Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejimlə Nikol Paşinyan iqtidarı arasında ziddiyyət, digər məqamlarla yanaşı, koronavirus pandemiyası səbəbindən daha da dərinləşməyə doğru gedir. Məsələ burasındadır ki, artıq bu virusun Dağlıq Qarabağda da yayılmasına görə məhz Nikol Paşinyan ittiham olunur.
Qeyd edək ki, rəsmi məlumatlara əsasən, Qarabağda artıq 5 nəfərdə bu virus tapılıb, onlarla insan karantinə alınıb. Üstəlik, dünya koronavirus epidemiyası ilə mübarizə apardığı vaxtda Ermənistan işğal etdiyi bölgədə “prezident və parlament seçkiləri” keçirdi. Aprelin 14-də isə “prezident seçkisi”nin ikinci turu keçriləcək. Elə Paşinyan iqtidarına qarşı olanları da narahat edən əsas məqamlardan biri məhz budur. Onlar bildirir ki, baş verənlər Ermənistanın hazırki rəhbərliyinin siyasi mübarizədə qələbə qazanmaq istəyinin insan faktorundan daha üstün olduğunu növbəti dəfə nümayiş etdirdi. Burada diqqət həm də ona yönəldilir ki, Cənubi Qafqazda koronavirusun ən çox yayıldığı ölkə Ermənistandır. Burada, rəsmi məlumatlara əsasən, artıq 1000-dən yuxarı yoluxma halı var. Lakin media real rəqəmlərin və ölüm faktlarının gizlədildiyini yazır. Bu durumda Nikol Paşinyan, koronavirus təhlükəsinə rəğmən, keçmiş hakimiyyət üzərində qələbəni tam əldə etmək üçün işğal altındakı ərazilərdə “seçki”nin ilk turunu keçirdi. Yeri gəlmişkən, Qarabağda koronavirusa yoluxma faktını Ermənistan mediası məhz martın 31-də keçirilən “seçkilərlə” əlaqələndirir. Qeyd olunur ki, “seçki” günü Paşinyanın dəstəklədiyi namizədə səs vermələri üçün Ermənistanın müxtəlif yerlərindən Qarabağa əlavə “seçici”lər gətirilib. Virusun işğal altındakı bölgəyə keçidi də məhz belə baş verib.
“Seçki”nin ikinci turunun aprelin 14-də keçiriləcəyi gözlənilir. Növbəti turda birinci turun ən çox “səs” toplayanları iştirak edəcək: separatçı rejimin “baş naziri” Araik Arutunyan və “xarici işlər naziri” Masis Mailyan. Onlardan birincisi Nikol Paşinyana yaxın şəxsdir və sonda Ermənistanın yeni hakimiyyətinin işğal altındakı Qarabağ bölgəsini keçmiş hakimiyyətdən alacağı ehtimalı böyükdür. Amma bu zaman Qarabağa əlavə “seçici”lər göndəriləcəyi fonunda separatçı rejim daxilində koronavirusun daha geniş vüsətlə yayılması gözlənir. Çünki keçən dəfə olduğu kimi, bu dəfə də viruslu xəstələrin Ermənistandan Qarabağa keçməsi proqnozlaşdırılır. Bu əsasda da “Qarabağ klanı” buradakı insanları Paşinyana qarşı çıxarmağa çalışır. Hesab edilir ki, Qarabağda virus geniş yayılsa, buradakı sadə insanlar yaranmış vəziyyətə görə günahkar olan Paşinyana qarşı çıxacaq. Elə “Qarabağ klanı”nın da istəyi budur. Erməni siyasətçi Artur Osipyan da bildirir ki, koronavirus pandemiyasına görə fövqəladə vəziyyət elan olunmalı və “seçki” əvvəldən keçirilməməli idi: “Lakin “seçki”ni keçirdilər, indi də ikinci tura hazırlaşırlar. Fövqəladə vəziyyət elan etməyiblər, amma aksiyanın keçirilməsinin virus təhlükəsinə səbəb olduğunu deyirlər. Ermənistan hakimiyyəti başda olmaqla, bu komanda istəyir ki, saxtakarlığa heç kim etiraz edə bilməsin. Qarabağ erməniləri bunlardan narazıdır”.
Digər tərəfdən, indiki halda Qarabağda “seçkilər”ə dünyanın sərt reaksiyası da erməni tərəfi üçün növbəti zərbə olub. Faktiki olaraq, bu “seçkilər” işğalçı Ermənistan üçün daxili və xarici siyasətdə fiasko ilə nəticələndi. Bu arada məsələyə münasibətini açıqlayan ATƏT Parlament Assambleyasının Bürosu Dağlıq Qarabağda keçirilən "seçkiləri" qanunsuz və ictimai sağlamlığa təhlükə halı adlandırıb. Belə ki, ATƏT PA rəsmi "Tvitter" səhifəsində ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəklədikləri haqqında fikir bildirib və qrupun Dağlıq Qarabağdakı "seçkilər" haqqında verdiyi bəyanatın mətnini paylaşıb. Bunun ardınca ATƏT PA ilk dəfə olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən "seçki"ləri sərt tənqid edib və onu haqlı olaraq qanunsuz adlandıraraq, koronavirus pandemiyası fonunda ictimai sağlamlığa təhlükə kimi xarakterizə edib. Daha əvvəl də dünya ictimaiyyəti tərəfindən məsələyə sərt reaksiya sərgilənib. Məsələn, məlumdur ki, “seçkilər” adı altında keçirilən kütləvi tədbirlərlə əlaqəli bəyanatlardan biri də Avropa İttifaqı tərəfindən verilib. Avropa İttifaqı bir daha xatırladıb ki, bu “seçki”nin baş tutduğu hüquqi baza və konstitusiya tanınmır, Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinə və ya davam edən danışıqlar prosesinin nəticəsinə xələl gətirə bilməz. NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər”in NATO tərəfindən tanınmaması barədə yaydığı analoji məlumatda həmin hadisənin işğal edilmiş ərazilərin statusuna heç bir təsirinin olmamasını qeyd edib. İslam Əməkdaşlıq Təşkilatı da Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər”i tanımadığını və Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində seçkilərin keçirilməsini BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müvafiq qətnamələrinə zidd hesab etdiyini bildirib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası da Dağlıq Qarabağ regionunda qondarma “prezident və parlament seçkiləri”ni pisləyib. Qoşulmama Hərəkatının üzv ölkələri də martın 31-də Azərbaycanın zəbt edilmış bölgəsində keçirilmiş qondarma "seçkilər”i tanımadıqlarını və qanunsuz hesab etdiklərini bildirib, bununla əlaqədar 120 ölkə tərəfindən birlikdə qətnamə qəbul ediblər. Qoşulmama Hərəkatı ərazilərin güc yolu ilə əldə edilməsinin yolverilməz olduğunu vurğulayaraq, Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin heç bir ölkə tərəfindən qanuni tanınmayacağını bəyan edib. Eləcə də Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu Bakı Zirvə Görüşünün Yekun sənədinin 662-ci paraqrafına istinad edərək, Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə və Ermənistanla Azərbaycan arasında münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinə dəstəyini bir daha ifadə edib.
...dünya ictimaiyyəti rəsmi İrəvana “qırmızı kart” göstərir və işğalın, onun nəticələrinin heç vaxt qəbul edilməyəcəyi mesajını verir. Bununla bir daha təsdiq olunur ki, Qarabağ Azərbaycandır.
GUAM ölkələri, Norveç, Böyük Britaniya, Rumıniya, İtaliya da Azərbaycanın işğal edilmiş ərazilərində keçirilmiş qondarma “seçkilər”in tanınmaması barədə qəbul edilmiş bəyanatlarda Dağlıq Qarabağ bölgəsində martın 31-də keçirilmiş qondarma "prezident və parlament seçkiləri”nin qanunsuz olmasını bir daha təsdiq ediblər. Eyni mövqe Çex Respublikası, Estoniya, Latviya, Litva, Bolqarıstan, Finlandiya, Monteneqro, Belçika, İsveç, Xorvatiya, İran və digər ölkələr tərəfindən də sərgilənir, onlar “seçkiləri” qəti şəkildə pisləyir, Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edirlər. Hətta vəziyyət o yerdədir ki, Almaniya Xarici İşlər Nazirliyinin rəsmisi Maykl Seibert açıqlamasında seçkilərin Almaniya hökuməti tərəfindən birmənali olaraq tanınmadığını, atılan addımların yalnız münasibətlərin qəlizləşdirilməsinə yönəldiyini bildirib və Ermənistan hökumətini belə sülhə zidd addımlardan imtina etməyə çağırıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə keçirdiyi brifinqdə məsələyə yenidən toxunaraq bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması separatçı rejimin keçirdiyi “seçkilər”dən asılı deyil:“Rusiya Federasiyası Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır. Onun statusu siyasi danışıqlar yolu ilə müəyyənləşdirilməlidir. Bununla da ATƏT-in Minsk Qrupu məşğul olur. Eyni zamanda, gələcək sülh prosesinin həllinin qeyd olunan hadisədən hər hansı bir şəkildə asılı olduğuna inanmırıq”. Bunlar bir daha onu göstərir ki, Ermənistanın işğalçılıq siyasəti heç bir perspektivə malik deyil və beynəlxalq ictimaiyyət təcavüzkar ölkənin bu cür destruktiv fəaliyyətini qətiyyətlə rədd edir. Dünyanın yekdil rəyi budur ki, Azərbaycanın işğal olunmuş regionunda keçirilmiş qondarma “seçkiləri” heç kim tanınmır və o, qanunsuz hesab olunur. Eləcə də qondarma “seçkilər”in keçirildiyi konstitusional və hüquqi çərçivə tanınmır və beləliklə, “seçkilər” heç bir hüquqi qüvvəyə malik deyil. Bundan əlavə, qondarma “seçkilər”in nəticələri davam edən danışıqlar prosesini və bölgənin statusunu əvvəlcədən müəyyənləşdirmir. Ən əsası isə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə olunur. Münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə dəstək ifadə edilir. Bütün dünyanın işğalçı Ermənistanın “seçki” şousuna etirazı həm də o deməkdir ki, işğal altındakı ərazilərdə seçkilər yalnız Azərbaycan Konstitusiyası çərçivəsində keçirilə bilər.
Qeyd edilənlər həm də onu göstərir ki, dünya ictimaiyyəti rəsmi İrəvana “qırmızı kart” göstərir və işğalın, onun nəticələrinin heç vaxt qəbul edilməyəcəyi mesajını verir. Bununla bir daha təsdiq olunur ki, Qarabağ Azərbaycandır. Ermənistana başa salınır ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün tam olaraq bərpası ilə həll oluna bilər. Bütün bunlar qondarma “seçkilər” təşkil edən Paşinyan iqtidarının, əslində bu prosesdən ciddi zərbə aldığını da bir daha təsdiqləmış olur. Buna görə Paşinyan iqtidarının Ermənistan daxilində də ciddi tənqid hədəfi olması qaçılmaz sayılır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.