Azərbaycan dövləti zaman-zaman türk birliyinin qorunmasında önəmli rol oynayıb və təsadüfi deyil ki, ölkəmiz həmişə siyasi, mədəni, mənəvi baxımdan türkoloji fikrin mərkəzi olub. O da məlumdur ki, türkdilli xalqların birliyinin daha da möhkəmlənməsində, onlar arasındakı əlaqələrin dərinləşməsində önəmli rol oynayan ideyaların, təşəbbüslərin əsas mərkəzi Bakı olub. O təşəbbüslər, ideyalar Bakıdan Türk dünyasına yayılıb. Bu danılmaz bir həqiqətdir.
Bütün dünyanın koronavirusla mübarizə apardığı, dövlətlərin bir-birilə maraqlanmadığı bir dövrdə Azərbaycan dövləti türkdilli dövlətlərə öz dəstəyini əsirgəmir.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub.
Bu fövqəladə Zirvə görüşü nəticəsində türkdilli dövlətlərin virusla mübarizədə qüvvələrini daha sıx birləşdirmək şansı açılıb. Bu məsələdə isə, qeyd etdiyimiz kimi, təşəbbüskar Azərbaycan dövlətidir.
Aydın Mirzəzadə: “Cənab Prezidentin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi bir daha sübut edir ki, Azərbaycan xüsusilə də türkdilli dövlətlərlə münasibətlərə xüsusi diqqət yetirir”
Millət vəkili, tanınmış politoloq Aydın Mirzəzadə “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan dövlətinin bu təşəbbüsü bütün türkdilli dövlətlər tərəfindən müsbət qarşılanıb. Azərbaycanın təşəbbüsü ilə fövqaladə Zirvə toplantısının türkdilli dövlətlərin pandemiya ilə mübarizədə həmrəy olduğunu göstərən amil olduğunu deyən A.Mirzəzadə hesab edir ki, bu videotoplantı həm də türkdilli dövlətlərin bir-birinə daha yaxından kömək etməsi üçün imkanlar açacaq. “Türkdilli dövlətlər bu gün dünyada sıx əməkdaşlıq edən, bir-birinin möhkəmlənməsi üçün maksimum səy göstərən dövlətlər qrupudur. Dünya üçün problemli bir dövrdə türkdilli dövlətlərin birgə əməkdaşlıq formalarını müzakirə etməsi çox diqqətçəkən bir məsələdir. Aydındır ki, dövlətlərin hamısı təcriddə olduğuna görə budəfəki görüşün onlayn keçirilməsi qərara alınıb. Zirvə toplantının sədr olan Azərbaycan tərəfindən keçirilməsi təşəbbüsü isə bütün türkdilli dövlətlər tərəfindən müsbət qarşılandı. Şübhəsiz ki, Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə əsas müzakirə aparılan məsələ koronavirusla mübarizə ilə bağlıdır. Burada, həmçinin, bu istiqamətdə təcrübələrin bölüşdürülməsi, ehtiyac olarasa, hansısa türkdilli dövlətə birgə kömək məsələsi də müzakirə mövzusudur. Həmçinin, hesab edirəm ki, burada koronavirus təhlükəsi bitəndən sonra dövlətlərin əməkdaşlıq məsələsi də müzakirə mövzularından biridir. İstənilən halda, dünya bəşəriyyət üçün ağır olan bir dövrdə türkdilli xalqların, dövlətlərin həmişə birgə olduqlarının, eyni zamanda, belə çətin günlərdə birləşməyi bacardıqlarının, qardaşlıq, qonşuluq siyasətini uğurla davam etdirdiklərinin bir daha şahidi olur”.
A.Mirzəzadə hesab edir ki, bütün ağır vəziyyətlərdə türk xalqları birləşməyi, bir-birinə dəstək göstərməyi, birgə olmağı bacarırlar. Bu fövqaladə Zirvə görüşünün də belə ağır günlərdə keçirilməsinin türkdilli dövlətlərin birliyindən xəbər verdiyini deyən A.Mirzəzadənin sözlərinə görə, bu özü də dünya üçün bir örnəkdir: “Əlbəttə, bu, başqa dövlətlər, eyni zamanda, digər dil qrupu ölkələri üçün yaxşı bir nümunədir. Azərbaycan istərdi ki, dünyada mehriban qonşuluq və bir-birinə yardım əlini uzatmaq siyasəti bərqərar olsun. Konkret olaraq Azərbaycan öz nümunəsini göstərir, ölkəmiz bu gün türkdilli dövlətlərin hər biri ilə sıx münasibətdədir və birgə maraq doğuran məsələlər həmişə diqqətdə olub. Cənab Prezidentin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi bir daha sübut edir ki, Azərbaycan dost olduğu, xüsusilə də türkdilli dövlətlərlə münasibətlərə xüsusi diqqət yetirir”.
İradə SARIYEVA