“Rusiya Federasiyası Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova aprelin 9-da keçirdiyi brifinqdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində seperatçı rejimin keçirdiyi "parlament və prezident seçkilərinə" münasibət bildirərkən deyib.
Rusiya XİN sözçüsü bununla bağlı tərkibinə Rusiya, Fransa və ABŞ-ın daxil olduqları ATƏT-in Minsk Qrupu həmsədrlərinin birgə bəyanatının olduğunu xatırladıb. Minsk Qrupunun bəyanatında qeyd olunurdu ki, heç bir həmsədr ölkə, yaxud da digər dövlət Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır.
Zaxarova onuda bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması separatçı rejimin keçirdiyi “seçkilər”dən asılı deyil: “Hesab edirik ki, seçkilər əhalinin normal həyat fəaliyyəti üçün vacibdir. Bununla yanaşı, Rusiya Federasiyası, bildiyiniz kimi, Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır. Onun statusu siyasi danışıqlar yolu ilə təyin edilməlidir. Bununla, yəni bütün problemlər kompleksi ilə Minsk Qrupu məşğul olur. Hesab etmirik ki, Dağlıq Qarabağ münaqişəsinin bundan sonra sülh yolu ilə nizamlanması prosesi hansısa mənada adıçəkilən tədbirdən asılıdır”.
Göründüyü kimi, həmsədr ölkə olan Rusiya məlum mövqeyi ilə separatçı qurumdakı “seçkiləri” iflic etdi. Məhz Rusiyanın belə mövqeyi çox önəmlidir.
“Ermənistanın keçirdiyi qondarma “seçkilər”ə beynəlxalq birliyin mənfi münasibəti göstərdi ki, rəsmi İrəvanın seçki şousu fiaskoya uğradı”
Sözügedən məsələni dəyərləndirən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın keçirdiyi qondarma “seçkilərə” beynəlxalq birliyin mənfi münasibəti göstərdi ki, rəsmi İrəvanın seçki şousu fiaskoya uğradı: “Rusiyanın mövqeyinə gəldikdə isə, rəsmi Moskvanın mövqeyi önəmlidir. Zaxarovanın bu bəyanatı indiki məqamda yerinə düşür. Baxmayaraq ki, Rusiya daha sərt mövqe sərgiləməli idi. Çünki digər ölkələrin XİN-ləri qondarma seçkilərə etiraz etdi. Təəssüf ki, biz bunu Rusiyanın timsalında görmədik. Ancaq buna baxmayaraq, gec də olsa, Rusiyanın mövqe sərgiləməsi yaxşı oldu. Minsk Qrupunun həmsədri olaraq Rusiyanın buna ciddi neqativ münasibət bildirməsinə ehtiyac var idi. Qarabağdakı qondarma “seçkilər” danışıqlar prosesinə mənfi təsir edir. Minsk Qrupunun həmsədrləri Ermənistana belə bir “seçki”nin keçirilməsinə imkan verməməli idi. Ancaq onların yanaşmaları göstərir ki, Qarabağdakı qondarma “seçki” danışıqlara heç bir təsir etməyəcək. Bəzi dairələr çalışırlar ki, Qarabağdakı separatçılar müstəqil tərəf olsun. Ancaq Azərbaycanın prinsipial mövqeyi bunun qarşısını alır”.
Vidadi ORDAHALLI