Təxminən bir il nəticəsiz danışıqlardan sonra Ermənistan hökuməti qazın qiyməti ilə bağlı Rusiya ilə danışıqları bərpa etmək niyyətindədir. Məlum olduğu kimi, əvvəlki danışıqlar Ermənistanın keçən il yanvarın 1-dən etibarən qiymət artımından sonra aldığı qazı eyni qiymətə almağa davam etməsi ilə başa çatmışdı. Başqa sözlə, bu danışıqlar idxal qiymətinin dəyişməz qalması ilə başa çatdı. Beynəlxalq bazarda enerji qiymətlərinin azalmasından sonra hazırkı dövrü Ermənistan hökuməti qazın qiymətinin yenidən müəyyənləşdirilməsi üçün müzakirələr aparılmasına görə əlverişli vaxt hesab edir. Bu məqsədlə Ermənistan Baş nazirin müavini Mger Qriqoryan hökumət adından “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Millerə müraciət edib:“Enerji ehtiyatları, o cümlədən neft və qaz qiymətləri baxımından proqnozları və dünya bazarındakı mövcud vəziyyəti nəzərə alaraq Ermənistana tədarük olunan qazın qiymətinin dəyişdirilməsi ilə bağlı yeni danışıqlara başlamağı məqsədəuyğun hesab edirik. Xüsusilə Ermənistan-Gürcüstan sərhədində qazın qiymətinin azaldılması, eləcə də qaz haqqının milli valyuta ilə ödənilməsi qaydasının yaradılması məsələsinin müzakirəsini məqsədəuyğun hesab edirik”.
Qeyd edək ki, Rusiya tərəfi, hələ ki, Ermənistanın qazın qiyməti ilə bağlı xahişinə cavab verməyib. Ermənistanın bu istiqamətdəki çabalamaları hər hansı nəticəni verə bilərmi?
Elşən Əliyev:“Ermənistanın Rusiyanın müəyyən etdiyi qiymətdən başqa qiymətə qaz ala biləcəyi inandırıcı görünmür”
qtisadçı Elşən Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, Rusiya qaz amilindən, iqtisadi vasitədən daha çox, siyasi təzyiq aləti kimi istifadə edib:“Uzun müddət Ermənistanla Rusiya arasında da bu istiqamətdə anlaşılmazlıqlar olub. Rusiya qazın qiyməti ilə bağlı Ermənistana heç bir güzəşt etmədi. Görünən budur ki, dünyada enerjidaşıyıcılarının qiymətinin enməsi və koronavirus pandemiyasından istifadə edən Ermənistan fürsətçil davranmağa çalışır. Məhz indiki həssas məqamda bu mövzuya qayıtmağa başqa ad vermək olmaz. Əvvəl bu məsələni Paşinyan Rusiya prezidenti Vladimir Putinlə baş tutan telefon danışığı zamanı qabartdı. Erməni tərəfinin verdiyi açıqlamaya görə, telefon danışığı zamanı qaz təchizatı məsələsi müzakirə edilib. Onlar ümidlidilər ki, məsələni Rusiya prezidenti ilə müzakirə edib ortaq məxrəcə gələ biləcəklər. Paşinyan, həmçinin qazın dollarla deyil, rubl ilə alınması təklifini də irəli sürüb. Ancaq görünən budur ki, xahişlər səmərə verməyib. Ardınca Ermənistan müzakirəni Rusiya rəhbərliyi ilə deyil, “Qazprom”la aparmağa başlayıb. Bu il üçün idxal tariflərinə yenidən baxılma perspektivi çox azdır. Tərəflərin razılığı var ki, bu ilin sonuna qədər Rusiya qazı Ermənistana 165 dollara veriləcək. Bu vaxta qədər Ermənistan hakimiyyəti bunu güzəştli bir qiymət hesab edirdilər. Bu qiymət sabitdir və beynəlxalq bazarlarda baş verən dəyişikliklərlə heç bir əlaqəsi yoxdur. Başqa sözlə, qiymətlərin artıb-düşməsindən asılı olmayaraq, bu, Ermənistana verilən qazın qiymətinə təsir göstərə bilməyəcək. Bu baxımdan da, Ermənistanın Rusiyanın müəyyən etdiyi qiymətdən başqa qiymətə qaz ala bilməyəyi inandırıcı görünmür. Çünki başqa alternativ də yoxdur”. Ekspertin sözlərinə görə, müxalifət məhz Rusiya seçiminin üzərində dayandığına görə Paşinyanı sərt tənqid edir:“Alternativ variant kimi İran qazı təklif olunur. Amma siyasi səbəblərə görə Paşinyanın buna gedəcəyi inandırıcı sayılmır”.
Məhəmmədəli QƏRİBLİ