Ermənistan mediasında Rusiya əleyhinə silsilə yazıların verilməsi davam edir. Bu arada erməni mediası yazır ki, Avrasiya İqtisadi İttifaqının iqtisadi əsasları yoxdur. Aİİ, əslində, Rusiyanın postsovet məkanında siyasi və iqtisadi təsirini saxlamaq cəhdidir.
Müstəqillik elan edən ölkələr iqtisadi cəhətdən suveren olmağa çalışırlar, amma Moskva buna imkan vermir: “Bu, Rusiyanın, demək olar ki, bütün erməni infrastrukturlarını və böyük aktivlərini idarə etdiyi Ermənistanda xüsusilə nəzərə çarpır. Ancaq böhran dövründə bu aktivlər həm Ermənistan, həm də Rusiya üçün böyük bir yükə çevrilir və ciddi dəyişikliklərə səbəb ola bilər”.
Daha sonra qeyd olunur ki, koronavirus pandemiyası artıq Ermənistanda üç böyük böhrana səbəb olub. Hər üç problemə görə də məhz Rusiya ittiham edilir: “Əvvəlcə qaz sahəsində yanğın "başladı". Dünya bazarında yanacağın qiymətinin düşməsinə və Ermənistanın qazın qiymətinin salınması təklifinə baxmayaraq, "Qazprom-Ermənistan" şirkəti tarif artımı üçün müraciət edib. Belə ləyaqətsiz davranış Rusiya-Ermənistan birliyinin, Aİİ-nin və digər "qardaş" sindikatların acınacaqlılığını göstərdi.
İkinci "partlayış" gözlənilmədən aviasiya sənayesində baş verdi. Məlum oldu ki, beynəlxalq tənzimləmə orqanı iki erməni aviaşirkətini lisenziyasından və Avropaya uçmaq hüququndan məhrum edib. Erməni mətbuatı bu məsələ ilə bağlı təfərrüatlara girməməyi üstün tutur. Ancaq Azərbaycan mətbuatı açıq yazır ki, bu, erməni aviaşirkətlərinin, əslində, Putinin aşpaz şirkətinin sifarişi ilə silah tədarük edərək Afrika ölkələrinə şübhəli uçuşlar etməsi ilə əlaqədardır. Ermənistan hökuməti Avropanın ucuz hava yollarını cəlb etməyə başlayan kimi, erməni şirkətlərinin işləri qəfildən pisləşdi. Bunda Moskvanın əli olması mümkündür.
Birdən-birə "yıxılan" üçüncü sahə isə telekommunikasiya sahəsidir. Bu gün məlum oldu ki, Ermənistanın “Ucom” şirkətinin rəhbərliyi və mütəxəssislərinin əksəriyyəti istefa ərizələrini təqdim ediblər. “Ucom” Ermənistanın rabitə bazarındakı yeganə erməni şirkətidir. Digər ikisi - "Beeline" və "MTS" Rusiya şirkətləridir. Bu onu göstərir ki, Rusiya telekommunikasiya sahəsində payını azaltmaq istəmir.
Əslində, Ermənistan iqtisadiyyatının ən vacib üç sektoru - qaz, aviasiya və rabitə birdən dərin bir böhran vəziyyətinə düşdü. Bu böhran ölkənin iqtisadi suverenliyinin olmaması və Rusiyanın ölkəyə nəzarəti davam etdirmək cəhdləri ilə əlaqədardır”.
Göründüyü kimi, koronavirusun tüğyan etdiyi dövrdə Ermənistan sözügedən sahələrdə baş verən böhrana görə Rusiyanı ittiham edir. Hansı ki, Ermənistanın var olması Rusiyanın hesabına mümkün olub.
“Paşinyana yaxın olan mətbuat mütəmadi olaraq Rusiyanı tənqid atəşinə tutur”
Məsələyə münasibət bildirən politoloq Elşən Manafovun sözlərinə görə, erməni mediasında Rusiya əleyhinə bu kimi yazıların getməsi bir sıra amillərlə bağlıdır: “Əvvəla Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi üzündən Ermənistan regionda bütün layihələrdən kənarda qalıb. Nəticədə Ermənistanın iqtisadiyyatı yerində sayır. Paşinyan hakimiyyəti belə vəziyyətdə müəyyən manevrlər etmək istəyir. Ancaq bu manevrlərin hələ ki, Ermənistanın çökməkdə olan iqtisadiyyatına bir faydası yoxdur. Digər tərəfdən, Ermənistan iş adamlarının dünya bazarına çıxmaq imkanları yetərincə məhduddur. Bütün bunlarla yanaşı, Ermənistanın Avrasiya İttifaqından gözləntiləri özünü doğrultmur. Faktiki olaraq, Aİİ Ermənistanın mövcud problemlərinin aradan qaldırılması üçün heç nə etmir. Xüsusən də qazın qiymətinin salınması ilə bağlı danışıqlar heç bir nəticə vermədi. Hansı ki, koronavirus pandemiyasi ilə əlaqədar enerji daşıyıcılarının qiyməti xeyli düşdü. Bu baxımdan, Rusiya qiymətlərdə güzəştə gedə bilərdi, amma getmədi. Rusiya yaxşı başa düşür ki, enerji məsələsində Ermənistanın alternativi yoxdur və yaxud da olduqca məhduddur. Ona görə də Rusiya bu məsələdə güzəştə getmək istəmir. Bunu da Ermənistandakı müəyyən dairələr ölkə üçün təhqir hesab edirlər. Bu səbəbdən Rusiyaya yönəlik tənqidlər artır. Digər tərəfdən, Ermənistanın telekommunikasiya sahəsi Rusiyaya yaxın şirkətlərin inhisarındadır. Paşinyan onlarla razılıq əldə edə bilməsə, problemləri həll edə bilməyəcək. Müşahidələrə əsasən, Rusiya telekommunikasiya şirkətləri güzəştə getmək istəmirlər. Bütün bunlar onu göstərir ki, Rusiya, əvvəllər olduğu kimi, yenə də Ermənistanı forpost hesab edir. Ermənistan uğrunda Qərblə gedən geosiyasi mübarizə kontekstində Kreml güzəştə getmək istəmir. Bir növ, Rusiya Paşinyan iqtidarını cəzalandırır. Ona görə də Paşinyana yaxın olan mətbuat mütəmadi olaraq Rusiyanı tənqid atəşinə tutur”.
Vidadi ORDAHALLI