndirib: “Son görüş və OPEC+un qəti mövqeyi hasilatın azaldılması ilə bağlı qərarın icrası üzrə maneələri və tərəddüdləri aradan qaldırdı. Hasilata müdaxilələrlə neft bazarının tənzimləmə mexanizmi qlobal səviyyədə dəstəklənir və bu dəstək neft bazarının sabitləşdirilməsinə töhfə verəcək. Həmçinin bu qərar OPEC+ formatından kənardakı ölkələrin də hasilatı azaltmalarını təşviq edəcək”. OPEC+ sazişi fonunda dünya bazarlarında qiymətlər artlq yüksəlir. Gələn aydan qiymət artımı özünü daha qabarıq şəkildə büruzə verəcək. İlk mərhələdə neftin bir barrelinin qiymətinin 45-55 dollar arasında dəyişməsi gözlənilir. Bu qiyməti əksər hasilatçı ölkələr, o cümlədən Azərbaycan ədalətli sayır. “SOCAR Turkey Enerji A.Ş”nin baş icraçı direktoru Zaur Qəhrəmanov bu xüsusda bildirir: “İnanırıq ki, neftin bir barrelinin qiymətinin 45-55 dollar arasında olması ABŞ, Səudiyyə Ərəbistanı və Rusiya ilə yanaşı, digər ölkələr üçün də ideal səviyyədir". O qeyd edib ki, bu qiymətlər neft hasil edən ölkələrin hamısı üçün uyğun ola bilər: “Amerikanın hasil etdiyi şist neftinin bir barrelinin maya dəyəri 30-35 ABŞ dolları məbləğindədir. Onlar da optimallaşdırma həyata keçirdilər. Buna görə də 45-55 ABŞ dolları arasında qiymətlər hamı üçün ideal səviyyə olar”. Hesab edilir ki, gələn aydan hasilatın azaldılması fonunda qiymətlərin bu həddə çatmasını gözləmək olar. Digər tərəfdən, yaxın tezlikdə hasilatın azaldılmasında yeni kvota müəyyən edilməsi də gözlənilir. Bu zaman qiymətlərin 60 dollarlıq həddə çatması proqnozlaşdırılır. Bu isə, Azərbaycan da daxil olmaqla, digər hasilatçı ölkələr üçün komfort hədd sayılır.
“Verocy&Global Head Startegy” Fondunun direktoru Siril Viddershoven də hasilatın daha çox azaldılmasını vacib sayır. O qeyd edib ki, OPEC+ alyansı və “Böyük iyirmilik” qrupu gündəlik hasilatı 17-25 milyon barrel azltmayana qədər bazarları idarə etmək çətin olacaq. Ekspert əlavə edib ki, neftə tələbatın ən aşağı səviyyədə olduğu hazırkı vəziyyətdə 10-15 milyon barrel həcmində azalma təkcə qiymətlərin indiki səviyyədə qalmasını təmin edə bilər. Viddershovenin sözlərinə görə, Birləşmiş Ştatlar üçün də qiymətlərin artımı vacibdir: “ABŞ-ın neft ehtiyatlarının həcmi müvəqqəti olaraq yerli istehsalçılardan xam neft qəbul etməyə imkan verir və onların da dolması yerli şirkətlərin iflası ilə nəticələnə bilər. Eyni zamanda, şist neftinin gündəlik 2-4 milyon barrel azalması bazarlarda sabitlik yarada bilər. Ona görə, hasilatin daha da azaldılması üçün ABŞ-ın fəaliyyətini davam etdirməsi gözləniləndir”. “Rystad Energy” şirkətinin neft bazarları üzrə analitiki Luis Diksonun fikrincə, hazırkı vəziyyətdə OPEC+ alyansının əməkdaşlığı və atdığı addımlar misilsizdir. O qeyd edib ki, indi neft hasilatçısı ölkələr daha çox həmrəy olmalı, kompromis variantlara üstünlük verməlidir. Ekspert əlavə edib ki, 2020-ci il ərzində hasilatın gündəlik 10 milyon barrel azaldılması və koronavirus pandemiyası ilə bağlı vəziyyətin sabitləşməsi qlobal neft bazarında müsbət meyllər yaradacaq.
Nahid SALAYEV