Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunub.
Baki-xeber.com türk mətbuatına istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzinin binası üzərində Türkiyə bayrağının əks etdirilməsini qardaş ölkənin Bakıdakı səfiri Erkan Özoral da izləyib.
Özoral, jurnalistlərə verdiyi açıqlamada, qlobal miqyasda əvvəllər heç bir nəslin görmədiyi, gələcək nəslin də görməsini istəmədikləri bir dövrdən keçdiklərini söyləyib.
Bütün dünyanın koronavirüsla mübarizə apardığını ifadə edən səfir Özoral daha sonra bildirib: "Bu mövzuda beynəlxalq həmrəyliyin çox böyük əhəmiyyəti var. Bu gün Türkiyə və Azərbaycan bayraqları Heydər Əliyev Mərkəzinin binası üzərində canlandırılır. İki qardaş bayrağın bir arada dalğalanması bizlər üçün qürurvericidir. Türkiyə ilə Azərbaycanın bir-biri ilə yaxınlığını, həmrəyliyini və qardaşlığını göstərən çox gözəl bir nümayişin şahid oluruq".
Erkan Özoral, bunun reallaşmasında əməyi olanlara təşəkkürünü bildirərək, hər kəsi sosial məsafəni qoruyaraq və mümkün qədər evdə qalmaqla epidemiya ilə mübarizəyə töhfə verməyə çağırıb.
Türkiyə Xarici İşlər naziri Mövlüd Çavuşoğlu da rəsmi Tvitter səhifəsində Heydər Əliyev Mərkəzinin binası üzərində Türkiyə bayrağının əks etdirilməsilə bağlı paylaşım edib.
Paylaşımda deyilir ki, Bakının simvollarından olan Heydər Əliyev Mərkəzində COVID-19-la ortaq mübarizə çərçivəsində Türk bayrağı Azərbaycan bayrağı ilə birliktə dalğalanır. Tək millət, tək ürək! Türkiyə Azərbaycan #BirliktəYeneceğiz".
Qeyd edək ki, aprelin 3-dən başlayaraq virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi "COVID-19"un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.
İndiyədək koronavirusun geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya və İspaniyanın bayraqları Mərkəz binasının üzərində nümayiş olunub.