Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “seçkilər” keçirməsi beynəlxalq hüquqa ziddir. Ermənistanın qondarma qurumu dünyada “müstəqil respublika” kimi tanıtmaq, qəbul etdirmək iddiası günü-gündən böyüsə də, beynəlxalq aləm Dağlıq Qarabağın Azərbaycan Respublikasının ərazisi olduğunu dəfələrlə təsdiqləyən sənədlər qəbul edib.
Dağlıq Qarabağda keçirilən qanunsuz seçkilərə müxtəlif beynəlxalq qurumlardan reaksiyalar gəlir və həmin qurumlar “seçki”nin nəticələrini tanımadıqlarını bəyan edirlər.
Bu arada ATƏT Parlament Assambleyasının Bürosu Dağlıq Qarabağda keçirilən "seçkiləri" qanunsuz və ictimai sağlamlığa təhlükə adlandırıb. Bu barədə aprelin 9-da ATƏT Parlament Assambleyasının yaydığı açıqlamada qeyd olunub.
ATƏT PA-nın Bürosu qondarma “DQR”də keçirilən “seçki”ni “təhlükəli” adlandırıb, bu təhlükə nədədir?
“Artıq separatçıların “başını sığallamaq” dünyada heç kimə sərf etmir”
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru, siyasi icmalçı Elçin Mirzəbəyli “Bakı-Xəbər”ə mövzunu şərh edərkən bildirdi ki, əslində, separatçı rejimlərə və bütövlükdə, işğal prosesinə qarşı dünyada yanaşma dəyişməkdədir: “Biz bu təzahürləri bundan öncə də ayrı-ayrı beynəlxalq təşilatların və dünyanın aparıcı dövlətlərinin verdiyi bəyanatlarda da hiss etmişik. Xüsuslə də Katoloniya problemi ortaya çıxdıqdan və onun nəticələrinin nə qədər ağır ola biləcəyi Avropa siyasətçiləri üçün müəyyənləşdirildikdən sonra artıq Helsinki Yekun Aktının prinsipləri ilə manipulyasiya etmək ikinci plana keçib. Qondarma rejimin işğal altında olan Azərbaycan torpaqlarında keçirdiyi “seçki”yə gəldikdə isə, bu qanunsuz aksiyaya hazırda daha sərt münasibətin ortaya çıxdığının şahidi olduq. Bu faktor, təbii ki, bir neçə amildən qaynaqlanır. Birinci faktor Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq aləmdə daha tutarlı şəkildə ortaya qoyulmasıdır. Bu xüsusilə də Azərbaycan Prezidentinin Münhen Təhlükəsizlik Konfransında Ermənistanın Baş naziri Nikol Paşinyanla debatından sonra yaranan bir mənzərədir. Bildiyiniz kimi, həmin debatda Ermənistanın bütün informasiya, təbliğat siyasəti tamamilə iflasa uğradı, yeni bir mərhələnin yaranması üçün zəmin yarandı. Bu fakt da rol oynadı, digər tərəfdən, öncə qeyd etdiyim kimi, artıq separatçıların “başını sığallamaq” dünyada heç kimə sərf etmir. Çünki indiki şəraitdə qloballaşma faktoru da arxa plana keçməkdədir və milli dövlətçilik prinsipləri, ənənələri əsas götürülür. Belə olduğu təqdirdə dünyada ayrı-ayrı xalqların torpaqlarını işğal edərək, yaxud orada yaşayan etnik qrupların kiçik “dövlətlər” yaratması düşünürəm ki, artıq heç kimin marağında deyil. Bu həm də geosiyasi bir alət kimi özünüifadə etmək effektivliyini itirməkdədir. Yəni bu da mühüm amillərdən biridir. Digər bir faktorun isə, şübhəsiz ki, dünyada mövcud şəraitdə kifayət qədər çətin və mürəkkəb bir situasiyada Ermənistan tərəfin, eləcə də işğalçı rejimin atdığı addımlar həm danışıqlar prosesinə ciddi zərbə vurur, həm də Ermənistanın özünün, bütövlükdə, təhlükəsizliyini prinsip edtibarilə təhdid etməkdədir”.
İndiki şəraitdə Ermənistanın onsuz da iqtisadi cəhətdən iflasa uğramış durumda olduğunu deyən E.Mirzəbəylinin sözlərinə görə, bu ölkənin ənənəvi himayəçisinin özünün belə ciddi iqtisadi, maliyyə problemləri var. Ekspertin bildirdiyinə görə, dünyada enerji qiymətlərinin kəskin şəkildə düşdüyü bir vaxtda hansısa başqa bir ölkə Ermənistana xüsusi diqqət ayırmaq niyyətində olmayacaq və bu defolt ölkənin iqtisadiyyatını ayağa qaldırmaq üçün çox böyük vəsaitlər lazımdır: “Ermənistan indi heç zaman olmadığı kimi, qonşularından asılı vəziyyətdədir. Regionda da, şübhəsiz ki, iqtisadi, iqtisadiyyatının inkişaf perspektivləri baxımdan ən öndə olan, lider ölkə Azərbaycandır. Ermənistan Azərbaycanla münasibətləri qaydaya salmayacaqsa, regionun güclü və aparıcı dövlətlərindən biri olan Türkiyə ilə də münasibətləri normallaşmaya doğru getməyəcək. İndki şəraitdə qonşu İranda baş verən proseslər də bu ölkəni çətin vəziyyətə qoyub. Belə olduğu təqdirdə İran rejiminin özü də Azərbaycanın və onun ənənəvi müttəfiqi Türkiyənin maraqlarını nəzərə almaq məcburiyyətindədir. Eyni zamanda, Azərbaycan, həmişə olduğu kimi, İrana olan münasibətdə özünün səmimi qonşuluq prinsiplərini ortaya qoyaraq və bu ölkənin də artıq Azərbaycana qarşı, belə deyək, arzuolunmayan hər hansı davranışlarının qarşısının alınması üçün növbəti dəfə bir zəmin yaratdı. İctimai rəy heç bir halda İran rejiminin, tutaq ki, Ermənistana sıcaq münasibətinin tərəfində olmayacaq. Bu da vacib faktorlardan biridir. Şübhəsiz, bu təqdirdə, təbii ki, Ermənistanın atdığı addımlar, ilk növbədə, onun özü üçün təhdidlər yarada bilər və bu proses davam edərsə, genişmiqyaslı hərbi əməliyyatların keçirilməsi də qaçılmaz ola bilər. Bu da nəticədə Ermənistan üçün daha ağır fəsadların yaranmasına gətirib çıxarar”.
Leyla QARAXANLI