Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Zöhrab Mnatsakanyan arasında telefon danışığı olub. Erməni KİV-nin verdiyi məlumata görə, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub. XİN başçıları ölkələrində COVID-19 virusu ilə bağlı vəziyyəti müzakirə ediblər. Bundan başqa, nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, habelə ikitərəfli münasibətlər, KTMT, MDB, Avrasiya İttifaqı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barəsində fikir mübadiləsi aparıblar. Bildirilir ki, XİN başçıları ölkələrində COVID-19 koronavirus pandemiyası ilə bağlı vəziyyəti müzakirə ediblər. Bundan başqa, nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, habelə ikitərəfli münasibətlər, KTMT, MDB, Avrasiya İttifaqı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barəsində fikir mübadiləsi aparıblar.
Erməni mediası qeyd edir ki, müzakirə çərçivəsində qondarma “DQR” ərazisində pandemiyanın yayılması ilə də bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın ərazi vahidinə aid olan ərazidə pandemiya ilə bağlı vəziyyətin iki kənar ölkənin XİN rəhbərinin müzakirə etməsi nə dərəcədə doğrudur və Azərbaycanın iştirakı olmadan belə bir fikir mübadiləsinin aparılması nəyin əlaməti sayıla bilər?
Qabil Hüseynli:“Yaxşı olardı ki, Lavrov bu narahatlığı koronavirusun tüğyan etdiyi zamanda qondarma qurumda keçirilən seçkilər zamanı ifadə edərdi”
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə bir hal doğrudan da olubsa, bunu kəskin qınamaq lazımdır:“Belə məzmunda müzakirənin aparılması heç bir beynəlxalq normaya sığmır. Bu bir daha Dağlıq Qarabağ probleminin yaradılmasında, onun həlli prosesinin dondurulmasında Rusiyanın xüsusi marağının olması ilə bağlı aydın təsəvvür yaradır. Sübut olunur ki, Ermənistan və qondarma qurum hər zaman Rusiyanın xüsusi qayğısı altındadır. Belə xüsusi yanaşma tərzi yalnız bundan xəbər verə bilər. Rusiya öz mövqeyini belə əsaslandıracaq ki, koronavirus pandemiyası bütün bəşəriyyətin bəlasıdır və bu istiqamətdə müzakirələrin aparılmasında hər hansı qəbahət ola bilməz. Lavrov kimi erməni təəssübkeşi olan diplomatdan isə nə desən gözləmək olar. Biz uzun müddətdir ki, onun erməni təəssübkeşi olduğunu aydın görürük. Bunu Azərbaycanın daxili işlərinə müdaxilə kimi dəyərlədirə bilərik. Eyni zamanda bu, həmsədr ölkə kimi Rusiyanın bu problemin həllinə barmaqarası yanaşmanın göstəricisidir. Yaxşı olardı ki, Lavrov bu narahatlığı koronavirusun tüğyan etdiyi zamanda qondarma qurumda keçirilən seçkilər zamanı ifadə edərdi. Bütün dünyada kütləvi tədbirlərin təxirə salındığı zamanda Ermənistan qondarma qurumda “seçki” şousu düzəltdi. Niyə həmsədr ölkənin XİN rəhbəri olaraq beynəlxalq qanunların tapdanmasına münasibətini açıqlamadı? Bütün bunlar bir daha göstərir ki, Rusiya problemin həllində obyektiv mövqe tutmur. Kəskin şəkildə buna etiraz edirəm”.
Məhəmmədəli QƏRİBLİ