Avropa İttifaqı koronavirus pandemiyası ilə mübarizə üçün Azərbaycana 14 milyon avro ayırıb. Bu barədə Avropa Komissiyasının Şərq Tərəfdaşlığı departamentinin direktoru Laurens Meredit Tvitter hesabındakı paylaşımında məlumat verib. Bildirib ki, ittifaq “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrə yeni növ koronavirus pandemiyası ilə mübarizə üçün təcili olaraq 80 milyon, qısamüddətli dəstək üçün 883 milyon avro vəsait ayıracaq. Ayrılan vəsaitdən Gürcüstan 183 milyon, Belarus 60 milyon, Moldova 87 milyon, Ukrayna 190 milyon, Ermənistan 92 milyon avro əldə edəcək. Siyahıdan göründüyü kimi, yardım ayrılan ölkələr arasında miqdarca ən az tranş ölkəmizə yönəldilib.
Bununla bağlı müxtəlif fikirlər səslənir. Bir çoxları bunu ölkəmizin siyahıdakı dövlətlərlə müqayisədə daha böyük iqtisadi imkanlara malik olması ilə izah edir. Bu barədə ekspertlər nə düşünür?
Asif İbrahimov:“Ayrılan vəsaitin azlığını bizim iqtisadi qüdrətimizin daha çox olması ilə izah edirəm”
eynəlxalq idarəetmə üzrə mütəxəssis, iqtisadçı Asif İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, pandemiya ilə mübarizə üçün Aİ “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrə 883 milyon avro vəsait ayırıb:“Bu vəsaitin bölünməsi bir çox kriteriyalar əsasında həyata keçirilir. Siyahıda iqtisadi qüdrəti daha güclü ölkə kimi Azərbaycanı qeyd etmək olar. Söhbət adları siyahıda qeyd olunan ölkələrlə müqayisədən gedir. Çünki bizdə neft , qaz sənayəsi güclü inkişaf edib. Məhz bu pandemiya dönəmində Azərbaycan öz daxili imkanları hesabına bütün sahələrə dəstək paketləri təqdim edib. Bütün bunları hökumətimiz heç yerdən qrant almadan həyata keçirib. Siyahıdakı ölkələrin bir çoxunun siyasi xətləri Avropa Birliyinə üzv olmağa yönəlib. Burada ölkələrin Aİ ilə münasibətlərinin hansı səviyyədə olması da əsas faktor kimi nəzərə alınıb. Həmin ölkələr Aİ-nin öhdəliklərini canla-başla yerinə yetirir. Azərbaycan bu istiqamətdə bir qədər balanslı siyasət yürüdür. Azərbaycan və Belarusdan başqa ölkələrin çoxu Beynəlxalq Ticarət Təşkilatının üzvüdür. Ukrayna və Gürcüstan məhz bu cür yönümlü siyasət yürütdüklərinə görə, Rusiyanın basqı və embarqolarına tuş gəliblər. Nəticədə hər iki ölkənin iqtisadiyyatına ağır zərbələr dəyib. Məhz buna görə də, Aİ hər iki ölkəyə müxtəlif proqramlar çərçivəsində dəstəyini artırır. Biz bunu viza rejiminin asanlaşmasında da görürük. Siyahıda Belarus bir qədər təəccüblü görünə bilər. Onların Aİ ilə münasibətləri yaxşı olmayıb. Amma son zamanlar bu istiqamətdə isinişmə hiss edilir. Azərbaycan antiböhran çərçivəsində büdcədən 2,5 milyard pul ayırıb. Bu, ölkə ÜDM-nin 3,1 faizini təşkil edir. Həmçinin, Aİ-nin ayırdığı ümumi dəstəkdən daha böyük rəqəm sayılır və MDB ölkələri sırasında pandemiya ilə mübarizəyə dəstək vermək baxımından birinci yer deməkdir. Mən əsas olaraq, ayrılan vəsaitin azlığını bizim iqtisadi qüdrətimizin daha çox olması ilə izah edirəm”.
Məhəmmədəli QƏRİBLİ